DOĞMA YERLƏRİN NİSGİLİ GÖYNƏDİR DİDƏRGİNLƏRİ
UZANIB GEDƏN YOLLAR BİZİ ARZULARIMIZA ÇATDIRACAQ…
Yollar… yollar!… Hava yolu, su yolu, maşın yolu, piyada yolu, ömür yolu, düz yol, əyri yol… Hər yolun bir sonu, bir dayanacaq nöqtəsi… Bu yolların uzanıb gedəni, mənzil başına çatmaq üçün həm qısa, həm də uzun olanı var. Arzulayaq ki, yollarımız asan keçidlərdən keçsin.
İndi isə ürəyimdən elə yollardan söz açmaq keçir ki, onlar hamının arzusu, istəyidir. Bunlar, bizi üzü dağlara sarı, doğma yurd yerlərinə aparan yollardır. Üzü yoxuşa doğru uzanan, kol-kos basmış, bu yolların hər döngəsində pusquda yatmış yırtıcıların hiyləsi durur, o əziz yerlərlə görüşümüzü çətinləşdirir.
Şəhərimizdən dağlara sarı uzanan yolun başlanğıcındayam. Xəyalım yenə pərən-pərən olub. Yaxın keçmişimizlə dərdləşirəm. Gözümün önündə hələ yeni-yetmə çağlarımda gördüyüm cığırlar, sağ tərəfdə meşələr, sıldırım qayalar, sol tərəf də isə zəhmətlə tikilmiş kənd evləri, salınmış bağbağatlar canlanır. Qayaların arasından süzülüb axan bulaqların üstündə ayaq saxlamadan, onların suyundan içməyib keçmək günah sayılardı. Hərəsinin öz adı, öz dadı varıydı… Axşam, səhər gül-çiçəyə bələnmiş yal-yamaca qoyun-quzu sürüsü yayılardı, itlərin hürüşü, mal–qaranın böyürtüsü sanki bir əfsanəni, nağılı xatırladırdı. Dərdli xəyalların ağuşuna aldığı bir anda yanımdan üzü yuxarı şütüyən maşının səsi məni diksindirdi, səksəndim, çaşdım, qap-qara uzanıb gedən şüşə kimi asfalt yolla irəli qaçmaq istədim. Sevincdən gözlərim doldu. ”Nə yaxşı açıldı bu yollar!”–pıçıldadım. Yol çəkilib, yol açılıb. Lakin yurd yerlərinə, bulaqların üstə deyil, qaçqınlar üçün yeni salınmış şəhərciyə aparır bu yol. Buna da şükür! Gəlişimdə məqsəd qaçqınlar üçün yeni tikilmiş, hər cür şəraiti olan binaları, evləri görmək, buradakı sakinlərin güzəranları ilə tanış olmaqdır. Yaxşı bilirəm ki, şəhərciyin sakinləri Laçının, Ağdamın, Ağdərənin və Kəlbəcərin vətəndaşlarıdır. Onlar daim əkinçiliklə, maldarlıqla məşğul olmuş, toyuq-cücə saxlamış, öz zəhmətləri ilə dolanan insanlar idilər. Bəs indi nəylə məşğuldurlar? Dəstə-dəstə dayanmış sakinlərin söhbətlərinə qulaq kəsilirəm. Eşitdiklərimdən qənaətə gəlirəm ki, şəhərciyə köçürülmələrindən məmnundurlar. Dövlət başçısına və rayon rəhbərinə minnətdarlıqlarını ifadə edirlər. Lakin səhər-axşam gözlərini üzü dağlara uzanıb gedən yollara dikdiklərini də gizlətmirlər.
Buradakıların hər biri o yolları getməyin həsrətindədir. Bu yollar onları öz ev-eşiklərinə çatdıra bilər, bu yollar onları yağı əlində qoyub gəldikləri bulaqların üstünə apara bilər. İnanırlar ki, yaxın gələcəkdə uzanıb-gedən, bu yollar onları gecə-gündüz xəyallarındakı obalara-ellərə, həsrətini çəkdikləri bulaqlar üstünə aparacaq. Arzuların xəyal deyil, gərçək olması ümidilə getdiyim yollardan geri dönürəm. İnanıram ki, bu yollar onları arzulanan məkana çatdıracaq.
Elfuzə VƏLİYEVA