Redaksiyada Laçın qaçqını Əliyev Kamal İbrahim oğlu ilə söhbət edirik. Kamal ixtisasca müəllimdir. Atası İbrahim kişi də uzun müddət yaşadıqları Laçın rayonunun Zerti kəndində müəllim, məktəb direktoru işləyib. Kamal müəllim deyir:
–Kəndimiz təbiətin gözəl bir guşəsində qərar tutmuşdu. Alt tərəfi düzənlik, üst tərəfi isə dağlar və sıx meşəliklərdən ibarət idi.
Ailədə 10 nəfər idik. Laçında gözəl şəraitimiz – ev-eşiyimiz, 11 başdan çox mal-qaramız 30-40 xırdabuynuzlu heyvanımız, 100-ə yaxın arı ailəsi vardı. Bir sözlə, dağ şəraitində insana nə lazımdırsa, onun hamısı bizdə vardı.
Laçın işğal olunanda ailəmizlə birlikdə yaxınlarımız–5 ailə 1 maşına yığılıb çətinliklə də olsa Ağdamın Quzanlı kəndinə gəldik. 3-4 ay orada qalandan sonra həmin ilin avqust ayının sonunda Şıxarx qəsəbəsinə köçdük. Orada atamla birləşib məktəb təşkil etdik. Dörd il orada işləyəndən sonra atam bu dərdə dözməyib elə Laçın deyə-deyə dünyasını dəyişdi.
2016-cı ilin aprel hadisələri başalayanda ermənilər səhər saatlarında Şıxarxı raketlərlə atəşə tutdular. Yaşadığımız evin lap yaxınlığına 5-6 mərmi düşəndə məcbur qalıb buranı da tərk etdik. Evdən çıxandan 5-10 dəqiqə sonra xəbər gəldi ki, evinizə mərmi düşüb, oranı darmadağın edib. Oradan qızımın yaşadığı Bərdənin Kətəlparaq kəndinə gəldik. İkinci qaçqınlıq həyatımızı yaşamalı olduq. Müvəqqəti olaraq Kətəlparağa gəlsək də, Şıxarxdakı yanıb dağılmış evimizə tez-tez baş çəkirdik. Evi düzəltmək istəyirdik, amma imkanımız yox idi.
Tərtər rayonunun icra başçısı Müstəqim Məmmədov evimizin yanıb dağılması xəbərini eşidəndən sonra Ombudsman Elmira Süleymanova ilə birlikdə Şıxarxa gəldi. Vəziyyəti gözləri ilə gördülər. Ölkə Prezidenti İlham Əliyevin tapşırığı ilə ailəmizə 4 otaqlı ev tikildi, bizə dövlət tərəfindən 5 min 80 manat pul verildi.
Şəraitimiz normal olsa da, Laçını, anadan olduğum Zeyti kəndini bir an da unuda bilmirəm. Nə vaxtsa o yerlərə qayıtmaq arzusu ilə yaşayıram.
Söhbəti qələmə aldı: Əvəz NƏSİROV