Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 13İyn

    Uca dağlar başında qərar tutan Kəlbəcər rayonu 1993-cü il aprel ayının 2-dən Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.
    Dağlıq Qarabağ ərazisindən xeyli kənarda yerləşən Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində əliyalın dinc əhaliyə vəhşicəsinə divan tutulub, yerli əhali min illər boyu yaşadığı ata-baba torpaqlarından qovularaq didərgin salınıb.
    Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və həmçinin Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Təəssüflər olsun ki, indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.
    Kəlbəcər rayonunun əhalisi Azərbaycan Respulikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq, 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanıb. İşğal nəticəsində Kəlbəcərdən 53 min 340 nəfər adam qovulmuş, 511 nəfər dinc əhali öldürülmüş, 321 nəfər isə əsir götürülmüş və itkin düşmüşdür.
    * * *
    Kəlbəcər rayonunun işğalı ilə bağlı bir ailə ilə görüşüb söhbət etmək üçün Şıxarx qəsəbəsində yeni salınmış şəhərcikdə olduq.
    Öyrəndik ki, Eldar Şəmilovun ailəsi 1993-cü il martın 31-də yaşadığı Sınıx kilsə kəndindən gecəynən Murov yolu ilə gəlib Tərtərin Aşağı Sarıcalı kəndindəki uşaq bağçasında məskunlaşıb. 25 il burada 4 nəfər ailə üzvü ilə qaçqınlıq həyatı sürüblər.
    Eldar kişi həyat yoldaşı Almaz xanımla birlikdə bizi şəhərcikdəki yeni aldıqları mənzilə dəvət etdilər. Ailənin 3 övladı – 2 qızı və 1 oğlu var. Oğlu Sərdar bir neçə aydır ailə qurub. Burda ailəyə 3 otaqlı mənzil verilib. Eldar kişi ilə həyat yoldaşı Almaz xanım bu şəraitə görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.
    Söhbət zamanı Eldar kişi dedi ki, Kəlbəcər işğal olunmamışdan çox yaxşı yaşayırdıq. Gözəl evlərimiz, çoxlu mal-qara və qoyun-quzumuzun hamısı Kəlbəcərdə qaldı. Canımızı götürüb zorla qaçdıq.
    Beləliklə Kəlbəcər işğal olunmadı, şəhid oldu.
    Evdə daha bir nurani yaşlı nənə ilə görüşdük. Üz-gözündən əsl Azərbaycan nənələrinə xas olan abır-ismət yağırdı.
    Almaz xanım dedi ki, nənəmdir, 80 yaşındadır. 8 nəvəsi, 6 nəticəsi var. İndi də nəvəsinin biri ilə ona 1 otaqlı ev veriblər. Həyat yoldaşı Əli Mürsəlov 1993-cü ildə Kəlbəcərin işğalı zamanı şəhid olub.
    Əzəsdə nənə kövrəlib, gözünün yaşını silir və söhbətimizə qoşulur:
    –Allah Prezidentimizi qorusun. O da atası Heydər Əliyev kimi daim həm-vətənlərinin yanındadı. Gördüyünüz bu gözəl şəraiti də bizə o yaradıb.
    Nənə danışıb yenə kövrəldi. Deki ki, oğul, bizə nə qədər gözəl şərait qurulsa da, o dağlarmızı, o yerlərin havasını, sərin bulaqlarını unuda bilmərəm. Yəqin bu da bizim alın yazımız imiş, gəldi başımıza.
    Həmin gün bizim bir qacqın ailəsi ilə görüşüb söhbət etməyimiz həm onları, həm də bizi məmnun etdi.

    Mirzə NƏSİR

    Müəllif: Redaktor, 10:16

    Teqlər:

İsmarıclar bağlıdır.