1919-cu ilin sonunda Azərbaycan Xalq Cümhuriyyəti hökuməti təhsil sahəsində bir sıra islahatlar həyata keçirdi. İbtidai və orta məktəblər üçün dərslik nəşr edilmişdi, ölkənin müxtəlif bölgələrində seminariyalar açılmışdı, Bakı Dövlət Universiteti təsis edilmişdi və Kənd Təsərrüfatı İnstitutunun yaradılması haqqında qanun qəbul olunmuşdu. Universitetin açılmasını məhdudlaşdırmadan, ölkədə elm və təhsilin inkişafına xüsusi diqqət yetirən Cümhuriyyət hökuməti, milli kadrlar ha-zırlamaq üçün yollar axtarırdı.
Çətin hərbi-siyasi vəziyyətə baxmayaraq, azərbaycanlı gənclərin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qərar verilmişdi. Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın nailiyyətlər siyahısını sayanda, qeyd edirdi: “Müxtəlif sahələrdə ali təhsil üçün—memarlıq və etnologiyadan tutmuş təyyarə və gəmiqayırmaçılığa qədər dövlət hesabına 100-ə yaxın azərbaycanlı tələbə Avropanın ən yaxşı məktəblərinə göndərilib”. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Qərbi Avropa, Rusiya və Türkiyədə ali təhsil almaq üçün seçilmiş Cəmiyyətin müxtəlif təbəqələrindən təxminən 100 tələbə xaricə göndərilmiş, Təhsil Nazirliyinə isə buna görə 7 milyon rubl təsis edilmişdi.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra, Qırmızı Ordunun ölkəyə girişi nəticəsində ölkənin sovetləşməsinə baxmayaraq, tələbələr təhsilini davam etdirmişdir. Təhsilini bitirdikdən sonra, tələbələrin əksəriyyəti Azərbaycana dönmüş, zavod rəhbərləri və neft yataqlarının idarəçiləri kimi əhəmiyyətli uğurlar əldə etmişlər. Onların bəziləri hətta Lenin ordeni kimi dövlət mükafatları ilə təltif olunmuşdur.
Lakin 1930-cu illərdə tələbələrin bir qismi, Azərbaycan müstəqilliyinin bərpa edilməsi və Almaniya üçün casusluq ittihamı ilə repressiyaya uğramışdır.
Anar ƏLİYEV,
“Azərkredit”in Tərtər nümayəndəliyinin meneceri