Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 29May

    AZƏRBAYCAN MULTİKULTURALİZMİ DÜNYAYA NÜMUNƏDİR

    …Biz istəyirik ki, dünyada müsbət meyillər üstünlük təşkil etsin. Biz istəyirik ki, dinlərarası əlaqələr normal, sağlam məcrada olsun. Əks-təqdirdə, dünyada parçalanma meyilləri daha da güclənəcək. Biz onu görürük. Hazırda dini, milli zəmində məzhəb əsasında qarşıdurmalar, qanlı toqquşmalar dünyanı fəlakətə aparır. Əlbəttə ki, ölkəmizin dünya xəritəsindəki coğrafi yeri o qədər də böyük deyil. Amma gördüyümüz işlər çox böyükdür. Biz bundan sonra da bu istiqamətdə səylərimizi göstərəcəyik.

    İlham ƏLİYEV,
    Azərbaycan Respublikasının Prezidenti

    HƏMRƏYLİK
    Bu il aprelin 11-də rayonumuzda adi günlərdən tamamilə fərqli, gözəl bir bayram günü yaşandı. Səhər saatlarından başlayaraq seçki məntəqələrinə yüzlərlə insan axışıb gəlirdi. Onların arasında azərbaycanlılarla yanaşı ruslar, ukraynalılar, beloruslar, yəhudilər və ləzgilər də vardı. Ölkəmizin hər bir bölgəsində olduğu kimi, Tərtərdə də onlar mehribançılıq şəraitində yaşayırlar.
    95 saylı Tərtər Seçki Dairəsinin 2 saylı seçki məntəqəsində milliyətcə ukraynalı olan 78 yaşlı Qalina Yanko ilə görüşüb söhbət etdik. O dedi:
    –Böyük Vətən müharibəsi zamanı valideynlərimi itirmişəm. Lənkərandakı uşaq evində böyümüşəm. Azərbaycan xalqının humanistliyi məni və yüzlərlə mənim kimi müharibə qurbanını ölümün pəncəsindən xilas edib. Bu gün Azərbaycan çox güclü bir dövlətdir. Burada bütün dinlərin və millətlərin nümayəndələrinə eyni münasibət göstərilir, eyni şərait yaradılır. Buna görə də biz cənab İlham Əliyevə səs verməklə, əmin-amanlığa, sabitliyə, övladlarımızın xoşbəxt gələcəyinə səs veririk.
    Azərbaycanda tarixən bütün dinlərin və millətlərin nümayəndələrinə humanist münasibət göstərilib. Amerikada çıxan “Yewich Yournal” nəşrində dərc olunmuş Azərbaycan yəhudi icmasının rəhbəri Milix Yevdayevin “Antisemitizmə qarşı mübarizədə və mükəmməl cəmiyyət quruculuğunda həmrəyliyin gücü” sərlövhəli məqaləsində qeyd olunur ki, 2017-ci ildə təkcə Birləşmiş Ştatlarda antisemitizm halları əvvəlki ildəkinə nisbətən 60 faiz artıb. Azərbaycanda müşahidə olunan konfessiyalararası və mədəniyyətlərarası harmoniya və tolerantlıq modeli dünyanın qalan hissələrində də tətbiq edilməlidir.
    Milix Yevdayev bildirir ki, əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycanda yəhudi müllətindən olan parlament üzvləri ölkə vətəndaşlarını bərabər hüquqla təmsil edirlər. Azərbaycanda yəhudi mətbəxi yeməklərini şagirdlərə pulsuz təklif edən ümumtəhsil məktəbləri, ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən tikilmiş və yenidən qurulmuş gözəl sinaqoqlar var. Təəccüblü deyil ki, bu yaxınlarda keçirilən seçkilərdə İlham Əliyev seçicilərin böyük əksəriyyətinin səsini toplayaraq yenidən Prezident seçildi. Bu da təəccüblü deyil ki, ölkənin yəhudi icmasının hər bir nümayəndəsi İlham Əliyevə səs verib.
    Məqalədə deyilir ki, Holokost dövründə Azərbaycan yəhudi qaçqınlar üçün sığınacaq yeri olub və nasistlərə qarşı yorulmadan mübarizə aparıb.
    HUMANİZM XALQIMIZIN MENTALİTETİ, HƏM DƏ DÖVLƏTİMİZİN SİYASƏTİDİR
    Tolerantlıq, başqa millətlərin və dinlərin nümayəndələrinə qarşı insanpərvərlik, dözümlülük Azərbaycan xalqının menta-litetindən, qədim adət-ənənələrindən gələn bir xüsusiyyətdir. Bu, həmçinin dövlətimizin həyata keçirdiyi siyasətdir.
    Cəmi 23 ay yaşamasına baxmayaraq, Xalq Cümhuriyyəti də bu sahədə müəyyən addımlar atmışdır. Belə ki, dövətçilik tariximizdə ilk Konstitusiya aktı olan İstiqlal Bəyannaməsində dini, sinfi, silki və cinsi mənsubiyyətindən asılı olmayaraq, hər kəsə bərabər şəraitin yaradılması ideyası öz təsbitini tapmışdır. Bu Bəyannamədə eləcə də Azərbaycanda yaşayan bütün konfessiya nümayəndələrinin parlamentdə təmsil olunacağı göstərilmişdir. İlk parlamentimiz 80 müsəlman, 10 rus, 1 alman və 1 yəhudi millət vəkili əsasında formalaşmışdır.Parlamentdə həmçinin 21 erməni nümayəndəsi də təmsil olunmuşdur.
    Məlumdur ki, çar Rusiyası azərbaycanlıların milli azadlıq hərəkatını boğmaq məqsədi ilə milli qarşıdurma və dini məzhəb ayrılığı faktorlarından çox məharətlə istifadə etmişdir. Belə ki, 1872 və 1917-ci illərdə imperiya tərəfindən azərbaycanlıları şiə və sünni olmaqla məzhəblərə parçalayan qərəzli sərəncamlar verilmiş, onların ayrıca ruhani idarələri yaradılmışdır. 1918-ci il sentyabr ayının 1-də ilk olaraq ruhani rəhbərlər tərəfindən şiə və sünnilərin “Məşixət” adı altında vahid idarədə birləşməsi çarizmin məzhəb ayrılıqlarından istifadə edərək, Azərbaycan dindarları arasında ədavət yaratmaq niyyətlərinin iflasa uğradığını göstərmişdir.
    Maraqlıdır ki, Xalq Cümhuriyyəti dövründə bütün ibtidai məktəblərdə qeyri-müsəlman şagirdlər üçün din və onların ana dilinin tədrisi tətbiq edilmiş, bu tədris üçün xərcləri dövlət öz üzərinə götürmüşdür. Həmçinin xalq maarifi naziri yəhudi məktəbinin rəhbəri Y.Baysbanda təşkil etdiyi yəhudi dili, yəhudi xalqının tarixi və ədəbiyyatı kurslarına dinləyici yazdırmağa icazə vermişdir. Azərbaycan hökuməti tərəfindən alman koloniyalarında fəaliyyət göstərən məktəblər də dəstəklənmişdir. Belə ki, alman koloniyalarındakı müəllimlərin hər birinə hər ay 90 rubl məvacib verilmişdir.
    AXC hökuməti Bakı Rus Pravoslav Kilsəsinə, Baptist və Molokan dini cəmiyyətlərə, yəhudi ravvinliyinə yardımlar gös-tərmiş, onların fəaliyyətinə şərait yaratmışdır. Həmin dövrdə digər dinlərin və millətlərin nümayəndələri öz milli və dini bayramlarını azad şəkildə qeyd etmişlər.
    NİGARANÇILIQLARA VƏ BƏDBİNLİYƏ SON QOYULDU
    Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra ilk illər ölkəmizdəki parçalanma, xaoc və anarxiya mühiti digər dəyərlər kimi milli münasibətlərə də kölgə salmışdır.
    O illərdə baş verən çətin və ziddiyyətli hadisələr əsrlər boyu bu torpaqda yaşayan insanların taleyini çətinləşdirirdi. Ölkəni tərk etmək məcburiyyəti qarşısında qalanlar üçün bu, çox ağır bir çıxış yolu idi.
    Axı, onların hər biri Azərbaycanı doğma vətənləri hesab edirdilər. Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov, Bakıdakı 20 Yanvar hadisələri zamanı həlak olmuş digər millətlərin nümayəndələri bunu öz əməlləri ilə sübut etmişlər.
    1993-cü il oktyabrın 10-da keçirilmiş prezident seçkiləri bütün bu nigarançılıqlara, bədbinliyə son qoydu. Ulu öndərin ölkə seçicilərinin 95 faizindən çoxunun səsini qazanaraq inamlı qələbə əldə etməsi bu ölkənin hər bir vətəndaşının – azərbaycanlılarla yanaşı rusun, ukraynalının, yəhudinin, ləzginin, bir sözlə, hamının arzusunu reallaşdırdı. “Gedim”, yaxud “qalım” dilemması ilə yaşayan qeyri millətlərin nümayəndələri ulu öndərin oktyabrın 10-da andiçmə mərasimindəki nitqində öz suallarına cavab tapdılar. Həmin nitqində Heydər Əliyev demişdir: “Azərbaycan çoxmillətli respublikadır. Bu, respublikanın səciyyəvi cəhətidir. Bunun böyük tarixi var və bu tarixlə, respublikanın bu ictimai–siyasi mənzərəsi ilə biz fəxr edirik. Respublikamızda bütün vətəndaşlar dini və milli mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqa malikdirlər və bundan sonra da bütün vətəndaşların bərabər hüquqla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında iştirak etməsi üçün imkanlar yaradılacaqdır”.
    Ulu öndər tolerantlıq sözünün mənasını çox geniş şəkildə izah edirdi. O bildirirdi ki, tolerantlıq münaqişələrin, terroriz-min, ekstremizmin, separatizmin olmamasını tələb edir. Bunlar hamısı tolerantlıq anlayışına daxildir.
    Həmin illərdə Azərbaycanın rusdilli əhalisi Moskvaya, Rusiya Prezidentinin ünvanına göndərdikləri yüzlərlə teleqramda Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini qətiyyətlə pisləyir, Rusiyanı Ermənistanın silahlanmasını dayandırmağa çağırırdılar. “Bakinckiy raboçiy” (23.04.1998,№74,22997) qəzetində dərc olunan teleqramlarda Cəlilabaddan Rus icmasının sədri Lyubov Danilova, Bakı Elektron Hesablama Maşınları zavodunun işçiləri Lopatin, Aqarkova, Belousova, Bakı Dəri Məmulatları zavodunun işçiləri Vladimir Orlov, Mariya Vdovenko və başqaları bildirirdilər ki, Azərbaycanda yaşayan 350 minlik rus icması bu müharibəni lənətləyir. Onlar deyirdilər ki, Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsində azərbaycanlılarla yanaşı bizim oğullarımız da vuruşub və həlak olublar. Azərbaycan bizə Vətən olub. Bu torpaqlarda bizim əcdadlarımızın və Azərbaycanın müdafiəsinə qalxmış bir çox millətlərdən olan oğulların məzarları var.
    Hər bir teleqramda qədim Azərbaycan torpağında sakitliyin, sülhün və əmin-amanlığın bərqərar olunması arzusu ifadə edilirdi.
    Xalqımızın bütövlüyü və birliyində dinin mühüm rola malik olduğunu diqqətə çatdıran Ümummilli Lider deyirdi: “Azərbaycanda nəinki din azadlığı var, həm də müxtəlif dinlərin birlikdə fəaliyyəti mövcuddur”.
    DÜNYA TƏHLÜKƏSİZLİYİNƏ TÖHFƏLƏR
    Hazırda Yer kürəsinin bir çox ölkələrində münaqişələr, müharibələr, terrorlar, dini ekstremizm tüğyan etdiyi bir zaman dinlərarası, millətlərarası münasibətlərin yüksək səviyyədə qurulması xüsusilə aktualdır.
    Bu baxımdan müasir, qüdrətli Azərbaycanda mövcud olan multikulturalizm modeli indi bütün dünya üçün nümunədir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş tolerantlığın dövlət strategiyası hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Bütün Qafqazın Şeyxi Şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycanda multikulturalizm və dini tolerantlıq siyasətindən danışaraq demişdir: “Ölkəmizdə demokratik-hüquqi prinsiplərin, din və vicdan azadlığının ardıcıl həyata keçirilməsinin təminatçısı olan möhtərəm dövlət başçımızın qayğı və diqqəti sayəsində dini baxışından asılı olmayaraq, bütün vətəndaşlara bərabər münasibət bəslənilir, ayrı-seçkiliyə yol verilmir, insanlara dini ayinləri yerinə yetirmək üçün şərait yaradılır. Məhz Azərbaycanda dini sahəyə münasibətdə yürüdülən müdrik siyasətin nəticəsidir ki, dünya ictimaiyyəti, o cümlədən nüfuzlu beynəlxalq təşkilatlar, habelə dünya miqyasında tanınmış dini liderlər ölkəmizin sülhpərvərliyini, tolerantlığını, başqa dinlərlə dialoqa hazırlıq ruhunu etiraf edir, bunu yüksək dəyər kimi qiymətləndirirlər”.
    Azərbaycan təkcə müxtəlif beynəlxalq təşkilatlara üzv olmaqla kifayətlənmir. Son illər ölkəmiz dünya təhlükəsizliyinə öz töhfələrini verir. Bakıda bir-birinin ardınca sivilizasiyalar, mədəniyyətlər və dinlər arasında əməkdaşlığa və dialoqun təşkilinə aid mötəbər beynəlxalq tədbirlər təşkil edilir. Buna misal olaraq Azərbaycanın təşəbbüsü ilə başlanan və BMT, UNESCO, Avropa Şurası, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı və İSESKO kimi beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən Dünya Mədəniyyətlərarası Dialoq Forumunu misal göstərmək olar.
    Millətlərarası və dinlərarası münasibətləri daha da yaxşılaşdırmaq məqsədi ilə 2016-ci il Azərbaycanda “Multikulturalizm ili”, 2017-ci il isə “İslam həmrəyliyi ili” elan olunmuşdur.
    Azərbaycanda dini tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsində, milli-mənəvi dəyərlərimizin təbliğində Azərbay-canın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın misilsiz xidmətləri var. Mehriban xanım dünyanın ən yüksək tribunalarından Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqla, humanizm, sülhsevərlik, insanpərvərlik ideyalarının geniş yayılmasına nail olur. O, bu barədə deyib: “Əsrlər boyu Azərbaycanda müxtəlif etnik qruplar və dinlər sülh, harmoniya və qarşılıqlı hörmət şəraitində birgə yaşayıblar. Etnik və dini müxtəliflik və multikulturalizm sadəcə dövlət siyasətimiz deyil, eyni zamanda bizim həyat tərzimizdir. Bu, bizim tariximizdir və günümüzün reallığıdır. Biz dünyəvi, multikultural və çoxkonfessiyalı cəmiyyətik və bundan qürur duyuruq”.
    Ölkəmizdə yaşayan çoxlu sayda qeyri millətlərin nümayəndələri də Azərbaycanın bərabər hüquqlu vətəndaşları olmaqla, bugünkü qüdrətli Azərbaycanla fəxr edirlər.

    Svetlana BAĞIROVA
    (Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün)

    Müəllif: Redaktor, 10:50

    Teqlər:

İsmarıclar bağlıdır.