KEÇMİŞİMİZİ QORUYAN MƏBƏDLƏR
Hər il mayın 18-ni dünya mədəni ictimaiyyəti Beynəlxalq Muzeylər Günü kimi qeyd edir. Bu gün 1977-ci ildə Beynəlxalq Müzeylər Şurasının 11-ci konfransında Sovet nümayəndə heyətinin təklifi ilə təsis olunmuşdur. 1978-ci ildən etibarən bu bayram hər il 150-dən çox ölkədə qeyd edilir. Həmin gün Rusiyanın bütün müzeylərində “açıq qapı” elan olunur. Bütün arzu edənlər pulsuz olaraq sərgi və ekspozisiyalarla tanış olurlar.
“Muzey” yunan sözü olub, “muzalar məbədi” deməkdir. Muzalar qədim yunan mifologiyasında incəsənət və elm ilahələri hesab olunurdular. Sonralar maddi və mənəvi mədəniyyət abidələrini komplektləşdirən, saxlayan, mümayiş etdirən, tədqiq və təbliğ edən elmi müəssisələr bu adla adlandırılmışdır.
Dünyada ilk muzey Ellin dövründə qədim Misirin paytaxtı İsgəndəriyyə şəhərində yaradılmışdır. Burada 40.000-dən artıq eksponatlar–sikkələr, heykəllər, sarkofaqlar, gil qablar, papiruslar və bir-birindən gözəl təsviri sənət nümunələri toplanmışdır. Bu eksponatlar qədim misirlilərin həyatı, məişəti, mədəniyyəti, eləcə də yunan-Roma mədəniyyətləri haqqında zəngin məlumatlar verir.
İndi dünyada muzeylər çoxdur. Onlardan ən məşhurları Parisdə Luvr muzeyi (Fransa), Londonda Viktoriya və Albert muzeyi (Böyük Britaniya), İstanbulda Topqapı muzeyi (Türkiyə) və Sankt-Peterburqda Ermitajdır (Rusiya).
Azərbaycanda muzey işinin tarixi çox da qədim deyil.
İlk milli muzeyin yaradılması Azərbaycan Xalq Cümhuriyyəti dövrü ilə bağlıdır. 1919-cu il dekabrın 7-də “İstiqlal” muzeyi fəaliyyətə başladı.
Muzeyin təsisi ilə əlaqədar “Azərbaycan” qəzeti (1919, 23 sentyabr) yazırdı: “Sənələrdən bəri bəslədiyimiz bir arzu var ki, o da vətənimiz Azərbaycanda bir milli muzey təsisidir.
Sabiq Rusiya zamanında təsis edəcəyimiz muzeyin adını “milli muzey” qoymaq fikrində idiksə də, bu gün fərdimizin köksünü qabardan istiqlal şüarı olmasına görə “İstiqlal muzesi” olmasını əhəmiyyətli görürsüz ”. Muzeydə tariximizi, milli-mənəvi dəyərlərimizi əks etdirən eksponatlar–məişət əşyaları, silahlar və əlyazmalar toplanmışdır. Muzeyin təşkili və fəaliyyəti ilə bağlı bütün xərclər Azərbaycan Parlamenti Rəyasət Heyətinin hesabında idi. Aprel işğalından sonra “İstiqlal” muzeyinin eksponatları yeni təşkil olunmuş Azərbaycan Dövlət Muzeyinə verildi. Sonralar eksponatların bir hissəsi (o cümlədən, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı, “İstiqlal Bəyannəməsi”nin əsli, Azərbaycan Parlamentinin materialları və s) Moskvadakı “İnqilab” muzeyinə aparıldı.
Sovet hakimiyyəti illərində respublikada muzeylər şəbəkəsi daha da genişlənmişdi. Nizami adına Ədəbiyyat muzeyi, Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənət Dövlət Muzeyi. Azərbaycan Tarix muzeyi, Xalq Maarifi muzeyi, əksər rayon və şəhərlərdə tarix-diyarşünaslıq muzeyləri, elm və mədəniyyət xadimlərinin ev rayon muzeyləri və s. bu qəbildəndir. Qarabağın zümrüd tacı olan Şuşa şəhərində 1892-ci ildə “Yaşıl Aptek muzeyi” yaradılmşdır. Ulu Öndər də bu muzeyi ziyarət etmişdir.
28 noyabr 2017-ci il tarixdə möhtərəm Prezidentimiz İlham Əliyevin iştirakı ilə rayonumuzda 1800 kvardratmetr ərazisi olan yeni tarix-diyarşünaslıq muzeyi istifadəyə verildi. Hazırda muzeydə 1800 əşya vardır. Onların 150-si birinci mərtəbənin ekspozisiya zalında sərgilənib. Tərtərin flora və faunası, kənd evi, Nubar Mədətli tərəfindən hədiyyə olunmuş bir əsr yaşı olan xalça da birinci mərtəbədə yerləşir. İkinci mərtəbədə Qarabağ müharibəsini əks etdirən və ilk Cümhuriyyət qurucularından biri Behbud ağa Cavanşirə həsr olunmuş sərgilər yerləşir. Ziyarətçilər tərəfindən bu sərgilər maraqla qarşılanır. Bu ilin əvvəlindən indiyədək 15 ekskursiya tədbiri keçirilib.
Azərbaycan Respublikası Prezidentinin “Muzey işinin yaxşılaşdırılması haqqında” 6 mart 2007-ci il tarixli Sərəncamını əldə əsas tutaraq muzey işini günün tələbləri səviyyəsində qurmağa çalışırıq.
Aybəniz MƏMMƏDOVA
Tərtər Tarix-Diyarşünaslıq
Muzeyinin direktor əvəzi