Rayon mədəniyyət mərkəzində keçirilən konfransda əvvəlcə ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş olunub. Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, böyük siyasi xadim Heydər Əliyev Azərbaycan tarixinə Qurtuluş mübarizəsinin qalibi kimi daxil olub. Azərbaycanın dövlətçilik tarixində ən şanlı və parlaq səhifələr ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərə təsadüf edir. İqtisadiyyatın yenidən qurulması, kənd təsərrüfatının dirçəlişi, peşəkar ordunun yaranması, təhsil, səhiyyə, mədəniyyət, incəsənət sahələrinin tərəqqisi, hüquqi dövlət quruculuğu onun adı ilə bağlıdır. Diqqətə çatdırılıb ki, 1969-1982-ci illərdə ulu öndərin apardığı uğurlu islahatlar nəticəsində Azərbaycan keçmiş ittifaq respublikaları arasında birinci sıralarda yer alıb. Əslində, müstəqil Azərbaycanın indiki iqtisadi inkişafı, sosial tərəqqisi və ictimai-siyasi sabitliyin davamlılığı həmin illərdə ümummilli lider tərəfindən müəyyən edilmiş kompleks islahatlar strategiyasının, düşünülmüş uzunmüddətli siyasi kursun davamıdır. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illərdə respublikanın hər yerində olduğu kimi, Tərtər rayonunun iqtisadiyyatında da böyük dönüş yaranıb. Həmin dövrdə Tərtər ildə 35-40 min ton pambıq verən, böyük maldarlığa malik olan, sənayesi dirçələn bir rayona çevrilib. Tərtər şəhərində çoxmərtəbəli evlərdən ibarət qəsəbə salınıb, 30-40 mənzilli 8 beşmərtəbəli yaşayış binası tikilib, 2300 ailəyə həyətyanı torpaq sahəsi verilib. Rayonda elektromexanika, pambıqtəmizləmə, konserv, süd emalı, yoltikinti materialları istehsalı zavodları, Sərsəng Su Anbarı məhz Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə tikilib.
Qeyd edilib ki, ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycan regionda təhlükəsizliyin qarantına, dünyada aparıcı söz sahibi olan dövlətlərdən birinə çevrilib.
Konfransda Tərtər Hərbi Prokuroru Fuad Məmmədovun “Azərbaycanın inkişaf strategiyasında Heydər Əliyev irsi”, polis şöbəsinin rəisi Rauf Məcidovun “Ulu öndər və Azərbaycan polisi”, rayon prokuroru Şıxəli Alməmmədovun “Heydər Əliyevin prokurorluq işçilərinə göstərdiyi diqqət və qayğı”, YAP rayon təşkilatının aparat rəhbəri Kamil Məmmədovun “Ulu Öndər Yeni Azərbaycan Partiyasının yaradıcısıdır”, Qarabağ Regional Bilik Evinin direktoru Gülarə Əkbərovanın “Ulu öndər və Azərbaycan təhsili”, “Yeni Tərtər” qəzeti baş redaktorunun müavini Svetlana Bağırovanın “Ümummilli lider və Azərbaycan mətbuatı”, kənd təsərrüfatı idarəsinin rəisi Mehman Babayevin “Heydər Əliyev və aqrar sahə”, Heydər Əliyev Mərkəzinin elmi işçisi İradə Əkbərlinin “Heydər Əliyev və milli mədəniyyətimiz”, mərkəzi rayon xəstəxanasının təcili tibbi yardım şöbəsinin müdiri Gülarə Camalovanın “Heydər Əliyev və Azərbaycan səhiyyəsi”, “Heydər Əliyev-95” inşa yazı müsabiqəsinin qalibi, şəhər 6 saylı tam orta məktəbin IX sinif şagirdi Nilufər Hüseynzadənin, Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Şəhram Quliyevin “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzularında çıxışları dinlənilib.Tədbirdə Ulu Öndərin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş inşa yazı müsabiqəsinin və ən yaxşı təqdimat layihəsinin qaliblərinə diplom və qiymətli hədiyyələr, Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olmuş gənclərə üzvlük vəsiqələri verilib. Sonda Heydər Əliyev Fondunun təşəbbüsü ilə çəkilmiş “Elegiya” filminə baxış olub.
-
18May
Müəllif: Redaktor, 10:51
Teqlər: Tərtər RİH-də