Alman faşizmi üzərində qələbənin 73-cü ildönümünə həsr olunmuş ümumrayon tədbiri Böyük Vətən müharibəsində həlak olan həmyerlilərimizin xatirəsinə ucaldılmış abidənin önündə qeyd olundu. Əvvəlcə tədbir iştirakçıları abidənin önünə gül-çiçək dəstələri qoyaraq Böyük Vətən müharibəsində və Qarabağ uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərin xatirəsini yad etdilər. Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əlamətdar gün münasibəti ilə veteranları və tədbir iştirakçılarını təbrik etdi, onlara ən xoş arzularını çatdırdı.
Rayon rəhbəri bildirdi ki, Böyük Vətən müharibəsi illərində doğma Tərtərimizdən 2417 nəfər alman faşizminə qarşı igidliklə döyüşmüşdür. Onlardan 1079 nəfəri müharibədə həlak olaraq əbədiyyətə qovuşmuşdur. Müharibə zamanı həmyerlilərimizdən İdris İbadov, Həbib Abbasov, Xalid Səfərov, Xosrov Əhmədov, İlyas Abdullayev, Musa Qaraşov, Həbib Qarayev, Kiçikağa Abbasov, İsmayıl Yunusov, Firudin Vəliyev və başqaları şərəfli döyüş yolu keçmişlər. Göstərdikləri igidliklərə görə onlar orden və medallarla təltif olunublar.
Hazırda rayonumuzda 4 nəfər Böyük Vətən müharibəsi veteranı yaşayır. Veteranlarımızın hər biri bizim üçün çox əziz insan, əsil həyat məktəbi, canlı tarixdir.
Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları rayon təşkilatının sədri İman Almuradov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Tərtər Rayon Şöbəsinin sədri Nizami Heydərov, Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərov, şəhər 5 saylı tam orta məktəbin X sinif şagirdi Orxan Mustafazadə veteranlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
Sonda veteranlara rayon icra hakimiyyətinin başçısı tərəfindən hədiyyələr təqdim olundu.
-
18May
Müəllif: Redaktor, 10:26
Teqlər: Xəbərlər