Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18May

    ŞƏRƏFLİ YOLUN DAVAMI

    1918-ci il mayın 28-də Tiflis şəhərində Azərbaycanın Milli Şurasının İstiqlal Bəyannaməsi elan edildi. Mayın 30-da isə Fətəlixan Xosyki radio vasitəsi ilə Azərbaycanın müstəqilliyini bütün dünyaya çatdırdı. Azərbaycana ilk qucaq açan Türkiyə dövləti oldu. Çox çətin bir şəraitdə yaranan AXC hökuməti qısa müddətdə Gəncəyə köçürüldü. Bakını Stepan Şaumyanın quldur dəstəsindən azad etmək üçün Osmanlı dövləti Nuri Paşanın başçılığı altında “İslam” ordusunu köməyə göndərdi. Stepan Şaumyan əvvəlcə mart qırğınlarını törətməklə “Müsavat”ın sosial bazasını sarsıtmaq istədi. Lakin əksinə, onların nüfuzu daha da artdı. Bunu görən Şaumyan daha bir fitnəyə əl atdı. Yeni yaranmış AXC-ni Gəncədə elə beşiyindəcə boğmaq üçün “ Göyçay əməliyyatı”na başladı. Arzusu gözündə qalan Şaumyan geri çəkildi. “İslam” ordusunun köməyi ilə AXC sentyabrın 15-də Bakını Şaumyanın quldur dəstələrindən azad edib, hökuməti Bakıya köçürdü və bütün Azərbaycanı əhatə edən hakimiyyətlərini bərqərar etdi.
    Qısa müddət yaşayan AXC milli ordumuzu, bayrağımızı, Azərbaycanın ilk universitetini və milli valyutasını yaratdı. Dövlət dilini türk dili elan etdi. O cümlədən müstəqilliyimizi tanımayan şimal qonşumuz Rusiyaya da dostluq əlini uzatdı və əməkdaşlıq etməyə hazır olduğunu bildirdi.
    Haqq işi uğrunda mübarizə apararaq yaratdıqları Demokratik Respublikanı dünyaya tanıtmaq və qəbul etdirmək üçün Əlimərdan bəy Topçubaşovun rəhbərliyi altında böyük bir nümayəndə heyəti Parisə yola düşdü. Bütün çətinliklərə baxmayaraq, 1920-ci il yanvarın birində “Antanta”nın Ali Şurası Azərbaycanın müstəqilliyini tanıdı.
    Əlbəttə, belə bir demokratik dövləti yaratmaq və onu bütün dünyaya tanıtdırmaq Rusiyanı narahat etməyə bilməzdi. Çünki Rusiya həmişə Azərbaycana öz müstəmləkəsi kimi baxmış və onun güclü, müstəqil dövlət olmasını həzm etməmişdir.
    Belə də oldu. Rusiya imperiyası işğalçı XI Qırmızı Ordunu Dərbəndə topladı və xəbis qonşularımızın köməkliyi ilə Azərbaycanı işğal etmək planını reallaşdırdı.
    AXC hökuməti qan tökməmək üçün aprelin 27-də gecə saat on birdə son iclasını çağırdı. Müstəqilliyimizi qoruyub saxlamaq şərti altında hakimiyyəti dinc yolla təhvil verdi. 28 aprel işğalından sonra nəinki şərtlərə əməl olundı, hətta tarixi keçmişimizi silərək, demokratik ziyalılarımızı aradan götürdülər.
    Türkmüsəlman dünyasında qadınlara seçibseçilmək hüququ verən, türkçülük, islamçılıq məfkurəsinə əsaslanan AXC qısa, lakin şərəfli bir tarix keçdi.
    28 may İstiqlal günü azadlıqsevən insanlardan bizə yadigar qaldı. Miras qalan bu müstəqillik 70 ildən sonra yenidən qazanıldı və Azərbaycan məfhumu dünya xəritəsində bərpa olundu.
    28 may İstiqlal günü xalqımızın tarixində əziz bir gündür. Həmin gün xalqımız öz varlığını bir xalq kimi bütün bəşəriyyətə çatdırmış, müstəqil yaşayan xalqlar kimi öz sərhədləri daxilində suveren və azad yaşamaq hüququnu təsdiq etmişdir.
    Cümhuriyyət bayrağı olan üç rəngli bayrağımız bu gün də bütün dünyada əzəmətlə dalğalanır. Ulu Öndərimiz Heydər Əliyev də yorulmaq bilmədən çalışdı və xalqın ümidlərini doğruldaraq müstəqilliyimizi qoruyub saxladı. 25 ildən çoxdur ki, müstəqilliyimiz etibarlı əllərdədir. Bu gün də Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı İlham Əliyev xalqın dəstəyi ilə müstəqilliyimiz yolunda inamla addımlayır.

    Qızbəs HÜSEYNOVA,
    Umudlu kənd tam orta məktəbinin müəllimi

    Müəllif: Redaktor, 10:01

    Teqlər:

İsmarıclar bağlıdır.