Mehriban və Bağışlayan Allahın adı ilə!
Mübarək Ramazan ayı başlayıb.“Ey iman gətirənlər! Sizdən əvvəlki ümmətlərə oruc tutmaq vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz! Təqvalı olasınız. (Bəqərə” surəsi, ayə 183).
Təqva sözünün mənası, yəni, Allahdan qorxan, Allahdan həya edən, hətta gizlində də olsa belə günahlardan çəkinən deməkdir. Müqəddəs Kitabımızda təqva ilə bağlı bir çox ayələr vardır. Məsələn; “Nisa” surəsi, 131-ci ayədə buyrulur: “Biz sizə və sizdən qabaqkılara vəsiyyət etmişik ki, təqvalı olun”. Dünyanın və axirətin xeyri də bu mətləbin altında cəmləşib.
“Qurani-Kərim” təqvanı əhəmiyyətli sayır: “Və əgər səbr etsəniz və Allahdan qorxsanız, həqiqətən, bu məqsədə müvafiq işlərdəndir”. (“Ali-imran”, 186).
İkinci–Təqva qorunmaqdır: “Əgər səbr edib özünüzü qorusanız, onların hiyləsi sizə heç bir zərər yetirməz”. (Ali-imran, 120).
Üçüncü–Təqva köməkdir: “Həqiqətən, Allah ondan qorxub pis əməllərdən çəkinənlər və yaxşı işlər görənlərlədir”. (“Nəhl”, 128)
Dördüncü–Təqva çətinliklərdən nicat və halal ruziyə çatma səbəbidir: “Kim Allahdan qorxsa, Allah ona bir çıxış yolu əta edər”. (“Təlaq”-2).
Beşinci–Təqva əməli-salehlikdir: “Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! Allah əməllərinizi islah edər”. (“Əhzab”, 70-71).
Altıncı–Təqva günahların bağışlanmasıdır: “Və günahlarımızı bağışlayar”. (“Əhzab”, 71).
Yeddinci–Təqva Allahın məhəbbətinin səbəbidir: “Həqiqətən, Allah müttəqiləri sevir”. (“Ali-imran”, 76).
Səkkizinci–Təqva əməllərin qəbul olunmasının səbəbidir. “Allah yalnız müttəqilərdən qəbul edər!” (“Maidə”, 27).
Doqquzuncu–Təqva izzətlənərək ilahi kəramətə çatmaqdır: “Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qor-xanınızdır”. (“Hucurat”, 13).
Onuncu–Təqva axirətdə müjdə verilməsinə səbəbdir: “O kəslər ki, iman gətirmiş və pis əməllərdən çəkinmişlər, on-lara dünyada da, axirətdə də müjdə vardır”. (“Yunus”, 63-64).
On birinci–Təqva oddan nicatdır: “Sonra biz Allahdan qorxub pis əməllərdən çəkinənlərə nicat verəcəyik”. (“Mər-yəm”, 72).
On ikinci–Təqva cənnətdə əbədilik səbəbidir. “Rəbbinizin məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan müttəqilər üçün hazırlanmış Cənnətə tələsin”, (“Ali-imran”, 133).
Hədislərdə gəlmişdir ki, Ramazan ayının 70 hikməti vardır. Bunlara həm mənəvi, ruhani və həm də cismani saflıqlar da daxildir. Uca Rəbbimiz Quranda buyurur:
“… Bilsəniz onda (oruc tutmada) nə qədər xeyir var!” (“Bəqərə”, 184). Araşdırmaçı alimlər qeyd edirlər ki, Ramazan ayının tam 30 gün olması təsadüfi deyil. Belə ki, ilk 10 gün ərzində zəhərli maddələrin parçalanma prosesi başlayır. 2-ci ongünlükdə orqanizmdə toplanmış belə maddələrin əksəriyyəti yox olur və nəhayət 3-cü on gün ərzində bu prosesin fəaliyyəti daha da aktivləşir, 30 günün tamamında orqanizmdə, demək olar ki, heç bir zəhərli maddə qalmır. Bir sözlə, həqiqətən də on bir ayın sultanı gəlir. Allaha həmdüsənalar olsun ki, daha bir Ramazanı bizə çatdırdı. Bu aydan yetərincə istifadə etmək, çoxlu yaxşılıqlar və dualar etmək isə biz bəndələrin boynunda bir borcdur. Uca Rəbbimiz dualarımızı qəbul etsin, inşaallah Ramazan ayı xalqımıza və bütün dünyamıza düşərli olsun. Amin.
Saleh ƏDİLOV