Tərtər Rayon Gənclər Mərkəzində “Yeni Tərtər” qəzetinin baş redaktorunun müavini, “Qızıl Qələm” mükafatı laureatı Svetlana Bağırovanın əmək fəaliyyətinin 50 illiyinə həsr olunmuş “Ömrün mətbuatda keçən 50 ili” adlı tədbir keçirilib.
Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri ilə birgə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin Qarabağ Bürosunun sədri Ziyəddin Sultanov, “Yeni Tərtər” qəzetinin kollektivi, jurnalistin keçmiş iş yoldaşları və ailə üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq, Svetlana Bağırovanı təbrik edib və sözü məruzə etmək üçün
“Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusifə verib. Tofiq Yusif Svetlana Bağırovanın həyat və fəaliyyəti barədə danışaraq bildirib ki, Svetlana Bağırova 1968-ci ildə 16 yaşında
Tərtər rayon qəzetində əmək fəaliyyətinə başlayıb. Rayonumuzun ilk ali təhsilli qadın jurnalistidir. 50 il rayon qəzetində çalışmaq və buna baxmayaraq, respublikada istedadlı qələmi ilə tanınmaq hər kəsə qismət olmur. Svetlana Bağırovanın özünün dediyi kimi, qəzet artıq onun həyatının bir parçasına çevrilib.
Jurnalistin “Ömrün mətbuatda keçən 50 ili” adlı kitabından bəhs edən Tofiq Yusif deyib:
– Svetlana Bağırovanın bu ilk kitabı onu tanıyanların hamısı kimi mənim üçün çoxdan yolunu gözlədiyim bir müjdə,
bir ərməğan oldu. Bu kitab onun 50 illik jurnalistlik fəaliyyətini bütövlükdə əhatə etməsə də, hər halda, istedadının və
qələminin nəyə qadir olduğunu isbatlayan bir maraqlı topludur. İnsanın mənəviyyatına, mədəniyyətinə və səviyyəsinə bələd olmaq üçün bəzən bir neçə kəlməsi də kifayət edir.
Mən Svetlananı təqribən 50 il bundan qabaq tanımışam. Onda bir yerdə –rayon qəzetinin redaksiyasında iş-ləyirdik, indi də. O, orta məktəbi də, universiteti də rusca bitirməsinə baxmayaraq, Azərbaycan dilinin bütün incəliklərini bilir,
jurnalistika məsələlərinə çox yaxşı bələddir. Elə buna görə də hansı qəzet janrında yazır yazsın, oxucular tərəfindən sevilir və rəğbətlə qarşılanır.
Mən bu illər ərzində bir şeyi tam əxz etmişəm – yazılar nə qədər səmimi və həyati olsa, müəllif bir o qədər səmimiyyətlə sevilər. Svetlana Bağırova kimi. O, həyati detalları fikir süzgəcindən jurnalist məharəti ilə keçirərək elə lövhələr yaradır ki, adam heyran qalmaya bilmir.
Svetlana Bağırova dəfələrlə Azərbyacan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət
Dəstəyi Fondunun xətti ilə keçirilən fərdi jurnalist yazıları müsabiqələrində iştirak edərək, I, II, III yerləri tutub, diplom və pul mükafatları ilə təltif olunub.
O, istedadlı jurnalist, gözəl ana, sədaqətli ömür-gün yoldaşıdır.
Sonra Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Umud Mirzəyev milli jurnalistikamızın Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə başlayan şərəfli yolundan bəhs edib. Göstərib ki, bu gün ölkəmizdə azad, demokratik mətbuatın inkişafına qayğı və diqqət vardır.
Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin Qarabağ Bürosunun sədri Ziyəddin Sultanov bölgə qəzetlərinin üzərinə düşən məsul vəzifələrdən danışıb. Svetlana Bağırovanın yaradıcılığında Qarabağ mövzusunun xüsusi yer tutduğunu bildirib.
Jurnalist kimi əmək fəaliyyətinə Tərtər rayon qəzetindən başlamış “Azərbaycan” qəzetinin bölgə müxbiri Lazım Quliyev Svetlana Bağırovanın ömür yolundan, onun öz peşəsinə olan sədaqətindən bəhs edib.
Svetlana Bağırovanın həmkarları– təcrübəli jurnalist, rayon Ağsaqqalar Şurasının sədri Qədir Allahverdiyev, Həmid İbrahimov, Elfuzə Vəliyeva, Svetlana Əzizova, qəzetin ictimai müxbirləri Zabil Zeynalov, Səbuhi Kərimov, Fitat Əliyeva, Vəsilə Mehdiyeva, Azad Abbasov, rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev, Aprel şəhidi Nicat İsgəndərovun anası Maya İsgəndərova və başqaları çıxış edərək jurnalisti əmək fəaliyyətinin 50 illiyi və “Mətbuatda keçən ömrün 50 ili” adlı kitabının çapdan çıxması münasibətilə təbrik edib, ona yaradıcılıq uğurları arzulayıblar.
Sonra Svetlana Bağırova və həyat yoldaşı Məhərrəm Əliyev çıxış edərək göstərilən diqqət və qayğıya görə tədbir iştirakçılarına minnətdarlıqlarını bildiriblər.
Jurnalist Svetlana Bağırova Azərbaycan Mətbuat Şurası, rayon icra hakimiyyəti və işlədiyi “Yeni Tərtər” qəzeti redaksiyası tərəfindən diplom, fəxri fərman, qiymətli hədiyyələrlə mükafatlandırılıb. O, həmçinin “Vətənpərvərlik işində xidmətlərinə görə” medalı ilə təltif olunub.
Tədbirin sonunda xatirə şəkli çəkilib.
-
08May
Müəllif: Redaktor, 09:34