ERMƏNİLƏRİN AZƏRBAYCANLILARA QARŞI MƏKRLİ SİYASƏTİ DAVAM EDİR
“Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı zaman-zaman törədilən bu ağır cinayətləri unutmamaq, böyüyən, nəsli bədxah qüvvələrin məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir”.
Heydər Əliyev
Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gücləndirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən, min illər boyu yaşadıqları tarixi torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir. XX əsrin əvvəllərində ermənilər təkcə bu gün Ermənistan adlanan ərazi deyil, Bakı quberniyasının Bakı, Şamaxı, Quba şəhəri, Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirmişlər. Erməni daşnakları bu ərazilərdə on minlərlə dinc azərbaycanlı əhalini—qadını, uşağı, qocanı yalnız milli mənsubiyyətlərinə—azərbaycanlı olduqlarına görə vəhşicəsinə qətlə yetirmiş, yaşayış yerlərini talan edərək yandırıb viran qoymuş, xalqımızın milli mədəniyyət abidələrini, məscidləri dağıtmış və yandırmışlar.
“Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin qəsbkar torpaq iddialarını pərdələmişlər.
1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər.
Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.
Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub. Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmişdir. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin təhqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.
Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi qərarına və bunun əsasında, 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deporta-siyasına dövlət səviyyəsin-də nail oldular.
Erməni millətçiləri öz havadarlarının köməyi ilə 50-ci illərdən etibarən Azərbaycan xalqına qarşı kəskin mənəvi təcavüz kampaniyasına başladılar. Keçmiş sovet məkanında müntəzəm şəkildə yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimizin, klassik irsimizin, memarlıq abidələrimizin ən nəfis nümunələrinin guya erməni xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar. Eyni zamanda onlar tərəfindən bütün dünyada azərbaycanlıların mənfi obrazını formalaşdırınaq cəhdləri də güclənirdi. “Yazıq, məzlum erməni xalq”ının surətini yaradaraq əsrin əvvəlində regionda baş verən hadisələr şüurlu surətdə təhrif olunur, azərbaycanlılara qarşı soyqırım törədənlər soyqırım qurbanları kimi qələmə verilirdi.
Əsrin əvvəlində əksər əhalisi azərbaycanlı olan İrəvan şəhərindən və Ermənistan SSR-in digər bölgələrindən soydaşlarımız təqiblərə məruz qalaraq kütləvi surətdə qovulur.
Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı cinayətkar hərəkətin nəticəsi olaraq bu gün bir milyondan artıq soydaşımız erməni təcavüzkarları tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınmışdır. Ərazimizin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid olmuş, xəsarət almışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində beynəlxalq səviyyədə keçirilən görüşlərdə və aparılan müzakirələrdə Azərbaycanın ədalətli mövqeyinin daha çox dəstəklənməsi, dövlətimizin başçısı cənab İlham Əliyevin qətiyyətli sözünün beynəlxalq aləmdə daha çox eşidilməsi iqtisadi çətinliklər icərisində sıxılan Ermənistanın çaşqınlığını və inamsızlığını artırmaqdadır.
Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrinə siyasi-hüquqi qiymət verilməsi məsələsinə həssaslıqla yanaşan Ümummilli lider Heydər Əliyevin 27 mart 1998-ci il tarixli «31 mart Azərbaycanlıların Soyqırımı haqqında» fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı günü elan edilmişdir. Həmin ildən respublikamızda 31 mart Azərbaycanlıların Soyqırımı günü kimi dövlət səviyyəsində qeyd edilir.
Tarix bu faciələri heç zaman unutmur. Erməni vəhşilikləri Azərbaycan tarixinin qanla yazılmış səhifələri olsa da, qüdrətli Azərbaycan yerləşdiyi bölgədə söz və nüfuz sahibi olmaqla bütün problemlərin öhdəsindən hər zaman uğurla gəlir.
Biz hər birimiz Ulu Öndərimizin dediyi kimi azərbaycanlı olmağımızdan qürür duymalı, xalqımızın qanı bahasına əldə olunmuş müstəqil Azərbaycan dövlətini yaşatmaq və inkişaf etdirmək üçün səylərimizi səfərbər etməliyik.
Elşən QULİYEV, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tərtər rayon Qeydiyyat şöbəsinin rəisi vəzifəsini icra edən, kiçik ədliyyə müşaviri,