Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 27Apr

    MÜDRİKLİK VƏ UCALIQ SİMVOLU

    Zaman keçir. İllər bir-birini əvəz edir. Hər şey dəyişir. Dəyişməyən bircə həqiqət var: Heydər Əliyev həqiqəti. Bu həqiqət dövrümüzün yazılan, əsrlərlə silinməyən, bütün zamanlarda xatırlanan yaddaşıdır. Zamanı, bütöv bir dövrü, bəzən bir anı tarixləşdirən, əbədiləşdirən isə müdrik, dahi şəxsiyyətlərdir.
    10 may 1923-cü il. Gözəl bir yaz günü. Həmin gün Naxçıvanda bir körpə dünyaya gəldi. Qayğılı, qayğısız günlər yaşaya-yaşaya böyüdü bu körpə. Vətənə, torpağa sevgi ilə böyüdü. Anasının südü ilə varlığına, ruhuna, canına hopdu bu sevgi. Özü də bilmirdi ki, bu sevgi sayəsində göz açdığı doğma vətənin taleyi bir gün onun dühası ilə bəlalardan nicat tapacaq.
    Vaxt, zaman yetişdi. O, şərəfli ömür yolu keçərək Azərbaycan tarixinə qüdrətli bir şəxsiyyət kimi daxil oldu.
    Bu, Heydər Əliyev şəxsiyyəti idi. Bu böyük insan Azadlıq və Ədalət uğrunda gedən savaşların xilaskarı kimi bir ömür yaşadı.
    Ötən əsrin son onilliyində Azərbaycan xalqı özünün ən çətin günlərini yaşayırdı. Azərbaycana rəhbərlik edənlərin səriştəsizliyi, hakimiyyət uğrunda zorakı mübarizə, qarşıdurma ölkəni uçuruma aparırdı. Belə bir gündə xalqımız bir oda, bir ocağa, tarixi bir işığa üz tutdu. Bu ocaq Heydər Əliyev ocağı idi, bu işıq Heydər Əliyev işığı idi. Xalq heç vaxt yanılmadığı kimi, bu dəfə də yanılmamışdı.
    Heydər Əliyev zəkasının işığı, Heydər Əİiyev nəfəsinin odu xalqımızı və dövlətimizi həmin dövrlərin mürəkkəb siyasi burulğanlarından salamat çıxartdı.O günlərin olum və ölüm mübarizəsində məhz Heydər Əliyev dühasının işığı xalqa həqiqət yolunu göstərə bildi.
    Heydər Əliyevin ikinci dəfə hakimiyyət başına gəlməsi ilə Azərbaycanda sivil və demokratik bir proses başladı. Bütün çətinliklərə baxmayaraq, respublikada söz və fikir azadlığı yarandı. Bundan sonra ölkədə sabitlik hökm sürdü, inkişaf başladı. Heydər Əliyev cəsarəti sərkərdə kimi Azərbaycanı parçalamaq istəyən bəd niyyətli qüvvələrin planlarını alt-üst etdi. Çünki Prometey odundan, Zərdüşt işığından qidalanan bu Azərbaycan oğlunun idrakının qarşısında heç bir düşmən duruş gətirə bilmirdi. Heydər Əliyev bəşəriyyətin mənəvi fikir həyatı, real və ideal yaşayış arzuları ilə bağlı olan bir müdrik rəhbər, xalqına nicat yolunu göstərməyə qadir olan bir sərkərdə idi. Bu sərkərdə Azərbaycandan qan izlərini silərək, ölkəmizi məhv olmaqdan xilas etdi. Ulu Öndərin dövlətə, vətənə, xalqa olan bu sevgisi onu xalqının gözündə uca zirvələrə qaldırdı.
    Bizim xoşbəxtliyimiz ondadır ki, bir xalq olaraq qismətimizə Heydər Əliyev kimi bir şəxsiyyət düşüb. O, nurlu bir müdriklik simvolu idi. Onun barəsində düşünəndə qeyri-ixtiyari olaraq gözlərimiz önündən ucalıq, ənginlik gəlib keçir.
    Zaman ötdükcə böyük şəxsiyyətlərin tarixdəki xidmətləri daha aydın görünür. Dünya tarixinə yeni səhifələr yazıb, xalqı üçün yeni bir tarixin əsasını qoyanların sırasında Heydər Əliyevin adı, fəaliyyəti, siyasi dəsti-xətti yüksək zirvədə görünür.
    Heydər Əliyevin əbədiyyətə qovuşmasının üstündən illər ötsə də, onun millətimizin rifahı, vətənimizin möhkəmlənməsi, Azərbaycanın dünya birliyində öz layiqli yerini tutması üçün nə qədər böyük işlər gördüyü aydın dərk olunur.
    Heydər Əliyev 20-ci yüzillikdən Ulu Tanrının xalqımıza göndərdiyi nur idi. O nur qaranlıqları aydınlaşdırır, bizi işıqlı gələcəyə aparır.

    Şükufə QULİYEVA,
    şəhər 5 saylı məktəbin dil-ədəbiyyat müəllimi

    Müəllif: Redaktor, 14:05

    Teqlər:

İsmarıclar bağlıdır.