Hərb tariximizdən
Hər birimiz vətənə xidmət edirik. Bu, bizim vətəndaşlıq borcumuzdur. Hərbçilərimiz isə vətənə, xalqa ikiqat məsuliyyət hissi ilə xidmət edirlər. Həm vətəndaş kimi, həm də əlində silah vətənin keşiyində dayanan əsgər və zabit kimi.
Xoşbəxt o hərbçidir ki, öz müstəqil dövlətini və müqəddəs torpağını qoruyur. Çar Rusiyası dövründə azərbaycanlıların imperiya ordusunda xidmət etməsinə müəyyən məhdudiyyətlər qoyulurdu. Buna baxmayaraq, ötən əsrin əvvəllərində bu ordunun tərkibində öz peşəkarlığı, cəsarəti ilə seçilən azərbaycanlı zabitlər və generallar yetişdi. Məhz bu cür hərbçilərdən olan Səməd bəy Mehmandarov, Əlağa Şıxlinski Azərbaycan Xalq Cümhuriyyəti dövründə Demokratik Respublikanın ordu quruculuğuna mühüm töhfələr verdilər.
Əslində isə Azərbaycanda ordunun təşkilatlanması bir az əvvəl, yəni 1917-ci ildə başlayıb. Belə ki, 1917-ci il dekabrın 11-də o zaman Cənubi Qafqazda legitim hakimiyyət orqanı olan Zaqafqaziya Komissarlığı tərəfindən Müsəlman korpusunun yaradılması haqqında qərar qəbul edildi və sonradan bu korpusun əsasında Azərbaycan Xalq Cümhuriyyəti ordusu yaradıldı. Həmçinin Müsəlman korpusunun formalaşması çərçivəsində 1918-ci il martın 1-də Azərbaycanda milli hərbi təhsilin əsası qoyuldu.
Qeyd olunmalıdır ki, Demokratik Respublikanın dövründə orduda “hərbi molla” vəzifəsi vardı. Bunlar həm əsgərlərin maarifləndirilməsində mühüm rol oynayır, həm də nizam-intizama nəzarət edirdilər.
Çar Rusiyası dövründə olduğu kimi, sovet hökuməti illərində də azərbaycanlıların hərbidə xidmət etmələrinə qısqanclıqla yanaşılırdı. Onları əsasən inşaat batalyonlarına göndərir, hərbçi kimi püxtələşmələrinə mane olmağa çalışırdılar.
Ümummilli Lider Heydər Əliyev həm o dövrdə, həm də Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra, çox böyük uzaqgörənliklə ölkəmizdə hərbi kadrların hazırlığına diqqət yetirmişdir. Ulu Öndər 1971-ci ildə general Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılmasına nail oldu. Eyni zamanda Heydər Əliyev azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində və eləcə də SSRİ-nin digər məktəblərində oxuması üçün tədbirlər gördü. Ümummilli Liderin SSRİ dövründə ordu quruculuğu sahəsində həyata keçirdiyi siyasət ölkəmiz müstəqillik qazandıqdan sonra öz bəhrəsini vermişdir.
Bu zabitlər müstəqil Azərbaycanın ordu quruculuğunda fəal iştirak etmişlər. I Qarabağ müharibəsi zamanı Rusiyanın müxtəlif vilayətlərində xidmət edən azərbaycanlı hərbçilər vətənə dönərək torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda mübarizəyə qoşulmuşlar. Onlardan bir çoxu şəhidlik zirvəsinə ucalmış, xalqımızın azadlıq tarixinə öz adlarını həkk etmişdir.
“Azərbaycan əsgəri olmağımla fəxr edirəm, ana!”
Bu gün Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə öz inkişaf dövrünü yaşayır. Tərtərdə “N” saylı hərbi hissədə olarkən biz bunun şahidi olduq. Hərbi hissədə gözəl şəraiti olan əsgər yataqxanaları, əsgər yeməkxanası, məişət otaqları və digər infrastruktur bölmələri, avtomobil parkı yerləşir.
Şəxsi heyətin əhval-ruhiyyəsi, vətənpərvərliyi yüksəkdir. Onlar hərbi hissənin şanlı ənənələrini layiqincə davam etdirirlər. Ənənələr isə çox zəngindir. Torpaqlarımızın qorunması və ərazi bütövlüyü uğrunda bu hərbi hissənin şəxsi heyəti də yüksək fədakarlıq göstərib. Onlarla hərbi qulluqçu yüksək fəxri adlara, o cümlədən 8 hərbi qulluqçu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Hərbi hissəyə 2004-cü ildə Ali Baş Komandan İlham Əliyev tərəfindən döyüş bayrağı təqdim edilib.
Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində dönüş nöqtəsi olan 2016-cı ilin aprel döyüşləri zamanı hərbi hissənin şəxsi heyəti düşmənə layiqli cavab vermiş, torpaqlarımızın bir qisminin işğaldan azad edil-məsində şücaət göstərmişdir.
Gənc əsgər Mirhəsən Abdullayevlə söhbət edirəm. O, Salyan rayonundandır. Humanitar kolleci bitirib.
Mirhəsən Abdullayev deyir:
–Hərbi hissəyə gəldim və burada gördüklərimdən böyük qürur duydum. Qarşıma məqsəd qoydum ki, qısa müddətdə hərbi texnikanın sirlərinə yiyələnəcəyəm.
Belə də oldu. Əlbəttə, bu işdə hər bir gənc əsgərə komandirlərimiz və bizdən əvvəl xidmət edən yoldaşlarımız kömək edirlər. “Açıq qapı günü”ndə anam da gəlmişdi. Bütün bunlar barədə ona danışdım. Dedim ki, Azərbaycan əsgəri olmağımla fəxr edirəm.
Söhbətimizə sıravi Fərid Hüseynov da qoşulur:
–Həyatda elə bir insan yoxdur ki, anasını sevməsin. Vətən isə anadan da irəlidir. Axı, biz bu torpaqda böyüyüb boya-başa çatmışıq. Bu gün işğalda olan torpaqlarımızı yağı düşməndən geri almaq və vətənimizi göz bəbəyi kimi qorumaq mü-qəddəs vəzifəmizdir.
Fərid onu da əlavə etdi ki, müxtəlif bayramlarda hərbi hissədə keçirilən “Açıq qapı” günlərində onun valideynləri də iştirak edirlər. Anam bizim aşpaz xanımlarımızı, onların hazırladıqları xörəkləri, yeməkxanadakı, yataqxanadakı səliqə-sahmanı görəndən sonra dedi ki, daha sənə görə narahat deyiləm.
Bu sözləri hərbi hissəyə gələn bütün valideynlər, o cümlədən ictimaiyyət nümayəndələri söyləyirlər. Əlbəttə, bir az yaşlı nəslin təmsilçiləri müstəqilliyimizin ilk illərində yenicə yaranmağa başlayan orduda olan vəziyyəti yaxşı xatırlayırlar. Qısa müddət ərzində milli ordumuz nəinki bir sıra qabaqcıl ölkələrin ordularına çata bildi, hətta onlarda olduğundan da üstün müasir silahlara yiyələndi, peşəkar hərbçi potensialına malik oldu.
Bütün bunlar isə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində həyata keçirilən islahatların nəticəsidir. Ölkə başçısı bu barədə deyib: “Azərbaycanda güclü ordu vardır. Ordunun potensialı günü-gündən möhkəmlənir, güclənir. Ordu quruculuğu bizim dövlət siyasətimizdir, prioritetdir və son illərdə bu istiqamətdə çox böyük işlər görülmüşdür. Ordumuz yeni texnika ilə təchiz edilir”.
Hərbi hissənin idman uğurları
Bu gün ölkəmizdə gənc nəslin savadı, intellektual səviyyəsi ilə yanaşı onların fiziki sağlamlığına diqqət yetirilir. Təkcə iri şəhərlərdə deyil, bölgələrdə də idmana maraq böyükdür. Tikilən yeni Olimpiya Kompleksləri, yaradılan şərait uşaqların kiçik yaşlarından idmanla məşğul olmasına gətirib çıxarır.
Ordu sıralarında gənclərin idman nailiyyətləri azalmır, əksinə, daha da artır. “N” saylı hərbi hissənin şəxsi heyəti də bu sahədəki uğurları ilə haqlı olaraq fəxr edir. Öyrəndik ki, burada hərbi idman oyunlarının keçirilməsi ənənə halını alıb. Xüsusilə bayram günlərində hər bir əsgər öz məharətini göstərməyə çalışır.
Hərbi hissənin idman şərəfini qoruyan zabit və əsgərlər dəfələrlə Silahlı Qüvvələr üzrə keçirilən yarışlarda müxtə-lif idman növləri üzrə yüksək yerlərə layiq görülmüş və mükafatlandırılmışlar.
Aslan Hüseynov İdman Akademiyasını bitirib. Sərbəst güləşlə məşğul olur. O bildirdi ki, ordu kişilik, mətinlik məktəbidir. Mülki həyatda öyrəndiklərimizi burada daha da artırırıq.Əsl dostluğun nə olduğunu dərk edirik.
Əsgər dostluğu
Əsgər dostluğu müqəddəs və ülvi bir hissdir. Bu münasibətlər həyatın ən çətin məqamlarında yaranır və polad kimi möhkəm olur. Əsgər dostluğunun əsasında özünü qurban vermək bacarığı, inam və etibar dayanır. 2016-cı ilin aprel ayında baş vermiş 4 günlük müharibə Azərbaycan Ordusunda hökm sürən dostluq münasibətlərinin ən uca zirvəsini nümayiş etdirdi. Yoldaşlarını xilas etmək üçün özlərini minaların üstünə atan hərbçilər, şəhidliyə doğru çəkinmədən gedərək gənc əsgərlərə nümunə göstərən komandirlər öz ölümləri ilə sübut etdilər ki, bu həyatda vətən sevgisinin və kişi dostluğunun ölçüsü yoxdur.
Nəsillər arasında körpü
Bu gün ictimaiyyətin nümayəndələri, mədəniyyət və incəsənət işçiləri, veteranlar, məktəblilər, əsgər valideynləri tez-tez hərbi hissələrdə olur, burada maraqlı görüşlər keçirirlər. Bunların hamısı şəxsi heyətin hərbi–vətənpərvərlik ruhunun yüksəldilməsinə müsbət təsir göstərir.
Hərbçilərmizin xüsusi səbirsizliklə gözlədikləri tədbirlərdən biri Qarabağ müharibəsi veteranları ilə görüşdür. Bu zaman iki nəslin nümayəndələri üz-üzə dayanırlar. Hamının deməyə sözü çox olur. Veteranlar öz döyüş yollarından, təcrübələrindən danışır, gənclər isə qürur hissi ilə onlara müasir silahlardan, bugünün əsgərinin qayğılarından söhbət açırlar.
Nəsilləri birləşdirən bir ümumi körpü var–bu, vətənə olan məhəbbətdir. Məhz buna görə də aprel hadisələri zamanı Azərbaycan Respubikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə ilk olaraq müraciət edərək döyüşə getmək istədiklərini bildirənlər veteranlar idi.
“Tərtər” Özünümüdafiə Batalyonunun keçmiş komandirlərindən biri Pənah Məmmədov deyir:
–Bu gün Azərbaycan Ordusunun gücünü, qüdrətini görən hər bir veteran haqlı olaraq fəxr edir. Gənclərimizin döyüş hazırlığına, vətənpərvərliyinə də söz ola bilməz. Bununla yanaşı biz veteranlar hərbi hissələrdə olarkən vaxtı ilə üzləşdiyimiz çətinliklərdən, o zaman əlimizdə olan silah-sursatdan danışırıq ki, indiki əsgər və zabitlər bunları müqayisə edə bilsinlər. Fərq inanılmazdır.
* * *
2016-cı ilin gərgin aprel günlərində Prezident İlham Əliyev qarşıda duran vəzifələrdən danışarkən demişdir: “Bildiyiniz kimi, Ermənistan –Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim əsas vəzifəmizdir. Azərbaycan həm siyasi, həm iqtisadi və bütün başqa sahələrdə gücləndikcə, əlbəttə ki, bu münaqişənin həlli daha da yaxın olacaqdır. Biz inkişaf dinamikamızı daha da sürətləndirməliyik və Azərbaycanda dayanıqlı inkişaf davam etdirilməlidir”.
Xalqımız Azərbaycan Prezidentinin ətarfında sıx birləşərək, qarşıya qoyulmuş bu vəzifələrin yerinə yetirilməsində fəallıq göstərir. Hər kəs öz sahəsində üzərinə düşən işin öhtəsindən ikiqat həvəslə gəlməyə çalışır. Eyni zamanda Orduxalq birliyi möhkəmlənir, vətəndaşlar hərbçilərimizin döyüş ruhunu artırır, onlar isə öz növbələrində əminamanlığımızın keşiyində möhkəm dayanırlar.
Svetlana BAĞIROVA
(Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümünə həsr olunmuş “Hər birimiz vətənə xidmət edirik” mövzusundakı yazı müsabiqəsinə təqdim edilir)