Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 15İyl

    goycayda hektarlarla nar bagiNarın elmi adı “punika qranatumdur”. “Punika”-tünd qırmızı, “qranatus” isə dənə deməkdir. Nar bitkisi subtropik bitki olmaqla, 20 dərəcə şaxtaya tab gətirə bilir. Quraqlığa davamlı bitkidir, lakin yaxşı boy və məhsul verməsi üçün nar rütubətə tələb göstərir. Torpağa az tələbkar olmaqla müxtəlif mexaniki tərkibə malik torpaqlarda becərilə bilər. Yüksək məhsuldar və gəlirli bitkidir.Ədəbiyyatlardan məlum olduğu kimi nar çox qədimdən becərilən və istifadə olunan bitkidir. Onun ən qiymətli və qədim sortu eramızdan əvvəl qədim Yunanıstanın Karfagen vilayətində becərilmişdir. Nar bitkisi respublikamızda, o cümlədən rayonumuzda da sevilir və uzun illərdir becərilir. Azərbaycan narına nəinki daxili bazarda, ölkə hüdudlarından kənarda, xüsusilə qonşu Rusiya bazarlarında böyük tələbat var. Lakin son dövrlərdə rayonumuzda nar sahələrinin kəskin surətdə azaldılması və bəzi təsərrüfat sahib-lərinin bu sahəyə olan biganəliyi təəssüf doğurur. Belə ki, 1995-ci ilədək Tərtər rayonunda fərdi təsərrüfatlar da daxil olmaqla kolxoz və sovxozlarda olan nar bağ-larının ümumi sahəsi 1500 hektardan çox olduğu halda, hazırda bu rəqəm 118 hektar təşkil edir.
    Narın 500-dən artıq sortu məlumdur ki, bunlar da həm morfoloji-bioloji xüsusiyyətlərinə, meyvələrin keyfiyyətinə, həm də yetişmə vaxtlarına görə bir-birindən fərqlənir. Rayonumuzda geniş yayılmış və böyük təsərrüfat əhəmiyyəti kəsb edən əsasən Azərbaycan güleyşəsi, Çəhrayı güleyşə, Şah nar, Qırmızıqabıq, Vələs, Nazikqabıq sortları əkilib becərilir. Bu sortların hər hektardan məhsuldarlığı becərilmədən asılı olaraq 15-20 ton və daha çox olur.
    Nar bitkisinin artırılması sadədir və bir qayda olaraq odunlaşmış çiliklə aparılır. Belə ki, çiliklər uzunluğu 20-25 sm olmaqla əsasən payızdan tədarük olunur. Bu zaman cavan hissələrin qış şaxtalarından zədə alması qorxusu aradan qalxır. Qəbul olunmuş aqroqaydalara uyğun olaraq çiliyin diametri 10-15 mm olmalıdır. Çünki təcrübələr göstərmişdir ki, bu ölçülərdə olan çiliklərdən standart ting çıxımı 95 faiz olur. Bundan nazik və ya yoğun çiliklərdə bu göstərici aşağıdır.
    Nar çilikləri əkmək üçün əsasən cərgəvi üsuldan istifadə edilir. Bu zaman cərgəarası 60-80 sm, bit-kiarası 25 sm olmaqla hektara 50-66 min bitki yerləşdirilir. Bitkilər əkildikdən sonra mütləq suvarılmalıdır. Hər suvarılmadan sonra torpaq yumşaldılır və alaqlarla mexaniki mübarizə aparılır.
    Nar böyük xalq təsərrüfatı əhəmiyyətinə malik bitkidir. Narın meyvələrindən təzə halda yeyilməkdən başqa onlardan müxtəlif məmulatlar hazırlanır. Nar gəlirli sahə olduğu qədər insan orqanizmi üçün çox əhəmiyyətlidir.
    Mütəxəssislərin qənaətinə görə B, A, C və E kimi vitaminlər sink, selen, fosfor və digər minerallar insanın daha gənc və təravətli qalmağına şərait yaradır. Odur ki, hər bir insan bacardığı qədər bu minerallarla zəngin olan təbii meyvə şirələri içməli, bunlardan ən məsləhətlisi isə nar suyudur.
    Həyat verən sular arasında birinci pillədə dayanan nar suyu kalsium, maqnezium, dəmir, natrium kimi çox əhəmiyyətli minerallarla zəngindir. Nar suyunun davamlı istifadəsi insanın cavan, gənc qalmağını sürətləndirir. Göstərilən minerallarla yanaşı nar şirəsində 8-20 faiz invert şəkər, 14 faizə qədər C vitamini, 2-9 faiz turşular, 4 faiz qlükoza, 1,5 faiz protein, 3 faizə qədər yağlar vardır.

    Natiq Musayev,
    Tərtər RİHB Aparatında Baş məsləhətçi

    Müəllif: Redaktor, 13:49

    Teqlər:

İsmarıclar bağlıdır.