BİTKİLƏRDƏ XƏSTƏLİK VƏ ZƏRƏRVERİCİLƏRƏ QARŞI MÜBARİZƏ APARILIR
Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərindən, alaq otlarından qorunması üçün aqrotexniki, fiziki-mexaniki, bioloji, kimyəvi və karantin tədbirlərinin ardıcıl, məqsədyönlü aparılması vacibdir.
Kənd təsərrüfatının inkişaf etdirilməsi, bütün sahələrdə məhsuldarlığın yüksəldilməsi, istehsal olunan məhsulun keyfiyyətinin yaxşılaşdırılması və əhalinin ərzaq məhsullarına artan tələbatının ödənilməsi kənd təsərrüfatı istehsalçıları qarşısında duran ən mühüm vəzifədir.
Məhsuldarlığın artırılması zərərli orqanizmlərə qarşı kompleks tədbirlərin vaxtında aparılmasından çox asılıdır. Bu il qış aylarında yağıntının az olması və havaların quraq keçməsi bəzi ziyanverici və xəstəliklərin nisbətən artımı ilə müşahidə olunmaqdadır. Rayon ərazisində son vaxtlar xüsusi təhlükəli zərərli orqanizmlər olan siçanabənzər gəmiricilərin artımı müşahidə olunur. Gəmiricilər əsasən rayonun Qaradağlı, Sarıcalı, Kəngərli, Şıxarx, Borsunlu, Səhlabad, Dəmirçilər, Cəmilli və digər kəndlərində daha çox yayılmışdır. Ümumilikdə rayon ərazisində 534 hektar taxıl və yonca sahələrində Respublika Bitki Mühafizə Mərkəzindən gətirilmiş “Brodifak” kimyəvi preparatı ilə mübarizə aparılmışıdr. Biz rayon Bitki Mühafizə Mərkəzi olaraq təsərrüfatlarda ziyanvericilərin artmasının qarşısını mümkün qədər almağa çalışırıq. Ancaq bu işdə fermerlərimizin daha məsuliyyətli olması vacibdir. Fermerlər çalışmalıdırlar ki, növbəli əkin sistemi təşkil edilsin, cərgəarası becərilən bitkilərə daha çox yer verilsin. Dövlətimizin əsas strateji xətti olan pambıq və çuğundur sahələrinin genişləndirilməsi, payızda dərin şumun aparılması, dondurma suyunun verilməsi, xam yerlərin və dincə qoyulmuş torpaqların şumlanması, suvarılması həm ərazilərin münbitləşməsi, həm də burada olan ziyanverici və xəstəliklərin məhv olması deməkdir. Fermerlər kimyəvi preparatlardan aldadıcı yem və ümumiyyətlə işçi məhlulları hazırlayan zaman onların gözə, üzə, dodağa və bədənin digər açıq nahiyyələrinə düşməsinə yol verməməlidirlər. Siçanabənzər gəmiricilərə qarşı yem hazırlayan zaman həmin preparatlar nəzarətsiz qoyulmamalı və onların hazırlandığı yerlərə ev heyvanlarının və quşların keçməsinə yol verilməməlidir. Dərmanlanmış sahələrə xəbərdaredici nişanlar vurulmalıdır və bu sahələrdə heyvanların otarılmasına, ot biçilməsinə icazə verilməməlidir. Siçanabənzər gəmiricilərə qarşı kimyəvi mübarizə işləri səhər və axşam saatlarında havanın nisbətən sərin və küləksiz vaxtlarında aparıldıqda daha səmərəli olur. Hazırlanmış aldadıcı yemlər həmin gün istifadə edilməlidir. İstifadə edilməsi üçün yararsız olan yemlər quyulara doldurulub yandırılmalıdır. Meyvə bağlarına, bostanlara və s. yerlərə səpilmiş aldadıcı yemlərin gəmiricilər tərəfindən toxunulmamış qalıqları yaz tarla işlərindən qabaq yığılmalı və məhv edilməlidir. Preparat tətbiq edilən sahənin ətrafında 20 gün müddətində mal-qaranın otarılmasına icazə verilmir.
Fizuli ƏZİMOV,
Tərtər Bitki Mühafizə Mərkəzinin rəisi