Telefonumun yaddaşından ürəkağrısı ilə bir nömrə də sildim. Ancaq onunla bağlı xatirələr yaddaşımdan ömürlük silinməyəcək.
Bilal Mahmudov – “Köhnə kişilər”dən biri… Özünün, sözünün ağası, şəxsiyyəti, qüruru, əzəməti ilə həmişə özünə hörmət, rəğbət qazanıb. Ciddi olduğu qədər də səmimi bir insan idi. Uzun illərdən bəri onu tanıyırdım, doğmalıq münasibətimiz isə rayon təhsil şöbəsinin müdiri ( son illərdə bu, onun ən aşağı vəzifəsi idi) işləyəndə yaranmışdı. O vaxt mən rayon pioner evində metodist işləyirdim və ali məktəbin axırıncı kursunda oxuyurdum. “Diplom işi” yazmaq üçün mənə makina və istirahət günlərindən əlavə bir gün də vaxt lazım idi. Hələ uşaqlıqdan vəzifəsindən asılı olmayaraq hamıya öz sözümü özüm deməyə adət etmişdim. Çoxları mənə Bilal müəllimin bu işə raykom katibliyindən gəldiyini, ciddi, tələbkar, zəhmli bir adam olduğunu demiş, bu icazəni verməyəcəyini bildirmişdilər. Buna baxmayaraq onun qəbuluna getdim. Bilirdim ki, rayon tədbirlərinin birində et-diyim çıxışdan xoşu gəlib. Qəbulda çox gözləməli olmadım, içəri çəkinə-çəkinə girdim.
– Mənim ağıllı qızım nəyə gəlib?– dedi, onu incidənmi olub?
– Yox, – dedim və nə üçün gəldiyimi söylədim. İcazə verdi, mənə “Diplom işi”mi yazmaq üçün makina göndərdi.
– Yazandan sonra qaytararsan, – dedi.
Beləcə, onunla səmimi münasibətimiz yarandı və son günlərə qədər də bu münasibət beləcə qaldı.
Sonralar onun Ulu Öndər haqqında xatirələrini yazdım, Heydər Əliyev Mərkəzinin arxiv fondu üçün çəkiliş etdik, xeyli qəzet, Ulu Öndərlə birlikdə olan fotolarını verdi. Kürdəmir, Balakən rayonlarında birinci katib işləyəndə Ümummilli Liderlə bağlı xatirələrini bizimlə bölüşdü.
Həyata vida etmədən 2 həftə öncə isə – 8 martda mənə telefon açdı, Beynəlxalq Qadınlar Günü münasibəti ilə məni təbrik etdi. “Səni qızım qədər çox istəyirəm, mənə Tərtərə gəlmək çətindir, sən Bakıya gələndə bir mənimlə görüş”,-dedi. “Baş üstə”,-dedim. 2 həftə sonra isə onun həyatla vidalaşdığını internetdə “Heydər Əliyevin silahdaşı Bilal Mahmudov vəfat etdi” xəbərindən bildim.
Bir il də yaşasaydı may ayının 5-də 90 illiyini qeyd edəcəkdi.
Necə yaşamışdısa eləcə də qürurlu, vüqarlı, xəstə yatmadan tərk etdi bu dünyanı. Özündən sonra isə yazdığı “Ömür karvanımın ləpirləri” kitabını bizə yadigar qoydu.
Bu dünyada “köhnə kişilər”in biri də azaldı, ancaq qəlblərdə silinməz izi qaldı.
P.S. Bilal Mahmudov 2 rayonda 10 il partiya komitəsinin I katibi işləyib. 10 il Ali Sovetin deputatı olub. İki “Qırmızı Əmək Bayrağı” və “Şərəf Nişanı” ordenləri alıb. Ali Sovetin Rəyasət Heyətinin fəxri fərmanları ilə təltif olunub. Təltiflərin ən alisi isə əsil insan olub, kişi ömrü yaşamasıdır.
Bu yazını yazmağı onun ruhu qarşısında özümə son borc bildim.
Allah rəhmət eləsin!
Svetlana Əzizova