Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19Apr

    “Biz öz milli-mənəvi dəyərlərimizə sadiqik, bu dəyərləri qoruyuruq, saxlayırıq, ənənələri yaşadırıq və bizim gücümüz də bundadır”.    İlham ƏLİYEV

    Hər bir xalqın sahib olduğu ən dəyərli miras onun milli-mənəvi dəyərləridir. Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemi kifayət qədər zəngindir və xalq onu yüksək tutaraq daim nəsildən-nəsilə ötürür. Çünki bu mənəvi xəzinə milli şüurun, milli ruhun, tarixin yaddaşıdır. Sevindirici haldır ki, Azərbaycan xalqı milli-mənəvi dəyərlərə sadiqdir, dünyada gedən qloballaşma prosesində özünəməxsus mədəniyyətini qoruyur.
    Şübhəsiz ki, hər bir xalqın mədəniyyəti başqa mədəni dəyərlərdən bəhrələnməlidir, əks halda o inkişaf prosesindən geri qala bilər. Bu işdə yaradıcı gənclərimizin fəaliyyəti xüsusi önəm təşkil edir.
    Qeyd edək ki, keçən əsrin 90-cı illərində Azərbaycanda siyasi və mədəni təfəkkürdə böyük dəyişikliklər baş verdi. Xalqımız azadlıq, qəhrəmanlıq mübarizəsi dövrünü yaşadı. Məhz bu tarixi çevrilişlərdə, ölkəmizin müqəddəratının həll edildiyi dövrdə gənclərimizin fəaliyyəti daha da gücləndi. Cəmiyyətin mədəni-intellektual potensialının inkişafı milli ideyaların həyata keçirilməsində böyük əhəmiyyət kəsb etdi. Tarixin çağırışlarına çevik cavab verən məhz sağlam düşüncəli gənclərimiz oldu. Döyüş meydanlarında, ictimai həyatda, incəsənət, elm sahəsində, fəhlə kimi əməyində, işində o, qəhrəmanlığı, istedadı, doğma torpağına olan sədaqəti ilə seçilə bildi.
    Qafqazda Azərbaycan yeganə dövlətdir ki, mədəniyyətlər və dinlərarası dialoqu dəstəkləyən beynəlxalq tədbirlərə ev sahibliyi edir. Azərbaycan modeli bir çox dövlətlər üçün nümunə ola bilər. Amma təəssüf ki, uzun illər boyu milli mədəniyyətimizə qarşı erməni siyasətçiləri, mədəniyyət xadimləri və onların havadarları tərəfindən mənəvi hücumlar davam etməkdədir.
    Azərbaycan gəncləri xalqın milli-mənəvi dəyərlərinin digər xalqlar tərəfindən mənimsənilməsinin qarşısını almaq üçün öz səylərini, mübarizəsini efir, mətbuat, xarici telekanallar vasitəsilə əsirgəmirlər. Zəngin milli poeziyamızın, musiqi xəzinəmizin qorunmasında nəinki gənclərimiz, mədəniyyət xadimləri də fəal iştirak edirlər.
    Milli-mənəvi dəyərlərimizin oğurlanmasının qarşısı həm də hüquqi yolla alına bilər. Bunun üçün Avropa Məhkəməsinə və ya digər aidiyyatı qurumlara müraciətlər olunur. Azərbaycanın milli dəyərləri layiqincə dünyaya çatdırıldıqca beynəlxalq müstəvidə bir çox ciddi nailiyyətlər əldə edilir. Məsələn, muğamın beynəlxalq səviyyədə təbliği nəticəsində UNESCO-nun qərarı ilə dünya mə-dəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasına daxil edilməsi təkcə Azər-baycan xalqının deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsi-nə bariz nümunədir. Bütün milli-mənəvi dəyərləri bu və ya digər formada dünyaya tanıtmaq və eyni zamanda düşmənlər tərəfindən mənimsənilməsinin qarşısını almaq zəruridir.
    Milli-mədəni dəyərlər mövzusunda təbliğat çox vacibdir. Bu təbliğat geniş şəkildə aparılsa, vətəndaşlarda tarixi yaddaş daha da güclənər. Tədris müəssisələrində, bir çox intellektual səviyyəli tədbirlərdə, televiziya verilişlərində peşəkar, tanınmış incəsənət xadimləri ilə görüşlərə böyük mənəvi ehtiyac var. Kütləvi informasiya vasitələrində, buna xüsusi diqqət yetirilməlidir. Çünki çox zaman qeyri-peşəkar insanların incəsənət sahəsindəki fəaliyyətinə daha çox televiziya kanallarında geniş yer ayrılır. Bu isə tamaşaçılarda estetik zövqün formalaşmasına, mənəviyyatın zənginləşməsinə mane olur.
    Milli dəyərlər mövzusunda təbliğatımız ilbəil daha geniş vüsət almalıdır. Təbliğatın isə zəif olması milli dəyərlər haqqında çox az informasiyaya malik olan və ya ümumiyyətlə bu mövzuda anlayışı olmayan gəncin başqa bir dinin, siyasi cərəyanların təsiri altına düşməsi üçün münbit şərait yaradır. Biz fəxrlə deyə bilərik ki, Azərbaycan əsl multikultural ölkədir. Burda müxtəlif xalqların, etnik qrupların sülh, əminamanlıq içində yaşaması, birgə fəaliyyəti multikulturalizmin bütün tələblərinə cavab verir. Lakin ermənilərin bizə, milli-mənəvi sərvətlərimizə qərəzli münasibəti hələ də davam etməkdədir.
    Məsələn, Azərbaycan xalq mahnısı “Sarı gəlin”i və “tütək” musiqi alətini özününküləşdirmək istəyən ermənilər unudurlar ki, necə deyərlər, yalan ayaq açar, amma yeriməz. Azərbaycanda 1-ci Avropa Oyunlarının açılış mərasimində təşkil olunmuş kompozisiyada “Sarı gəlin”in ifa olunması ilə bir daha Avropaya, o cümlədən, bütün dünyaya bəyan edildi ki, bu möhtəşəm musiqi əsəri məhz bizim xalqımıza məxsusdur. Azərbaycan xalqının milli-mənəvi sərvətlərinə aid edilən digər incilərimiz də bu və ya digər formada dünya ictimaiyyətinə çatdırılır və ümumbəşəri sərvət kimi qorunur. Bu sahədə ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti Mehriban xanım Əliyevanın əməyi böyükdür.
    Məhz bu nöqteyi-nəzərdən Azərbaycanın mənəvi dəyərləri, mədəni irsi xalqımızın fəxr mənbəyi kimi dünya mədəniyyətində sevilib seçilir. Bu sahəyə dövlət tərəfindən qayğı, diqqət ilbəil artır, bu isə qeyri-maddi mədəni irsimizin gələcəyinə nikbin baxmağa ümid verir.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 09:37

    Teqlər:

İsmarıclar bağlıdır.