Azərbaycanın Milli Qəhramanı Vəzir Orucovun anım mərasimi keçirilib. Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri, döyüş yoldaşları əvvəlcə şəhidlər abidə–kompleksinin və qəhrəmanın büstü önünə tər gül-çiçək dəstələri qoyublar. Sonra tədbir rayon Mədəniyyət Mərkəzində davam etdirilib.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Vəzir Orucovun həyatı və qəhrəmanlıqla dolu döyüş fəaliyyəti barədə ətraflı danışıb.
Sonra “Tərtər Özünümüdafiə Batalyonu”nun keçmiş komandiri Pənah Məmmədov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Suliddin Yusibov, Tərtər “Cümə” Məscidinin axundu Sadiq Cəfərov, gənc şair Lamiyə İsazadə və digər döyüş yoldaşları çıxış ediblər.
Qəhrəmanın döyüş yoldaşları Qarabağ Müharibəsi veteranlarına, əlil və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda “Tərtər Ozünümüdafiə Batalyonu”na həsr olunmuş “Batalyon” flimi nümayiş olunub.
“Yeni Tərtər”