MKS-in təşkilatçılığı ilə aprel hadisələri zamanı şəhid olmuş Nicat İsgəndərovun anım mərasimi keçirilib. Tədbir iştirakçıları əvvəlcə şəhidin ailə üzvləri ilə birlikdə onun məzarını ziyarət ediblər.
Tədbir mərkəzi kitabxanada davam etdirilib. Torpaqlarımızın bütövlüyü uğrunda canından keçənlərin hamısının ruhu bir dəqiqəlik sükutla yad olunub. Ətrabə Süleymanova 2016-cı ilin aprel ayında baş vermiş 4 günlük müharibənin əhəmiyyətindən danışıb. Bildirib ki, Tərtərin igid oğlu, hamımızın sevimlisi Nicat İsgəndərov kimi qəhrəmanların sayəsində aprel hadisələri Qarabağ savaşında dönüş nöqtəsinə çevrildi, torpaqlarımızın bir qismi işğaldan azad edildi.
Çıxış edənlərdən MKS-in direktoru Ulduzə Qurbanova, Gülbəniz Səmədova, baş kitabxanaçı Kifayət Cavadova, tarixdiyarşünaslıq muzeyinin direktor əvəzi Aybəniz Məmmədova, Reyhan İsmayılova, Almas Həsənova, Şəlalə Əliyeva, Kəmalə Abbaszadə Nicat İsgəndərovun qısa, lakin çox şərəfli və mənalı həyat yolundan danışdılar.
Şəhər 1 saylı tam orta məktəbin şagirdləri Xədicə, Məhəmmədli Abbaszadələrin, Leyla İsgəndərovanın, şəhər 5 saylı tam orta məktəbin şagirdləri Aysel və Səma Əliyevaların ifasında səslənən şeirlər mərasim iştirakçılarını həm duyğulandırdı, həm də hər kəsin qəlbində sonsuz qürur hissi oyatdı.
Nicat İsgəndərovun anası Maya xanım şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz təşəkkürünü bildirdi.
Svetlana BAĞIROVA