ARIÇI ZÜLFİYYƏ
Son illər rayonumuzda qeyri-neft sektorunun sürətli inkişafı qadınların məşğulluq probleminin həllinə müsbət təsir göstərmişdir. Təbiətən zəhmətkeş, fədakar Azərbaycan qadınları onlar üçün yaradılan şəraitdən səmərəli istifadə edərək, həm ailələrini dolandırır, həm də iqtisadiyyatımızın möhkəmləndirilməsinə kömək edirlər.
Belə qadınlardan biri də sadə zəhmət adamı olan arıçı Zülfiyyə Ağayevadır. Zülfiyyə deyir:
–Əvvəllər ailəmiz çox çətinliklə dolanırdı. Elə bir iş görmək istəyirdim ki, müəyyən gəlir əldə edərək oğlum Hikmətin gələcəyi barədə düşünə bilim. Mənə arıçılıqla məşğul olmağı məsləhət gördülər. Hazırda 10 arı ailəm var.
Zülfiyyənin dediklərinə əlavə etmək istəyirik ki, o, bu işi təkbaşına görmür. Rayonumuzdakı Arıçılar Assosiasiyasının üzvüdür. Bu sahədə təcrübəsini də assosiasiyanın vasitəsilə artırır. Belə ki, arıçılıqda vacib olan tədbirlərin keçirilməsi barədə vaxtlı-vaxtında məlumatlandırılaraq onları yerinə yetirir, çətinliyə düşərkən faydalı məsləhət alır.
Əsas məsələ isə, əlbəttə ki, istehsal edilən məhsulun bazarının olmasıdır. Arıçı qadın bildirdi ki, əgər əvvəllər hazır məhsulu satmaqda çətinlik çəkirdisə, indi bunlar aradan qaldırılıb. Assosiasiyanın vasitəsilə Tərtər balı müxtəlif yarmarkalara çıxarılır və alıcılar tərəfindən həvəslə alınır.
Bu işə başlayarkən təcrübəli yoldaşlarından aldığı bir məsləhəti Zülfiyyə daim yadda saxlayır: “Arıçı peşəsi halallığı sevir”
Halal zəhmətin ailənə bol ruzibərəkət gətirsin, arıçı Zülfiyyə, 8 Mart bayramın mübarək!
“Yeni Tərtər”