1983-cü ildə Gəncə Yüngül Sənaye Texnikumum bitirən Şükufə Verdiyeva elə həmin il yaşadığı Azadqaraqoyunlu kəndində yerləşən pambıqtəmizləmə zavodunda əmək fəaliyyətinə başladı. Təhsil müddətində yiyələndiyi biliklər, üstəlik uşaqlıqdan pambıqçılığa olan marağı onun yaxşı laborant kimi yetişməsinə kömək etdi. Təcrübəli işçi və qayğıkeş iş yoldaşı olan Şükufə xanımın kollektivdə böyük hörməti var.
O, həm də rayonumuzun sahibkar qadınlarının bir nümayəndəsidir. Öhdəsində olan pay torpağında pambıq becərərək, bol məhsulun yetişdirilməsinə nail olur. Bu barədə Şükufə xanım özü belə deyir:
–Pambıqçılıq gəlirli sahədir. Əkinçi təsərrüfat ili ərzində əziyyət çəksə də, zəhmətinin bəhrəsini görür. Hərdən bugünkü pambıqçıların işini ötən illərlə müqayisə edirəm. Çox böyük irəliləyiş var. İndi tarlalarımızda ən müasir texnika işləyir, məhsuldar toxumlar əkirik. Dövlətimiz hər bir problemimizlə maraqlanır, bizə subsidiya verir. Ona görə də ildən-ilə bu sahədə çalışanların sayı artır.
Şükufə xanımın ailəsində Yeganə adlı yeganə qızı böyüyür. O deyir ki, ən böyük arzusu qızını xoşbəxt görməkdir. Biz də bu istəyə qoşularaq, halal zəhmətilə ucalan zəhmətkeş qadına və bu ocağın övladına xoş günlər, cansağlığı arzulayırıq.
“Yeni Tərtər”