Tərtərdə Novruz bayramı xoş bir ovqatla qarşılandı. Minlərlə tərtərlinin qatıldığı bayram şənliyi həmşəki kimi şəhərin Mərkəzi meydanında keçirildi. Meydan milli-mənəvi dəyərlərimizin, Novruz rəmzlərinin sərgiləndiyi füsunkar bir məkana çevrilmişdi. Bir tərəfdə nəhəng səməni bəzədilmiş, bir tərəfdə isə bayram tonqalı alovlanırdı. Meydanda nümayiş etdirilən qədim məişət əşyaları, kəndirbazların və pəhləvanların oyunları, Novruzun gəlişini özündə əks etdirən rituallar, rəqslər keçmişimizlə bugünümüz arasında körpü yaradaraq, bayram iştirakçılarına xoş ovqat bəxş edirdi. Kosa və Keçəlin zarafatları, məzəli söhbətləri isə bayram sevincini daha da artırırdı.
Dədə Qorqudun və Bahar qızın meydana daxil olması, onların xoş arzuları alqışlarla qarşılandı.
Novruz şənliyində rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək baharın yurdumuza gəlişi münasibəti ilə bütün tərtərliləri təbrik etdi və rayonda aparılan abadlıq-quruculuq işlərindən, qazanılan nailiyyətlərdən söz açdı. Rayon rəhbəri bildirdi ki, bu bayram günündə tərtərlilərin fəxr etməyə haqqı vardır. Çünki ötən ilin sonunda ölkə başçısı İlham Əliyevin rayonumuza səfərindən sonra xeyli uğurlu işlər görülmüşdür. Ölkə başçısının diqqət və qayğısı sayəsində Novruzqabağı günlərdə Qarabağa Böyük Qayıdışın ikinci mərhələsi məhz Tərtər rayonunun ərazisindən başlandı. 1170 ailə Şıxarxda məcburi köçkünlər üçün tikilən müasir şəhərcikdəki yeni, rahat mənzillərə köçüb, tarix-diyarşünaslıq muzeyi istifadəyə verilib, 4 kəndi
birləşdirən avtomobil yolu yenidən qurulub, 5 Qarabağ müharibəsi əlili və şəhid ailəsi üçün fərdi evlər tikilib, rayonumuzda Olimpiya Kompleksinin təməli qoyulur. Şəhərimizin Elman Səfərov küçəsində 100 yerlik ikimərtəbəli körpələr–evi uşaq bağçasının tikintisinə başlanmışdır.
Heydər Əliyev prospektində xalça istehsalat emalatxanasının, Bayraq Muzeyinin, icra hakimiyyətinin, su–kanal idarəsinin inzibati binalarının tikintisinə başlamaq üçün hazırlıq işləri görülür.
Tərtər çayının sol sahilində 5 hektar sahədə inşa olunan mədəniyyət və istirahət parkında işlərə yenidən başlanıb.
Rayonumuzun qazlaşdırılmayan 7 kəndinə də mavi yanacaq veriləcəkdir. Bununla da rayonumuzun yaşayış məntəqələri 100 faiz qazlaşdırılmış olacaqdır.
Yaxın vaxtlarda rayonumuzun daha 5 kəndinin əhalisi içməli su ilə tam təmin olunacaqdır.
Kəndlərimizə abad yolların çəkilişi davam edir. Ötən təsərrüfat ilində kənd əməkçilərimiz bütün sahələr üzrə uğurlar qazanaraq yüksək nəticələr əldə etmişlər.
Hazırda baharın gəlişi ilə əlaqədar, kənd əməkçiləri tarlalara çıxaraq cari ilin bol məhsulunun bünövrəsini qoyurlar.
Rayon rəhbəri sonra bildirdi ki, qarşıda bizi daha məsuliyyətli bir siyasi kampaniya gözləyir. İnanıram ki, aprelin 11-də ölkədə keçiriləcək Prezident seçkiləri uğurla başa çatacaq, xalq öz liderinə səs verəcəkdir.
Bütün tərtərlilər adından cəbhə bölgəsi olan Tərtər rayonuna göstərdiyi həssas diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirirəm. Ölkə başçısını əmin edirəm ki, bundan sonra da dövlətçiliyimizin mökəmləndirilməsində, vətəndaşların maddi-rifahının yaxşılaşdırılmasında əlimizdən gələni əsirgəməyəcəyik.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsə rayon icra hakimiyyəti və YAP rayon təşkilatı tərəfindən fəxri fərman, qiymətli hədiyyələr təqdim olundu.
Novruz şənliyi musiqi sədalarının müşayiəti ilə axşama qədər davam etdi. Meydana toplaşan minlərlə tərtərli bu bayram tədbirindən yüksək əhval-ruhiyyə və xoş ovqatla ayrıldı.
Bayram tədbirləri rayonumuzda bir neçə gün davam etdi.
“Yeni Tərtər”