Novruz bayramı münasibətilə Tərtər Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə birgə “N” saylı hərbi hissədə bayram tədbiri keçirib.
Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edib, sonra əsgər və zabitlərlə birlikdə Azərbaycan Respublikasının himnini oxuyublar.
Bayram tədbirini giriş sözü ilə açan hərbi hissə komandiri belə görüşlərin əsgərlər üçün mənəvi dəstək olduğunu, onlarda ruh yüksəkliyi yaratdığını söyləyib.
Tərtər Rayon İcra Hakimiyyəti Başçısının İctimai-Siyasi və Humanitar Məsələlər Şöbəsinin müdir müavini Elvin Umudov, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş Sektorunun müdiri Əli Məmmədov xalqımızın əziz bayramı olan Novruz münasibətilə hərbçiləri təbrik ediblər.
Sonra musiqi kollektivlərinin əsgərlər qarşısında geniş konsert proqramı ilə çıxışları olub.
* * *
Tərtər Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Hərbi Prokurorluğu ilə birlikdə rayon ərazisində yerləşən hərbi hissələrin birində də bayram şənliyi keçiriblər.
Novruz bayramı rayonumuzun ərazisində yerləşən digər hərbi hissələrdə də təşkil olunub.
Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov hərbi hissələrdə keçirilən Novruz şənliklərində iştirak edib.
“Yeni Tərtər”