Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 29Mar

    BƏŞƏRİYYƏT ÜÇÜN TƏHLÜKƏLİ MİLLƏT

    Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü iki ölkə arasında müharibəyə gətirib çıxardı. Ermənistan onu himayə edən dövlətlərin birbaşa hərbi yardımı nəticəsində Dağlıq Qarabağ Muxtar Vilayətini və onun ətrafındakı rayonları işğal etdi.
    Ermənistanın hərbi təcavüzü nəticəsində Şuşada Alban məbədləri, Şuşa Tarix-Memarlıq Qoruğuna daxil olan qala divarları, Qarabağ xanlarının iqamətgahları, Xurşidbanu Natəvanın ev muzeyi, Molla Pənah Vaqifin məqbərəsi, yüzlərlə tarixi-memarlıq və təbiət abidələri işğal edilmişdir. Cəbrayıl rayonu ərazisində bölgənin çox qiymətli memarlıq abidələri olan Xudafərin körpüləri işğal altındadır. 1991-1994-cü illərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Qubadlı, Zəngilan və Cəbrayıl) əraziləri işğal edilmişdir. 20 min nəfərdən artıq azərbaycanlı həlak olmuş, 4866 nəfər itkin və əsir düşmüş, girov götürülmüşdür. Təxminən 100 min nəfər yaralanmış, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur. Hərbi təcavüz ölkəmizin 17 min kv. km. ən məhsuldar torpaqlarının işğalına, 900 yaşayış məntəqəsinin, 130939 evin, 2389 sənaye və kənd təsərrüfatı obyektinin, 1025 təhsil və 798 səhiyyə ocağının, 1510 mədəniyyət müəssisəsinin, 5198 km avtomobil yollarının, 348 körpünün, 7568 km su və 76940 km elektrik xətlərinin dağıdılmasına səbəb olmuşdur. Erməni işğalçıları tərəfindən talan edilmiş regionun muzeylərində Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəssamlıq və mədəniyyət əsərləri, dünya şöhrətli xalçalar, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları və digər qiymətli materiallar toplanmışdı. İşğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektləri xüsusi qəddarlıqla məhv edilmişdir. Ələ keçirdikləri ərazilərdə 12 muzey, 6 rəsm qalereyası, tarixi əhəmiyyətli 9 saray qarət edilmiş və yandırılmışdır. Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı talan olunmuşdur. İşğal olunmuş ərazilərdə qalan 152 ibadət yeri, məbəd, o cümlədən 62 məscid erməni təcavüzünün qurbanına çevrilmişdir. Dağıdılan və yandırılan 927 kitabxanada 4,6 milyon kitab və misilsiz əlyazma nümunələri məhv edilmişdir. Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda Azərbaycanın milli mədəniyyət ocaqlarına erməni təcavüzkarlarının vurduqları ziyanı dəqiq hesablamaq mümkün deyildir, çünki talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də bütün dünya sivilizasiyasının misilsiz mə-dəniyyət nümunələridir. Əhaliyə vurulmuş mənəvi-psixoloji zərbə ilə yanaşı, ilkin hesablamalara görə, Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində Azərbaycan iqtisadiyyatına 300 milyard ABŞ dollarından çox ziyan dəymişdir. Bu gün Şuşa rayonunun 39 ərazi vahidi, Ağdam rayonunun 138 ərazi vahidindən 80-i, Kəlbəcər rayonunun 147 ərazi vahidi, Xocalı rayonunun 52 ərazi vahidi, Xocavənd rayonunun 83 ərazi vahidindən 10 azərbaycanlı kəndi, Laçın rayonunun 127 ərazi vahidi, Qubadlı rayonunun 94 ərazi vahidi, Zəngilan rayonunun 85 ərazi vahidi, Cəbrayıl rayonunun 97 ərazi vahidindən 96-sı, Füzuli rayonunun 100 inzibati ərazi vahidindən 54-ü, sonradan keçmiş Ağdərə rayonunun Tərtər rayonu-na birləşdirilmiş 13 ərazi vahidi, Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 yaşayış məntəqəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bunlardan əlavə, Dağlıq Qarabağla və Ermənistanla həmsərhəd olan Ağcabədi rayonunda 1 kənd, Gədəbəy rayonunda 2 kənd, Tovuz rayonunda 8 kənd, Naxçıvan Muxtar Respublikasında 1 kənd Ermənistanın hərbi təcavüzü nəticəsində ziyan çəkmişdir. Şuşa, Ağdam, Füzuli Cəbrayıl, Zəngilan və Qubadlı şəhərləri Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə viran və talan edilmişdir. Laçın və Kəlbəcər şəhərlərində Ermənistandan və xaricdən köçürülüb gətirilən ermənilər məskunlaşdırılmışdır. Ağdam və Füzuli şəhərlərinin bugünkü görünüşləri 1945-ci ildə atom bombası ilə dağıdılan Xirosima və Naqasaki şəhərlərini xatırladır.
    Tarixi Azərbaycan ərazisi olan indiki Ermənistan ərazisində mindən artıq azərbaycanlı yaşayış məntəqəsi, yüzlərlə tarixi-memarlıq abidələri, karvansaralar, imarətlər, məscidlər, mavzoleylər, məqbərələr, qəbiristanlıqlar, qəbirüstü abidələr və s. mövcud olmuşdur. XX əsrdə ermənilərin azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə və tarixi abidələrə qarşı həyata keçirilən vandallıq aktları nəticəsində monoetnik erməni dövləti yaranmış, azərbaycanlıların varlığını özündə əks etdirən bütün tarixi-memarlıq abidələri yer üzündən silinmiş, qəbiristanlıqlar dağıdılmışdır. XX əs-rin əvvəllərində İrəvan quberniyası ərazisində 310 məscid qeydə alındığı halda, bu gün Ermənistan ərazisində yalnız bir məscid–Göy məscid qismən salamat qalmışdır ki, onu da xarici qonaqlara “fars” məscidi kimi təqdim edirlər.
    1988-1989-cu illərdə Ermənistanın 22 rayonundan (170 sırf azərbaycanlı və 94 ermənilərlə qarışıq yaşayış məntəqələrindən) 250 minə yaxın azərbaycanlı deportasiya edildi. Bununla da tarixi Azərbaycan torpaqlarında monoetnik erməni dövlətinin əsası qoyuldu. Azərbaycanlıların qoyub getdikləri yaşayış məntəqələrindəki 234 məktəb, 214 kitabxana, 268 mədəniyyət müəssisəsi, 235 səhiyyə ocağı, 112 uşaq bağçası, 152 məişət evi ermənilərin əlinə keçdi. Azərbaycanlılara məxsus 223 qəbiristanlıq, 49 məscid, 68 tarixi-memarlıq abidəsi tədricən erməni vandalları tərəfindən səssiz-səmirsiz dağıdılır. İstər Azərbaycanın işğal edilmiş ərazilərində, istərsə də Ermənistan respublikası ərazisində azərbaycanlılara məxsus maddi-mədəni irsin məhv edilməsi və yer üzündən silinməsi prosesi bu gün də erməni vandalları tərəfindən davam etdirilir. İşğal altındakı ərazilərdəki Azərbaycanın yeraltı və yerüstü sərvətləri vəhşicəsinə talan edilərək Ermənistana daşınır. Beynəlxalq təşkilatlar isə bütün bunları görmək, erməni işğalına və erməni vandalizminə “Dur!” demək istəmirlər.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:51

    Teqlər:

İsmarıclar bağlıdır.