Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır.
Mərhələ-mərhələ gücləndirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən, min illər boyu yaşadıqları tarixi torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.
XX əsrin əvvəllərində ermənilər təkcə bu gün Ermənistan adlanan ərazi deyil, Bakı quberniyasının Bakı, Şamaxı, Quba şəhəri, Göy-çay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirmişlər.
Ötən əsrin əvvəllərindən başlayaraq ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırımı və deportasiya siyasəti 1918-1920-ci illərdə xüsusən genişlənmişdir.
1918-ci ilin mart ayının son üç günündə təkcə Bakıda otuz mindən çox əhalini ermənilər xüsusi amansızlıqla qətlə yetirmişlər. Mart soyqırımı zamanı Bakının şəhər camaatından o dövrün pulu ilə 400 milyon manatlıq daş-qaş və əmlak ələ keçirilmişdi. Mart qırğınları haqqında müstəqil tədqiqatçı Kulqe yazır: «Ermənilər musəlman əhalisini işgəncələrlə öldürür, şəmşirlərlə parçalayır, süngü ilə dəlik-deşik edir, körpə uşaqları süngüyə keçirir, cəsədlərin burun, qulaq və başlarını kəsir, evlərə od vurub sakinlər qarışıq yandırır, qadınları soyundurur və saçlarını bir-birinə bağlayaraq tüfəngin qundağı ilə ölüncəyə qədər döyürdülər». Kulqe ermənilər tərəfindən üzü divara çevrilərək itlərə parcaladılan azərbaycanlıların şəkillərini də çəkmişdir.
Mart qırğını haqqında olan mənbələrdə göstərilir ki, ermənilər bir çox qədim binaları, o cümlədən Cümə məscidini, İsmailiyyə binasını top atəşinə tutaraq dağıtmışlar.
Ötən əsrdə dörd dəfə-1905-1906, 1918-1920, 1948-1953 və 1988-ci ildən başlayan və bu gün də davam edən ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı və deportasiya siyasəti özünü Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə aydın şəkildə göstərir və onu deməyə əsas verir ki, ermənilərin xalqımıza olan tarixi münasibəti dəyişməyib.
1918-ci ilin mart soyqırımı zamanı Bakı ilə yanaşı Şamaxı da dəhşətli talan və vəhşiliklərə məruz qalmışdı. Şamaxının müsəlmanlar yaşayan hissəsinin hamısına od vurulmuş, 13 məhəllə məscidi və məşhur müqəddəs ocaq Cümə məscidi yandırılmışdı. Həmin günlərdə Şamaxı qəzasının 53 kəndində ermənilər 8 mindən çox azərbaycanlını qətlə yetirmişdilər ki, onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaqlar olmuşdur.
Əvvəlcədən qurulmuş plana görə, daşnak-bolşevik qoşunu Şamaxını işğal etdikdən sonra Quba qəzasına daxil olmalı idi. Həmin dövrdə Şaumyan Cənubi Qafqazda böyük Ermənistan dövləti yaratmaq üçün bütün imkanlardan istifadə edirdi.
Ermənilər bolşeviklərin köməyi ilə Quba qəzasında üç dəfə qırğın törətmişlər. Ermənilərin vəhşilikləri nəticəsində 1918-ci ilin ilk 5 ayı ərzində burada 16 mindən çox insan məhv edilmişdir. Ayrı-ayrı mənbələrə və şahidlərin dediklərinə əsasən, qırğın zamanı 12 minədək ləzgi, 4 mindən çox azəri türkü öldürülmüşdü. Qeyd olunan hadisələr zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi dağıtmışdılar ki, bunlardan 35-i hazırda mövcud deyildir.
1918-ci ilin yazından başlayaraq, Ermənistanda (Qərbi Azərbaycan) yaşayan azərbaycanlılar da erməni-bolşevik dəstələri tərəfindən soyqırımına məruz qalmışlar. Ermənilər «Böyük Ermənistan» yaratmaq üçün ilk növbədə Qərbi Azərbaycandakı müsəlman əhalini buradan çıxarmağa və bu məkrli planın reallaşmasına çalışırdılar. Təkcə 1918-ci ilin aprel ayının sonunda bu ərazidə dağıdılmış müsəlman kəndlərinin sayı 199-a çatırdı.
-
29Mar
Müəllif: Redaktor, 10:43
Teqlər: Digər