Hörmətli tərtərlilər! Əziz bacı və qardaşlarım!
Bildiyiniz kimi, xalqımızın erkən mifoloji təsəvvürlərindən bəhrələnən qədim və möhtəşəm bayramlardan biri Novruzdur. Bu bayram xalqımızın mənəvi dünyasını, adət-ənənələrini özündə yaşadaraq nəsildən-nəsilə ötürür.
1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamından sonra Novruz ölkəmizdə artıq rəsmi dövlət bayramı kimi keçirilməyə başlanıb. 2010-cu ildə isə Birləşmiş Millətlər Təşkilatının baş məclisi 21 mart tarixini “Beynəlxalq Novruz günü” elan edib.
Novruz rayonumuzda da geniş və təntənəli şəkildə qeyd olunur. Tərtərlilər yazın gəlişi, torpağın oyanışı münasibətilə şənlik edir, bahara yeni arzular və xoş ovqatla qədəm qoyurlar.
Builki bayram bizim üçün xüsusilə əlamətdardır. Ona görə ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Novruzqabağı günlərdə Qarabağa Böyük Qayıdışın ikinci mərhələsi məhz rayonumuzun ərazisində başlandı. 1170 ailə Şıxarxda məcburi köçkünlər üçün tikilən müasir şəhərcikdəki yeni, rahat mənzillərə köçdü. Rayonumuzda Olimpiya Kompleksinin təməli qoyuldu, kəndlərimizdə abad yolların çəkilişinə başlandı.
Ötən təsərrüfat ilində qazanılan uğurlardan ruhlanan kənd əməkçiləri daha böyük həvəslə tarlalara çıxaraq, cari ilin bol məhsulunun əsasını qoyurlar.
Tərtərlilər Novruzu alnıaçıq, xoş niyyətlərlə qarşılayırlar.
Onlar əmindirlər ki, qarşıdakı ildə birlikdə, ümumi zəhmətimiz nəticəsində daha xoş günlərə qovuşacağıq.
Mən sizin hər birinizi, o cümlədən Tərtər rayonunda məskunlaşan məcburi köçkün və qaçqın bacı və qardaşlarımızı, səngərlərdə gecə-gündüz keşik çəkən əsgər və zabitlərimizi bolluq, bərəkət, xeyirxahlıq rəmzi olan Novruzun gəlişi münasibəti ilə ürəkdən təbrik edir, sizlərə cansağlığı, yeni-yeni əmək xarüqələri, ailə səadəti arzulayıram.
Novruz bayramınız mübarək!
-
14Mar
Müəllif: Redaktor, 14:08
Teqlər: Milli-mənəvi dəyərlər