Müasir dünyamızda hamılıqla sevinəcəyimiz, çox az, bəlkə də barmaqla sayılacaq qədər tarixi günlərimiz var. Bu tarixi günlərin arasında bir gün də vardır ki, həmin məqam yaxınlaşdıqca hamının gözündə həyat eşqi parlayır. Bu bayram tanrının biz bəndələrinə bəxş etdiyi ən xoş gün kimi dəyərləndirilə bilir. Öz ətri, öz qoxusu olan bu bayramın adı Novruz kimi tarixə düşsə də, bu, daha çox milli birlik, tükənməz ümid, sabaha inam bayramıdır. “Novruz” sözünün mənasını yeni gün, yeni il, yeni gül, təzə il kimi yozanlar heç də yanılmamışlar. Ən azı ona görə ki, bu bayram əkinçiyə bol məhsul, xəstəyə sağlamlıq eşqi, millətə inamla yaşamaq həvəsi verir. Novruz min illərdir ki, öz xüsusiyyətləri ilə xalqımızın milli birlik ideyalarının qorunması, milli-mənəvi dəyərlərin yaşadılması, bütün bunların inkişaf etdirilərək gələcək nəsillərə ötürülməsi kimi olduqca mühüm bir vəzifənin öhdəsindən uğurla gəlir.
Azərbaycanda milli bayram kimi hər il yüksək səviyyədə qeyd olunan Novruz xalqın müqəddəs etiqadına söykənməklə, özündə böyük ülvi və dünyəvi duyğuları təcəssüm etdirir. Bu, yeganə bayramdır ki, xalqımız onun müjdəsinə bir ay qalmış çıxır və bayram hazırlıqları görür. Novruz gecə-gündüz bərabərliyi deməkdir. Xalqımız bu bayram ərəfəsində çərşənbələrə daha böyük önəm verir. Novruzun əsas ünsürləri su, od, yel, torpaq adlanan çərşənbələrdir.
Novruz bayramında “Hakışta”, “Bənövşə”, “Kosa-kosa” oynayırlar. Keçəl və Kosa məclisləri şənləndirir, özlərinə pay yığırlar. Bütün bunlar isə Novruz bayramının milli birliyə xidmət edən bir-birindən maraqlı elementlərindəndir. Xal-qımızın adət-ənənəsinin bütün gözəlliyini bu bayramda daha aydın görmək olur. Hər kəndin, obanın milli sərvətimiz olan bu adətlərimizə, folklor mədəniyyətimizə özündən zənginliklər, yeniliklər əlavə etməsini gördükcə insan millətimizin iste-dadı ilə, incə zövqü ilə fəxr edir.
Novruz bayramı təkcə Azərbaycanda deyil, soydaşlarımızın yaşadıqları müxtəlif xarici ölkələrdə də qeyd edilir. Bu mərasimlərdə xoş ünsiyyət onları bir-biri ilə sıx şəkildə bağlayır, hər bir soydaşımızda milli-mənlik şüurunu, azərbaycançılıq, vətənə bağlılıq hissini gücləndirir. Novruz bayramı azərbaycanlıları vətənə, ata-baba yurdları olan Azərbaycana, milli köklərə daha çox bağlayır.
Ümummilli Liderimiz Heydər Əliyev Novruz bayramını xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, böyüklük və yaşam gücünü qidalandıran fenomen kimi qiymətləndirmişdir. Sovet ideologiyasının tüğyan etdiyi zamanlarda da öz mənasını itirməyən bu bayramı qorumaq, onu yaşatmaq bu gün hər bir azərbaycanlının borcu-dur. Biz də çalışırıq ki, bu adət-ənənələri itməyə qoymayaq, onları gələcək nəsillərə çatdıraq.
Artıq Novruz Azərbaycana qədəm qoymaqdadır. İlaxır çərşənbəsi Azərbaycan xalqının həyatına sevinc, şadlıq gətirməkdədir.
Mən inanıram ki, gələcək Novruz bayramını ikiqat sevinclə yaşayacağıq. Bayramımıza da bir bayram qatacağıq. Bu, Qarabağın azadlıq günü olacaqdır. Həmin gün insanlar bir-birini bağrına basıb təbrik edəcək, hər evdə ən gözəl yeməklər bişəcək. O gün uzaqda deyil, inşallah, tezliklə gələcək, biz yeni bir həmrəyliyi, milli birliyi bayram edəcəyik.
Aygün HƏSƏNOVA,
Hüsənli kənd tam orta məktəbinin ədəbiyyat müəllimi