Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 14Mar

    Ömrümüzün bir qışı da sona çatdı. Yerini yaza verdi, bahar gəldi. Ətirli, füsunkar, nazlı-qəmzəli, nəğməli, cəh-cəhli, hərarətli bir yaz. Qədəmin sayalı olsun, bolluq, bərəkət ilinə çevirəsən ilimizi. Gör necə sevimlisən anan Təbiət üçün. Səni üç qardaşa bir bacı bilib adını Bahar qoyub Təbiət. Bu ad sənə yaraşır, sən də ruhumuzu oxşayırsan. Hər yerdə oyanış başlayır. Dörd çərşənbə sənin nişanələrindir.
    “Su çərşənbəsi” sularımızın donun açıb axarlı, edir, “od çərşənbəsi” torpağın hərarətini artıraraq oyanış yaradır, “torpaq çərşənbəsi” insanları əkin-biçinə ruhlandırır, çağırır, “yel çərşənbəsi” otları, ağaçları göyərdir, çiçəklədir, köçüb-gedən quşları geri qaytarır. Bununla da sənin gəlişin el-obamızı sevindirir. Hər gəlişin həsrətlə gözlənildiyindən ən gözəl təamlarımız süfrələrimizə düzülür, sənin şərəfinə. Göyərdilmiş yamyaşıl səmənilər bənövşə, nərgizlə bəzədilərək baharın rəmzinə çevrilir. Dadlı şirniyyatlar–şəkərbura, paxlava, badambura, qoğallar, ətirli plovlar–səbzili, qovurmalı, çolpalı süfrələrimizə yaraşıq verir. Bütün bunları etməklə ilimizin daha bolluqla keçməsini arzulayırıq. Yaxınlarımıza, ürəyimizdən, könlümüzdən keçən imkansızlara süfrəmizdəki təamlardan pay ayırırıq, onların da bayramları xoş keçsin deyə. Nişanlı qızlarımıza oğlan evindən sovqat tutulur, hədiyyələr alınır, oğlan evinə isə qız tərəfindən xususi xonçalar hazırlanıb göndərilir. Axı, Bahar bayramı bizim milli adətimizdir. İllər ötsə də, bu ənənə unudulan deyil, ildən-ilə nəsildən-nəsilə ötürülərək qanımıza, iliyimzə hopur.
    Ömrümüzə gələn bu yaz bizim işğalda olan yurd yerlərimizə qayıdışımızı yaxınlaşdırır. Bu baharda Tərtərdə məskunlaşan qaçqın və köçkünlərimizin qəlbləri sevindi–onlar yeni mənzillərə köçdülər, özü də düşmənin bir addımlığına. Sanki əl uzatsan əlin çatar o doğma yerlərə. Hərdən ürəyindən o yolları üzü yuxaı qalxmaq istərsən xəyallarında–Umudluya, Ağdərəyə, ta Kəlbəcərə kimi gedib çatarsan Vətən həsrətli Vətən oğlu! Uçub gələn qaranquşlar sənə mujdə gətirəcək.
    İnanırıq ki, 2018-ci ilin ömrümüzə gələn bu baharı bizi daha çox sevindirəcək, həsrət qaldığımız obalara-ellərə qovuşmağa yaxınlaşdıracaq. Həsrət yaşı tökən gözlərimizin niskili çəkiləcək. Bu bahar ümid, inam Baharımıza cevriləcək, öz gəlişi ilə fərqlənəcək!

    Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 10:12

    Teqlər:

İsmarıclar bağlıdır.