8 Mart bayramının tarixi 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətil etməsindən başlanır.
1908-ci il martın 8-də isə Nyu-York Sosial-Demokrat Qadın Təşkilatının çağırışı ilə 15 min qadın daha qısa iş günü, kişilərlə bərabər əmək haqqı və səsvermə hüququ uğrunda nümayiş keçirib. Nümayişdə ilk dəfə olaraq dekret icazəsi istəyən qadınların şüarı “Çörək və gül” idi. Çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha yaxşı həyat tərzini ifadə edirdi.
İlk Qadınlar Günü mərasimi 1909-cu ilin 28 fevralında Nyu-Yorkda baş tutmuşdur.
1910-cu ildə isə Klara Setkin adlı alman qadının təklifi ilə qadın mübarizəsinin genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq hər il 8 Mart gününü bütün dünyada Qadınlar Günü kimi qeyd etmək qərara alınmışdır.
Azərbaycanda 8 Mart xüsusi təmtəraqla qeyd olunur. Müstəqil ölkəmizin qadınları kişilərlə bərabər həyatımızın müxtəlif sahələrində uğurlu fəaliyyət göstərirlər.
1 yanvar 2017-ci il tarixə olan məlumata görə, Tərtər rayonunun əhalisi 103 min 621 nəfərdir. Bunlardan 52 min 291 nəfərini, yəni 50,5 faizini qadınlar təşkil edir. Rayonda dövlət qulluğunda çalışan 235 nəfərdən 59-u, yəni 25,19 faizi qadınlardır.
Rayonda 2 icra nümayəndəsi, 3 bələdiyyə sədri qadındır.
Ümumilikdə, Tərtərdə rəhbər vəzifələrdə çalışan qadınların sayı 51 nəfərdir. Onlardan 3-ü darə müdiridir.
Rayonumuzun ictimai həyatında böyük nüfuza malik YAP Tərtər Rayon Təşkilatının fəaliyyətində qadınların xüsusi rolu vardır. 6 min 107 nəfər təşkilat üzvündən 3 min 267 nəfəri qadındır və bu qadınlar rayonun ictimai-siyasi həyatında yaxından iştirak edirlər.
Tərtər qadınlarının gərgin və səmərəli fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Müstəqillik illərində onlardan bir çoxu Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə fəxri adlara və medallara layiq görülübdür.
“Yeni Tərtər”