Mərasimdə gənclər və idman naziri Azad Rəhimov, rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev və digər rəsmilər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov respublika Prezidenti cənab İlham Əliyevin cəbhə bölgəsi olan Tərtər rayonuna göstərdiyi diqqət və qayğıdan söhbət açıb. Rayon rəhbəri bildirib ki, möhtərəm Prezidentin Sərəncamı ilə rayonda 100 yerlik uşaq bağçasının, Kovdadıq və Zolgörən kəndlərində modul tipli məktəblərin quraşdırılmasına başlanıb. Otən ildə iki kənddə-Bayandur və Poladlı kəndlərində modul tipli məktəblər quraşdırılaraq istifadəyə verilib.
İndi isə Olimpiya İdman Kompleksinin təməlqoyma mərasiminə yığılmışıq. Rayon rəhbəri cəbhə bölgəsi olan Tərtər rayonuna göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə tərtərlilər adından öz minnətdarlığını bildirib. Qeyd olunub ki, tərtərlilər dövlətə və dövlətçiliyə sadiqdirlər və həmişə olduğu kimi yenə də respublika Prezidentinin ətrafında sıx birləşiblər.
Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin Azərbaycanda idmanın inkişafına yüksək diqqət və qayğı göstərdiyini bildirən nazir Azad Rəhimov hazırda ölkəmizdə 43 Olimpiya İdman Kompleksinin fəaliyyət göstərdiyini qeyd edib.
“Bu gün Azərbaycanda növbəti 44-cü Olimpiya İdman Kompleksinin təməli qoyulur. Bu il ölkəmizdə daha iki – Lən-kəran və Beyləqan Olimpiya İdman kompleksləri istifadəyə veriləcək. Cəbhə bölgəsində yaşayan gənclərin sağlam hə-yat tərzi sürmələri, onların idmanla sərbəst məşğul olmaları üçün Olimpiya İdman kompleksləri mühüm rol oynayır”.
Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən ayrılmış dörd hektar ərazidə inşa ediləcək Olimpiya İdman Kompleksinin ümumi sahəsi 10 min 792 kvadratmetrdir. İdman infrastrukturunda 1036 tamaşaçı tribunası olan, müxtəlif idman növləri üzrə məşqlərin və yarışların keçirilməsi üçün nəzərdə tutulan universal zal, 174 tamaşaçı yerlik, uzunluğu 24, eni 12 metr üzgüçülük hovuzu, 152 tamaşaçı yerlik güləş, boks və trenajor zalları inşa ediləcək. Burada, həmçinin 54 çarpayılıq, 22 otaqdan ibarət mehmanxana, restoran, mətbəx, həkim otaqları, inzibati kabinetlər, tamaşaçılar üçün sanitar qovşaqlar, digər texniki və köməkçi otaqların inşası nəzərdə tutulub.
Kompleksin ərazisində min tamaşaçı yerlik tribunası olan stadion, mini futbol, voleybol və basketbol meydançaları da inşa ediləcək.
“Yeni Tərtər”