Tərtər Rayon İcra Hakimiyyəti Xocalı soyqırımının 26-ci ildönümü ilə bağlı hazırlanmış Tədbirlər Planına uyğun olaraq təhsil şöbəsi, gənclər və idman idarəsi ilə birlikdə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Xocalım–qan yaddaşım” mövzusunda inşa yazı müsabiqəsi keçirib.
Müsabiqənin birinci mərhələsi rayonun bütün məktəblərində, yekun mərhələsi isə uşaq-gənclər şahmat məktəbində keçirilib. Müsabiqədə 44 ümumtəhsil məktəbindən 44 şagird iştirak edib. Tədbirdə əvvəlcə rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Tunarə Məmmədzadə, gənclər və idman idarəsinin rəisi Emin Pənahov, rayon təhsil şöbəsinin nümayəndəsi İntiqam Nuriyev məktəblilərə Xocalı soyqırımı qurbanları haqqında məlumat vermişlər. Qeyd olunmuşdur ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Hadisələrin gərginləşdiyi zaman, 4 aydan artıq mühasirədə qaldığı üçün 4000 insan tədricən şəhəri tərk etmişdir. Xocalı soyqırımında 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca güllələndi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.
İlk 3 yerin qalibi rayon gənclər və idman idarəsi tərəfindən diplomlarla mükafatlandırıldı.
-
07Mar
Müəllif: Redaktor, 10:17
Teqlər: Xəbərlər