Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 23Fev

    VƏTƏNPƏRVƏR, FƏAL VƏ BİLİKLİ GƏNCLƏR AZƏRBAYCAN DÖVLƏTİNİN ƏN BÖYÜK SƏRVƏTİDİR

    2017-03-29-17-00-56kivdfƏsl azərbaycanlı haqqında söhbət
    Rayonumuzdakı Heydər Parkı digər bölgələrdəkindən seçilir. Bu fərq onun təbii relyefi ilə bağlıdır. Parkın içərisindən keçən iki təbii arx bura xüsusi gözəllik verir. Nəvələrim Heydər Parkında gəzməyi çox sevirlər. Amma bir məsələ onları narahat edir: nəyə görə soyuq qış aylarında arxlarda su bol olur, yazda və yayda isə quruyur? Sualların getdikcə artdığını görüb, hiss elədim ki, uşaqlar böyüyüblər və onlara bəzi məsələləri izah etməyin vaxtı çatıb.
    Elə buradaca, parkda, Heydər Əliyev Mərkəzi yerləşir. Uşaqların əllərindən tutub, bu müqəddəs məkana gəlirəm. Azərbaycanda körpəlikdən Ulu Öndərimizi yaxşı tanıyırlar. Mənim məqsədim onun haqqında nəvələrimin bilmədiklərini danışmaq və göstərmək idi. Mərkəzin direktoru Səlimə Yusibovadan icazə alıb, bələdçi ilə birlikdə pilləkənlərlə yuxarı qalxırıq. Burada hər bir eksponat Ümummilli Liderimizin Vətənimizə, xalqına olan məhəbbətindən və bu istiqamətdə gördüyü misilsiz işlərdən danışır.
    Bələdçi Heydər Əliyevin uşaqlıq şəkillərinin qarşısında dayanıb, maraqlı söhbətə başlayır:
    –Bir zamanlar bu böyük insan da hamı kimi uşaq olub. Amma onu digər həmyaşıdlarından fərqləndirən cəhətlər vardı. Bunlar həddindən artıq iti yaddaşı, çalışqanlığı, bütün fənləri eyni dərəcədə yaxşı qavraması idi. Bax, bu kamal attestatını görürsünüz? Bunu Ulu Öndərimiz orta məktəbi bitirərkən alıb. Tələbəlik illərində də o, əla qiymətlərlə oxuyub.
    Başqa bir stendin qarşısına keçirik. Burada Ümummilli Liderin doğma Tərtərimizə səfərləri zamanı çəkilmiş fotoşəkillər yerləşdirilib. Bələdçi sözünə davam edir:
    –Bilirsiniz ki, Heydər Əliyev Vətənimizin hər qarışını sevir və bu torpaqları laləzara döndərməyə çalışırdı. Ona görə də 1969-cu ildə ilk dəfə Azərbaycana rəhbər seçiləndə, gördüyü xeyirxah işlərdən biri də Tərtər çayının üzərində Sərsəng və Madagiz su anbarlarının inşası oldu. Bundan sonra ilin bütün fəsillərində rayonumuzdakı 30-dan çox arxdan tərtəmiz su gəlirdi.
    Ulu Öndərin Sərsəng Su Anbarının açılışındakı fotoşəkli uşaqların böyük marağına səbəb oldu. Bələdçi onu da söylədi ki, Ümummilli Liderimiz Heydər Əliyev həmin anbarın açılışına gedərkən, əvvəlcə rayonumuzdakı köhnə klubun binasında Tərtər içtimaiyyətinin nümayəndələri ilə görüş keçirmişdi. Onun bu və digər tarixi görüşlərini rayon sakinləri indi də dərin minnətdarlıq hissi ilə xatırlayırlar.
    Əsl azərbaycanlının həyat və fəaliyyətini, onun uşaqlara, gənclərə böyük sevgisini əks etdirən digər qiymətli eksponatlarla da tanış olub, üz tuturuq başqa bir məkana–Tərtər Tarix Diyarşünaslıq Muzeyinə.
    Vətəni sevmək üçün onun tarixini bilmək lazımdır
    Cəbhə bölgələrində yaşayan yeni-yetmə və gənclərin tariximizə marağı xüsusilə böyükdür. Çünki onlar müharibə şəraitində yaşayırlar, ilk rəsmlərində mavi səma və günəşlə yanaşı, erməni mərmisinin uçurduğu evləri çəkirlər, düşmən gülləsindən yaralanmış uşaqları təsvir edirlər. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Tərtərdə belə gözəl muzey tikiləndə, bundan sonra özünün iştirakı və xeyir-duası ilə istifadəyə veriləndə, hamıdan çox gənclər sevindilər. Muzeydəki eksponatlarda qədim dövrlərdən indiyədək rayonumuzun tarixi əksini tapıb. Burada yaşadığımız bölgənin yeraltı və yerüstü sərvətləri, onun flora və faunası, etnoqrafiyası, tarixi abidələri, məşhur insanları haqqında ətraflı məlumatlar nümayiş etdirilir. Eksponatların bir hissəsi I Qarabağ müharibəsinə aiddir. Uşaqlar öz suallarına cavabı da elə bu bölmədə tapdılar. Bələdçinin söhbətindən öyrəndilər ki, torpaqlarımızın 20 faizi erməni terrorçuları tərəfindən işğal edildiyindən, Sərsəng və Madagiz su ambarları da hal-hazırda düşmən əlindədir. Məhz buna görə də tərtərlilərə ən çox lazım olduğu vaxtlarda, ermənilər suyun qarşısını qəsdən kəsib, arxlara su buraxmırlar. Hətta sulara zəhərli maddələr, partlayıcı sursatlar atıb, təxribat törədirlər.
    Muzeyin direktor əvəzi Aybəniz Məmmədova dedi ki, ziyarətçilərimizin sayı gündən-günə artır. Bunların əksəriyyəti gənclərdir. Onlar həm də muzeydə təşkil edilən tədbirlərin keçirilməsində fəallıq göstərirlər. Bu yaxınlarda itkin ailələri ilə keçirilən görüş də yaddaqalan oldu.
    Aybəniz xanım dedi:
    –Bu muzey 1981-ci ildə təşkil olunmuşdu. Əvvəlcə Tərtər Cümə Məscidində, sonra uşaq musiqi məktəbində iki darısqal otaqda fəaliyyət göstərirdi. Rayonda kütləvi bayramlar keçiriləndə, biz eksponatların bir hissəsini meydanda sərgiləyir və əhalinin bunlara olan böyük marağını görürdük. Möhtərəm Prezidentimizin tapşırığı ilə Tərtər rayonunda belə bir muzeyin tikilməsi gənclərimizin milli-mənlik şüurunun formalaşmasına, onların vətənpərvərlik tərbiyəsinin güclədirilməsinə gözəl şərait yaratdı.
    Bu binanın yaxınlığında Tərtər Uşaq-Gənclər İdman Şahmat Məktəbi yerləşir. Təhsil müəssisəsinin açılışında ölkə rəhbəri və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva iştirak ediblər. Məktəb tərtərli gənclərin kamil vətəndaş kimi yetişməsində mühüm rol oynayır.
    Gənclik bir xəzinədir
    Tərtərdəki “CA Group” hazırlıq kurslarının rəhbəri Coşqun Aslanov deyir ki, ömrün ən parlaq illəri, həyat enerjisinin aşıb-daşdığı vaxtlar, istedadın, potensialın “kəşf” olunduğu dövr təsadüfən “gənclik” adlandırılmır. “Gənc” sözü fars dilindən tərcümədə “xəzinə, özündən sonra zəngin irs qoymaq” mənasındadır.
    Gənclərə təbiətən bəxş olunmuş keyfiyyətləri vaxtında aşkar edib, atəşi nura, enerjini qüvvəyə çevirmək mümkündür. Azərbaycan dövlətinin bu istiqamətdə apardığı səmərəli işlərin nəticəsidir ki, bu gün gənclər ölkəmizdə mədəni, iqtisadi, sosial, siyasi aləmdə inkişafı dəstəkləyir və bununla bağlı müvafiq uğurlu addımlar atırlar.
    Son zamanlar təkcə paytaxtda deyil, regionlarda yaşayan gənclərin məşğulluq məsələlərinə xüsusi həssaslıq göstərilir. Təşkil olunan əmək yarmarkalarında gənc nəslin nümayəndələrinin işlə təmin olunması üçün imkanlar açılır. Ölkədə qeyri-neft sektorunun sürətli inkişafı bu sahədə cavanların qüvvəsindən lazımınca istifadə etməyə şərait yaradır. Xüsusən də indi kəndlərimizdə pambıqçılıq, baramaçılıq, bağçılıq, şəkər çuğunduru istehsalı sahələrində minlərlə gənc çalışır ki, bu da Azərbaycanda işsizliyin səviyyəsinin aşağı düşməsinə səbəb olur.
    Azərbaycan dövləti bu gün elmə böyük vəsait qoyur, ölkəmizdə insan kapitalı faktoruna ciddi önəm verilir. Respublikamızda “bilik iqtisadiyyatı”na keçidin təmin edilməsi nəzərdə tutulur. Bu keçidin uğurla reallaşdırılma-sında vətənpərvər gənclərimizin əvəzsiz rolu vardır.
    Coşqun Aslanov deyir:
    – Hələ özümü dərk etməyə başladığım yeniyetməlik dövründən Tərtər təhsilinin inkişafı üçün mütərəqqi addımlar atmaq, layihələr həyata keçirmək istəyirdim. Nəhayət, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun xeyir-duası ilə özündə gənclərin hərtərəfli inkişaf aspektlərini birləşdirən “Ca QROUP” hazırlıq kurslarının təsisçisi kimi imzam təsdiqləndi. Komandam əsasən gənclərdən ibarətdir. Özümüzün peşəkar psixoloqumuz da var. Məqsədimiz gənclərə təkcə bilik öyrətmək deyil, həm də onları vətənimizə gərəkli, la-yiqli övladlar kimi yetişdirməkdir. Odur ki, ilk növbədə öz rayonumuzdan başlayaraq, şagirdləri tariximizlə tanış edir, əlamətdar ildönümlərini, yubileyləri birlikdə qeyd edirik. Biz bu vətəni sevməliyik ki, onu qoruya da bilək. Həm silahımızla, həm də sözümüzün gücü ilə.
    Son illər ölkəmizdə könüllülük fəaliyyəti daha çox aktuallıq kəsb edir. Azərbaycanda təşkil edilən bir sıra mühüm tədbirlər–forumlar, simpoziumlar, festivallar, habelə idman və musiqi yarışları zamanı ölkə gənclərinin fəallığı onların vətənə sevgi və bağlılıq istəyini əks etdirir. Oğlan və qızlarımız həmin tədbirlərdə iştirakları ilə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstək verdiklərini nümayiş etdirirlər.
    Tərtərdə fəaliyyət göstərən Bilik Fondunun Qarabağ Regional Bilik Evi və Heydər Əliyev Fondunun təsisi ilə yaradılan RİİB-nin Yuxarı Qarabağ Regional nümayəndəliyi fəal gənclərin vasitəsilə Azərbaycan həqiqətlərinin dünyada geniş təbliğinə öz töhfəsini verir.
    Gənclər öz Prezidentlərinə, Prezident isə gənclərə arxalanır
    Gənclər siyasəti haqqında danışan Azərbaycan Prezidenti İlham Əliyev onlara müraciətlə deyib: “Siz bütün işlərinizdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”. Ötən 14 il ərzində görülən işlər, keçirilən tədbirlər, qəbul edilən Proqramlar bu sözlərin real təsdiqidir. Belə ki, 2005-ci ildə ölkə başçısı tərəfindən “Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009) təsdiq edilməsi haqqında” sərəncam imzalandı, bundan sonra “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” təsdiqləndi. 2007-ci ilin ölkədə “Gənclər ili”elan edilməsi Prezident İlham Əliyevin gənclərə göstərdiyi qayğının növbəti bariz nümunəsi oldu.
    Prezidentin 26 yanvar 2015-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənc-lərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi Azərbaycan gəncliyinin potensial imkanlarının daha da inkişaf etdirilməsini nəzərdə tutur.
    “Ölkəmizin hər yerində olduğu kimi, bu gün Tərtər rayonunda da gənclər fəaldırlar, vətənpərvərdilər. Onlar dövlətimizi, dövlətçiliyimizi və öz sevimli Prezidentlərini dəstəkləyirlər”. Bu sözləri isə Tərtər rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov söylədi. Emin müəllim dedi ki, tərtərli gənclər möhtərəm Prezidentimizin rayonumuzdakı Gənclər Mərkəzinin açılışı zamanı bölgə gəncləri ilə görüşündə söylədiyi fikirləri, tövsiyələri daim rəhbər tutaraq, ölkəmizin daha da qüdrətlənməsi naminə var qüvvə ilə çalışırlar. Əmək meydanında, təhsildə, idmanda yeni-yeni nailiyyətlər əldə edirlər.
    2018-ci il də gənclərimiz üçün çox uğurlu başlayıb. Ölkə rəhbərinin tapşırığı əsasında Tərtərdə Olimpiya İdman Kompleksinin tikilməsi xəbərini gənclər böyük sevinc hissi ilə qarşılayıblar.
    Aprelin 11-də işə növbədənkənar Prezident seçkiləri keçiriləcək. Bu seçkilərdə tərtərli gənclər öz xoşbəxt gələcəklərinə – İlham Əliyevə səs verəcəklər.

    Svetlana BAĞIROVA,
    (Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün).

    Müəllif: Redaktor, 10:48

    Teqlər:

İsmarıclar bağlıdır.