Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,530
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 23Fev

    PAMBIQÇILIQDA QABAQCIL TƏCRÜBƏNİN ÜNVANI

    318df4739c13664d733765d41d8d16a9Respublika Prezidenti İlham Əliyevin ölkə iqtisadiyyatının neftdən asılılığını aradan qaldırmaq məqsədilə böyük uzaqgörənliklə verdiyi tapşırıq və tövsiyələr uğurla reallaşdıqca respublikamızın iqtisadi mənzərəsi də dəyişib yeniləşir. Kənd təsərrüfatında ənənəvi sahə olan pambıqçılığı inkişaf etdirmək, bu sahədə əvvəlki şöhrəti qaytarmaq barədə dövlət başçısının müəyyən etdiyi istiqamət ölkənin pambıqçılıq rayonlarında qeyri-adi bir canlanma yaratdı. Torpaqdan küsdürülən, əli işdən soyuyan kəndli yeni həvəslə, xoş arzularla bərəkətli çöllərə qədəm qoydu. Bolluğa, firavanlığa, xoş güzarana aparan bu halal zəhmət yolunun yolçularına Tərtər kəndlisi də böyük ümidlərlə qoşuldu. Yeni qədəm qoyduğu ot basmış, gəlişi-gedişi seyrəlmiş tarla yolu ürəyi təpərli, bolluq həvəsli Tərtər kəndlisinə çoxdan tanış idi. Yaxşı bilirdi ki, bu yol şöhrət yoludu. Yaxşı bilirdi ki, bu yolun yolçularının, ağ örpəkli tarlaları hünər meydanına çevirib xarüqələr yaradan əmək adamlarının adına nəğmələr qoşulur, şeirlər yazılır. Onlar mötəbər məclislərə dəvətlər alır, el-obanın xeyir–şər məclislərinin yuxarı başında əyləşirlər. Adamlar ağ örpəkli tarlaların barını-bəhərini toplayıb yan-yana “ağ qızıl” dağları ucaldar, pambığın bolluğu isə adamları şöhrətə, firavan həyata, xoş güzərana qovuşdurardı… İndi pambığın şöhrətli günləri yenidən qayıdır. Övladları zəhmətə, torpağa qırılmaz tellərlə bağlı Tərtərdə məhsul bolluğundan doğan xoş ovqat yaşanır. Respublika Prezidenti İlham Əliyevin ötən ilin noyabr ayında bölgəyə gerçəkləşən səfəri zamanı Tərtər rayonu ictimaiyyətinin nümayəndələri ilə unudulmaz görüşü oldu. Tərtərə və tərtərlilərə böyük dəyər verən dövlət başçısı görüş zamanı demişdir:”…. Tərtərdə kənd təsərrüfatı uğurla inkişaf edir. Pambıqçılıq bərpa edilir… Tərtər zəhmətkeşlərinin təcrübəsi digər bölgələrdə də tətbiq olunmalıdır… Ona görə burada görülən aqrotexniki tədbirlər, suvarma və texnikadan istifadə ilə bağlı təcrübə gərək təhlil edilsin və məhsuldarlığı az olan rayonlara tövsiyə kimi göndərilsin”.
    Tərtər zəhmətkeşlərinin əməyinə verilən belə yüksək qiymət dövlət başçısının tapşırıq və tövsiyələrinə məsu-liyyətlə yanaşılmasının, rayon rəhbərliyi səviyyəsində həyata keçirilən məqsədyönlü təşkilat-təsərrüfat tədbirlərinin göz-lənilən məntiqi nəticəsidir. Təsadüfi deyil ki, Tərtər Rayonu İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov yeni il ərəfəsində Respublika Prezidenti İlham Əliyevin Sərəncamı ilə “İkinci dərəcəli Əmək Ordeni” ilə təltif olunmuşdur. Əgər qazanılan hər hansı nailiyyətə görə rayon rəhbəri mükafatlandırılırsa, əslində bu, bütün rayon zəhmətkeşlərinin əməyinə verilən qiymətdir. Tərtərlilər keçən il pambıq tarlalarının hər hektarından 27 sentner məhsul götürmüşlər. Bu, respublika üzrə ən yüksək nəticədir. Tərtər kəndlisinin çəkdiyi zəhmətin, axıtdığı alın tərinin nəticəsi fərəhlidir. Keçən il rayonun təsərrüfatlarında 3123 hektar sahədə pambıq əkilmişdir. Bu, əvvəlki ildəkindən 3 dəfə çoxdur. Tarla-ların becərilməsində aqrotexniki tələblərə ciddi əməl olunmuş, pambığın xəstəlik və zərərvericilərinə qarşı təsirli kimyəvi mübarizə tədbirləri həyata keçirilmişdir. Tərtər zəhmətkeşlərinin qazandığı nailiyyət ona görə böyük əhəmiyyətə malikdir ki, rayonun kənd əməkçiləri çətin, eyni zamanda gərgin şəraitdə işləmişlər. Belə ki, uzun illərdən bəri Ermənistan silahlı qüvvələri Sərsəng su anbarını işğal altında saxlayır. Əkinlərin suya ciddi ehtiyac duyulduğu yaz-yay aylarında mənfur qonşularımız Tərtər çayının yatağına su buraxmır, barışmaz düşmən olduqlarını hər məqamda biruzə verirlər. Pambıq isə günəş şüası ilə yanaşı suya da çox tələbkar bitkidir. Rayonun əkin sahələri əsasən subartezian quyularının umuduna qalır. Subartezian quyuları isə hələki rayonun bütün ərazilərində yoxdur. Dövlətin qayğısı ilə hər il rayonun daha çox ehtiyac duyulan ərazilərində yeni subartezian quyuları qazılıb kənd əməkçilərinin istifadəsinə verilir. Keçən il 15 yeni subartezian quyusu istismara verilmişdir. Yaxın günlərdə daha 7 ədəd subartezian quyusu istismara veriləcəkdir. Rayonun kənd təsərrüfatı mütəxəssisləri, təcrübəli əmək adamları ilə söhbətlərdən bu qənaətə gəldik ki, rayonun əkin sahələrinin suvarma suyuna tələbatını ödəməyin ən sərfəli yolu Yuxarı Qarabağ kanalı üzərində nasos stansiyası tikməklə böyük diametrli borularla Xoruzlu kəndi istiqamətində su verməkdir. Belə olarsa, rayonda kənd təsərrüfatı məhsulları istehsalının həcmini dəfələrlə artırmaq mümkündür.
    Ötən təsərrüfat ilində tərtərli tarla bahadırları 8420 ton pambıq tədarük etmişlər. Fərəhlidir ki, qazanılan nəticə əvvəlki ildəkindən 3,6 dəfə çoxdur. Yüksək nailiyyətin əldə edilməsində ayrı-ayrı əmək adamlarının payı vardır. Bəyimsarov kəndindən Habil İbrahimov, Fazil Vəliyev, Əskipara kəndindən Qasım Sadıqov və Müslüm Babışov zərbəçi əmək nümunəsi göstərmiş, hər hektardan 31-37 sentner pambıq tədarük etmişlər. Habil İbrahimov bizimlə söhbətində dedi:
    –Dövlətimizin, Prezidentimizin qayğısını hər gün öz üzərimizdə hiss edirik.
    Biz kənd adamlarıyıq. Çörəyimiz, dolanışığımız torpaqdan çıxır. Hələ kolxoz dövründə pambığın bolluğu hesabına çoxlarımız yeni minik maşınları alır, ağ mişar daşından yaraşıqlı evlər tikdirirdik. Sonra bizi torpaqdan küsdürdülər. Elə bir şərait yaranmışdı ki, əkib-becərdiyimiz məhsulu sata bilmir, hər il xeyli ziyana düşürdük. Ailələrimiz dolanışıq sarıdan korluq çəkirdi. Prezident İlham Əliyev pambıqçılığı inkişaf etdirməklə inanın ki, biz kənd camaatının çırağına elə bil neft tökdü. Şükr Allaha, günümüz-güzəranımız ildən-ilə yaxşılaşır. Keçən il 32 hektar sahədə pambıq əkib-becərdik. Yekunda 118 ton pambıq istehsal etdik. Hər hektarın məhsuldarlığı 36 sentner oldu. İlin sonunda xeyrimi-ziyanımı hesabladım. Qazanc 67 min 200 manat təşkil etdi. Doğrudur bunun üçün böyük əmək sərf etmişik, zəhmət çəkmişik, tər axıtmışıq. Bu, təbiidir. Amma qazanc da yaxşı qazancdır ha. Yerinə düşməsə də, deyim ki, illik qazancımı aylara bölsək, görərik ki, icra başçısından, deputatdan, alimdən də çox gəlirim var. İndi ailə-uşaq yanında da üzümüz ağdır. Amma bir zərrə də arxayınlaşmamışam. Məqsədim keçən ildəkindən çox pambıq istehsal etməkdir.
    Dövlət qayğısı rayon iqtisadiyyatının ildən-ilə möhkəmlənməsində əsas stimuldur. Sevindirici haldır ki, keçən il rayon pambıqçılıqdan 5.5 milyon manat, şəkər çuğunduru istehsalından 4.5 milyon manat, günəbaxan istehsalından 9 milyon manat gəlir əldə etmişdir. Təbii ki, bu sürətli inkişaf, yaradılan məhsul bolluğu hesabına rayon əhalisinin maddi rifahı da yaxşılaşır. Ötən təsərrüfat ilində 36.3 min ton taxıl (hektardan 38.3 sentner), 4610 kiloqram barama, 9193.4 ton meyvə istehsal olunmuşdur. Əvvəlki illə müqayisədə ət istehsalı 2.8 faiz, süd istehsalı 7,5 faiz, yumurta istehsalı 1.7 faiz, yun istehsalı 5.3 faiz artmışdır.
    Rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar sahənin dinamik inkişafını təmin etmək üçün həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, 2017-ci ildə kənd təsərrüfatı məhsulları istehsalının ümumi həcmi 61.908.1 min manat olmuşdur. Bu, əvvəlki illə müqayisədə 10.3 faiz artım deməkdir.
    Qazanılan nailiyyətlər nə qədər sevindirici olsa da, heç kəsi arxayınlaşdırmır. İndi tərtərliləri yeni ilin yeni vəzifələri qayğılandırır. Hədəf bolluq, firavanlıq yaratmaq, məqsəd halal zəhmətlə şöhrət zirvəsinə yüksəlməkdir.

    Lazım QULİYEV,
    “Azərbaycan”.

    Müəllif: Redaktor, 10:36

    Teqlər:

İsmarıclar bağlıdır.