Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda kənd təsərrüfatının digər sahələri kimi arıçılıq da ilbəil inkişaf edir. Belə ki, beş il əvvəl rayonda 180 arıçılıq təsərrüfatı mövcud idisə, hazırda 242 ailə bu işlə məşğul olur. Rayonda arı ailələrinin sayı da hər il artmaqdadır. Əgər 2015-ci ildə rayonda 2434 arı ailəsi var idisə, indi arı ailələrinin sayı 2881-ə çatıb.
Rayonun arıçıları hər il Bakı şəhərində keçirilən arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasına müxtəlif çeşiddə arıçılıq məhsulları çıxarırlar.
Bu yaxınlarda Azərbaycan Arıçılar Assosiasiyasının Tərtərdə rayon şöbəsi yaradılıb. İyirmi ilə yaxın müddətdə arıçılıqla məşğul olan Bəkir Ağayev assosiasiyanın rayon şöbəsinin sədri seçilib. O, Azərbaycan Arıçılar Assosiasiyasının rayon şöbəsinin yaradılmasını yüksək qiymətləndirərək, bunun Tərtərdə arıçılığın inkişafına töhfə verəcəyini deyib. Qeyd edib ki, rayonda assosiasiyaya üzv olan arıçıların vaxtaşırı görüşləri keçirilir, arıçılığın inkişafı, qarşıya çıxan problemlərin həll edilməsi, məhsuldarlığın yüksəldilməsi, arılara qulluq, müxtəlif arı xəstəlikləri ilə mübarizə və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılır.
-
23Fev
Müəllif: Redaktor, 10:15
Teqlər: Kənd təsərrüfatı