Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 09Fev

    13 - 1“Xocalı faciəsindən 26 il ötsə də, hər dəfə fevral ayı gələndə sanki o dəhşəti, müdhiş gecəni, qırğınları yenidən yaşayırıq” –deyən Xocalı sakini Yaqub Zamanovla söhbət edirik. Deyir ki, xeyli müddət idi ermənilər rus qoşun birləşmələri ilə birlikdə Xocalı kəndini müharisədə saxlayırdılar. 1992-ci ilin 25-dən 26-a keçən fevral gecəsi sanki hər şeyə son qoydu. Əllərində heç bir silah olmayan kənd sakinləri çarəsiz qalmışdılar. Qəflətən hücum başlayanda sanki insanların üstünə güllə, mərmi yox, dolu yağırdı.
    Həmin gecə həm də bərk qar yağmış, şaxta düşmüşdü. O anda insanların gözünə heç nə görünmürdü. Nə ev-eşik, nə var-dövlət. Dinc əhali canlarını götürüb qaçmağı qənimət bilirdilər. Ayağı yer tutan kənddən qaçıb meşəyə üz tuturdu. Hər kəs çalışırdı ki, kafirlərin əlinə keçməsin. Onlarsa rast gəldikləri xocalıları güllələyir, başını kəsir, qadınlara, uşaqlara min-bir əzab-əziyyət verirdilər. Sən demə, kəndlə meşə arasındakı kolluqlarda puşqu qurub, əllərinə keçənləri öldürür, girov götürürdülər.
    Atam Novruzla anam Fatimə həmin gecə girov düşdülər. Anamı 1 ay 7 gündən sonra “Qırmızı Xaç” cəmiyyətinin xətti ilə dəyişmə yolu ilə qaytara bildik. Ancaq o vaxtdan indiyədək atam Novruzdan heç bir xəbər, əsər-əlamət yoxdur. Nə ölüsü var, nə də qaldısı. O zamandan ailəlikcə gözümüzün yaşı qurumur.
    Mən özüm, bacım Simuzər, qardaşlarım Habil, Əbülfət, Mahir və Maariflə güllə yarası almışıq.
    O, müdhiş gecədə qarın üstü qıp-qırmızı insan qanına boyanmışdı.
    Hadisəni ardıcıllıqla olduğu kimi yazsan, bir kitaba sığmaz. Qarqar çayını bir zülümlə keçib min bir əziyyətlə gəlib çatdıq Əskəranın yanındakı Dəryaz kəndinə. Baxdıq ki, burada kol-kosun arası hamısı silahlılardı. Burada da əllərinə keçəni güllələyirdilər. Yenə də bir neçə xocalılı 6 gün qaldıq meşədə. Gecə qaranlıq qarışanda sürünə-sürünə bir təhər gəldik Daşaltıya ordan da Ağdama çatdıq. Çox keçmədi ki, Ağdam da işğal olundu. Getdik Göyçaya, 2 ay orada qaldıq, ordan da Yevlağın Qaroğlan kəndinə gəldik. 1 il də orada yaşayandan sonra gəldik Tərtər rayonuna. 20 ildən çoxdur ki, rayonun Qaynaq kəndinin köhnə mal fermasında məskunlaşmışıq. Burada yaşadığımız müddət ərzində həm qonşu Azadqaraqoyunlu, həm Qaynaq kəndlərinin sakinləri ilə yaxşı ünsiyyət qurmuşuq.
    Hazırda mənimlə bərabər dörd qardaşım da ailələri ilə birlikdə fermada məskunlaşımışıq.
    Qardaşım Mahir bu günlərdə avtomobil qəzasına düşüb, dünyasını dəyişdi.
    Xocalı faciəsi tək biz xocalıların yox, bütün Azərbaycan xalqının faciəsidir. Çünki hər hansı vətəndaşımızı dindirsək Xocalı faciəsindən ürək ağrısı keçirdiyi bilinər.

    Qələmə aldı: Əvəz NƏSİROV

    Müəllif: Redaktor, 12:07

    Teqlər:

İsmarıclar bağlıdır.