ƏLİLLƏRİMİZ
ŞƏHİD RUHLARI RAHAT OLACAQ
Bərdari Nizami Fərhad oğlu. Bu ad rayonumuzda çoxlarına tanışdı. O, 1968-ci ildə Tərtər rayonunda anadan olub. 1976-1986-cı illərdə Səhlabad kənd tam orta məktəbini bitirib. Təhsilini başa vurandan sonra 1987-89-cu illərdə Rusiyanın Sankt-Peterburq şəhərində hərbi xidmət keçib. Hələ o illərdə Nizaminin çevikliyi, qoçaqlığı komandirlərinin diqqətindən yayınmayıb. Nümunəvi qulluğuna görə valideynlərinə dəfələrlə təşəkkür məktubları gəlib.
Məlum hadisələr baş verəndə, mənfur qonşularımızın bizə qarşı torpaq iddiası, insanlarımıza verdikləri əzab-əziyyətlər hər bir vətən oğlu kimi Nizami Bərdarini də ciddi narahat elədi. Odur ki, 1992-ci ildə könüllü olaraq milli ordumuzun tərkibinə yazılıb, torpaqlarımızın müdafiəsinə qalxdı. Ağdərə istiqamətində döyüşlərdə vuruşdu, həmin il iyun ayının 12-də sol ayağından ağır qəlpə yarası aldı. Bir müddət hərbi qospitalda müalicə olunandan sonra yenidən cəbhəyə döndü. Torpaq Təpə, Lüləsaz istiqamətlərində döyüşlərdə həmişə öndə getdi. 1993-cü il yanvarın 26-da ikinci dəfə ağır yaralanıb sağ ayağını itirdi. Uzun müddət Bakıda hərbi qospitalda müalicə olundu. Səhhəti daha döyüşə getməyə imkan vermədi.
Bu günlərdə Nizami Bərdari ilə redaksiyamızda görüşdük. Söhbət zamanı öyrəndim ki, 3 övladı–2 qızı, bir oğlu var. Böyük qızı Ağcabədi Pedaqoji Universitetini bitirib, ikinci qızı Gəncə Dövlət Universitetinin üçüncü kursunda təhsil alır. Oğlu Nicat isə rayonumuzdakı Umudlu kənd tam orta məktəbinin VII sinfində oxuyur. Dərs əlaçısıdır.
Veteran dövlətimizin onlara göstərdiyi qayğıdan razı qaldığını bildirdi. O dedi:
–Sağ ayağım amputasiya olunub. 1999-cu ildə dövlət hesabına “Oka” markalı minik avtomobili almışam. 2007-ci ildə çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində 2 otaqlı ev veriblər. Universiteti bitirən və eləcə də indi oxuyan qızlarımın təhsil haqqını dövlət öz hesabına ödəyir. Qarabağ müharibəsində mənim kimi yaralanan, sağlamlığını itirən vətən oğulları yüzlərlədir. Allah Prezidentimiz İlham Əliyevi qorusun. Bütün bu yuxarıda saydıqlarım onun biz veteranlara, əlillərə göstərdiyi qayğının bariz nümunəsidir.
Təkcə bir arzum var, işğal altında qalan torpaqlarımız sülh yolu ilə azad olsun. Onda həm şəhid ruhları rahat olar, həm biz əlillər…
Nizami Bərdari hal-hazırda Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon təşkilatının sədr müavinidir.
Həm işindən, həm də dövlətimizin qayğısından razıdır.
Əvəz NƏSİROV