Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 09Fev

    NƏ İŞİM VARDI

    Atam istəmişdi. Anam gətirdi,
    Mənim bu dünyada nə işim vardı?
    Ömrüm varaqlarda sətir-sətirdi,
    Mənim bu dünyada nə işim vardı?

    Kimisə tamladı – yarı göndərdi,
    Bir ballı çiçəyə arı göndərdi.
    Gəlməyim yox idi, Tanrı göndərdi,
    Mənim bu dünyada nə işim vardı?

    Tapdı qılığımın çəmin kimisi,
    Heyranım kimisi, qənim kimisi.
    Burda arta bilməz mənim kimisi,
    Mənim bu dünyada nə işim vardı?

    Varmı bir bəxtəvər özünnən əmin?
    Qoy durum başına dolanım həmin.
    Yavanlıq olmadı dişimə mənim,
    Mənim bu dünyada nə işim vardı?

    Xəbərdar etmədi məni bir duymuş,
    Sən demə binadan talan yurduymuş.
    Şeytanlar vətəni, cinlər yurduymuş,
    Mənim bu dünyada nə işim vardı?

    Bir uca məqamnan sallanıb gəldim.
    Haqdan badə aldım, hallanıb gəldim.
    Əlövsət, hüsnünə aldanıb gəldim.
    Mənim bu dünyada nə işim vardı?

                                             Əlövsət Saldaş

    OLDUM

    Zəmanə dərd-ələm yığdı şələmə,
    Yorulan, tövşüyən, döyünən oldum.
    Yadlar zəfəriylə qürrələnəndə
    Mən də dözümümlə öyünən oldum.

    Bəylik yarıtmadı, xan ötdü mənnən,
    Elə çor eşitdim, can ötdü mənnən.
    Nə bir böhtan daşı yan ötdü mənnən,
    Nə mən bircəsinnən yayınan oldum.

    Dahi tanıtdılar dilsiz, süst daşı,
    Yetmiş il can deyib sevdim büst-daşı.
    Dünən alt daş oldu, bu gün üst daşı,
    Vaxt dəyirmanında üyünən oldum.

    Bəxtim dönük çıxdı kara gəlmədi,
    Ədalət əyildi vara, gəlmədi.
    Haqq üçün çəkildim dara, gəlmədi
    Müqəssir libası geyinən oldum.

    Dönüb təşbehinə qırıq bir valın,
    Yazıqdı, Talıbın qeydinə qalın.
    Alın qələmini əlinnən, alın,
    Şair olasıydım, deyinən oldum.

                                        Talıb MƏMMƏDLİ

    GƏLSƏN

    Sağlığımda bizə gəlməyən qohum,
    Gözləyirsən öləm, onda gələsən?
    Darvazam hardadı, bilməyən qohum,
    Soraq ilə gərək yanda gələsən?

    Vəziyyətin necədirsə bilmişəm,
    Ağlasan pis olub, gülsən gülmüşəm.
    Öz vaxtında hər işinə gəlmişəm,
    Sənə yaraşmayır sonda gələsən.

    Hər zaman axtarıb, sizi gəzmişəm,
    Yayda, qışda hər əzaba dözmüşəm.
    Ta ayağım getmir, candan bezmişəm,
    Yaxşı olar bizə– kəndə gələsən

    Çox əziyyət çəkdim qohuma, dosta,
    Qədrim bilinmədi, can düşdü xəstə.,
    Nizamı Sənsizəm, məzarım üstə
    Ruhuma xoş gəlməz gündə gələsən.
                                               Nizami Sənsiz

    Müəllif: Redaktor, 11:01

    Teqlər:

İsmarıclar bağlıdır.