Tərtər rayonunda 20 Yanvar faciəsinə həsr olunmuş tədbir Şəhidlərin abidəsi önündən başlandı. Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərov şəhidlərin ruhuna dua oxudu. Tərtərlilər abidənin önünə gül-çiçək dəstələri qoydular.
Tədbir iştirakçıları əvvəlcə məktəblilərin əl işlərindən ibarət 20 Yanvar faciəsinə həsr olunmuş sərgiyə baxdılar. Sonra tədbir rayon Gənclər Mərkəzində davam etdirildi. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov məruzə ilə çıxış etdi. O bildirdi ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrindən 28 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Xalq o günlərdə böyük bir həqiqəti -həqiqi liderin meydanda olmamasını da bütün mahiyyəti ilə dərk etdi. O müdhiş günlərdə Heydər Əliyevin qüdrətli liderin yoxluğu günün ən böyük həqiqəti kimi dərk olundu. 20 Yanvar günündə xalqının səsinə hər kəsdən əvvəl səs verən də Heydər Əliyev oldu. Ümummilli Liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də oğlu, silahdaşı, o çətin günlərdə atasını bir an belə tək qoymayan İlham Əliyevlə birlikdə ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gəldi, təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. SSRİ-nin hələ hökm sürdüyü bir vaxtda onu və başçısını paytaxtın özündə tənqid etmək, sözün əsl mənasında, böyük hünər və cəsarət tələb edirdi. Ulu Öndər Heydər Əliyev və oğlu İlham Əliyev bununla, hər şeydən əvvəl Vətən, xalq qarşısında vətəndaşlıq və milli mövqelərini nümayiş etdirdilər… Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi – özü də İmperiyanın mərkəzində, Moskvada…
Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bu məsələ yenidən gündəmə gəldi, 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atıldı. 1990-cı il noyabrın 21-də böyük siyasi xadim Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsi ilə bağlı tarixi qərar qəbul etdi.
Tədbirdə Tərtər Özünümüdafiə Batalyonunun sabiq qərargah rəisi Pənah Məmmədov, YAP Tərtər Rayon Təşkilatında baş məsləhətçi Eldar Əsədov, tarix-diyarşünaslıq muzeyinin direktor əvəzi Aybəniz Məmmədova və 20 Yanvar faciəsinə həsr olunmuş inşa yazı müsabiqəsinin qalibi, şəhər 2 saylı məktəb-liseyin X sinif şagirdi Fidan Həsənzadə çıxış etdilər.
20 Yanvar şəhidlərinə həsr olunmuş inşa yazı musabiqəsinin qaliblərinə rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim edildi.
Sonra tədbir iştirakçıları rayon mədəniyyət mərkəzinin özfəaliyyət kollektivinin hazırladığı “Əsarətin son gecəsi” adlı kompozisiyaya baxdılar.
Saat 12:00-da rayon ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
“Yeni Tərtər”