Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 31Yan

    MÜSƏLMAN ŞƏRQİNDƏ İLK DEMOKRATİK RESPUBLİKA

    405370089Xalq Cümhuriyyətinin yaradılması bütövlükdə Azərbaycan tarixinin şərəf və ləyaqət səhifəsidir. Çünki bu tarix Azərbaycanın dövlət müstəqilliyinin elan olunduğu tarixdir, Azərbaycanın öz ərazisinə sahib çıxdığı, dünya dövlətləri sırasına qoşulduğu bir gündür. Yəni bu, adi tarixlərdən deyil.
    Həmin dövrdə zaman məsələni kəskin qoymuşdu. Məsələnin mahiyyəti ondan ibarət idi ki, Rusiya imperiyası dağılmış, onun tərkibində olan xalqların müstəqilliyi üçün münbit şərait yaranmışdı. Reallıq belə idi. Xalqımız ya ayağa qalxıb öz dövlətini qurmalı idi, ya da torpağımız parçalanıb bölünməli idi.
    Məhz o dövrdə Azərbaycanın tarixi taleyini həll etmək iqtidarında olan ziyalılar, ictimai-siyasi xadimlərimiz bu reallığı dərk edərək müstəqilliyimizin elan olunması üçün mücadilə etdilər. Onların bir qrupu Avropada təhsil almışdılar, digərləri isə yüksək demokratik düşüncəyə sahib idilər. Həmin insanlar Azərbaycanın tarix qarşısında bu çətin məsuliyyətini kifayət qədər dərk edib ayağa qalxaraq istiqlaliyyətimizi elan etdilər. 1918-ci il may ayının 28-də Tiflisdə altı maddəlik “İstiqlaliyyət Bəyannaməsi” elan edildi. Bununla da Müsəlman Şərqində ilk demokratik Respublika quruldu. “İstiqlaliyyət Bəyannaməsi”nin birinci maddəsində deyilir: “Müstəqil Azərbaycanın idarəetmə forması Xalq Cümhuriyyətidir”.
    Dördüncü bəndində isə “Azərbaycan Respublikası öz daxilində yaşayan azsaylı xalqların dini, milli, etnik mənsubiyyətindən asılı olmayaraq inkişafına şərait yaradacaqdır” deyə qeyd olunurdu.
    Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, tariximizdə şanlı və şərəfli yer tutur. Bu gün Azərbaycan dövləti həmin tarixlə qürur duyur. Təsadüfi deyil ki, Ümummilli lider Heydər Əliyev indiki müstəqil dövlətimizin Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edib.
    Azərbaycan Xalq Cümhuriyyəti qısa fəaliyyəti ərzində dövlət quruculuğu və siyasi idarəetmə sistemini tətbiq etmişlər. AXC-nin qurucuları xalq hakimiyyətinin əsas mənbəyi kimi xalq idarəetməsinin – Parlamentinin qurulmasını prioritet məsələ hesab edirdilər. 1918-ci il dekabrın 7-i H.Z.Tağıyevin keçmiş qız məktəbinin binasında müsəlman Şərqində ilk parlamentin birinci iclasının açılışı olur. Ə. Topçubaşov Parlamentin sədri, Həsən bəy Ağayev isə sədrin birinci müavini seçilirlər. Parlamentin 3 nəfərdən ibarət katibliyi də seçilir, Mehdi bəy Hacınski baş katib seçilir.
    1918-ci ilin dekabr ayında AXC nümayəndələri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransında iştirak etmək üçün yola düşürlər. Aparılan siyasi danışıqların məntiqi nəticəsi olaraq 1920-ci il 11 yanvar tarixində AXC-nin müstəqilliyi dünya dövlətləri tərəfindən tanınır. 1920-ci ilin mart ayında Bakıda 17 dövlətin səfirliyi fəaliyyət göstərirdi. Azərbaycanın müstəqilliyini tanımayan Sovet Rusiyası isə hər vasitə ilə müstəqil ölkəmizə qarşı hərbi təhdidlər edərək təxribata sövq edirdi. Nəhayət, 1920-ci ilin aprelin 27-də XI Qırmızı Ordu qüvvələri Bakıya daxil oldu. Bir gün sonra AXC hökuməti bolşeviklərə təslim edildi.
    Bu gün Azərbaycan güclü, dünyada söz sahibi olan dövlətdir. Müstəqil dövlətimiz elə qlobal layihələrin müəllifidir ki, bütün dünya Azərbaycanın önəmini etiraf etməyə məcburdur. Bütün bunların bünövrəsi isə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qurulub. Prezident İlham Əliyevin bu qərarı Xalq Cümhuriyyətinə və onun qurucularına verilən yüksək dəyərdir. Cümhuriyyətin qurucuları olan insanların mütləq əksəriyyəti vətən, millət yolunda şəhid oldular. Bu qərar həm cümhuriyyət uğrunda şəhid olanların, həm də müasir müstəqil dövlətimizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhuna böyük ehtiramdır.

    Rəşad QARAYEV,

    Qaraağacı kənd tam orta məktəbinin müəllimi

    Müəllif: Redaktor, 14:13

    Teqlər:

İsmarıclar bağlıdır.