Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 31Yan

    CAVİD ÖMRÜ

    32323Cavid ömrü. Tufanlara sinə gərib, şaxtalarda donan ömür. Qürbət eldə qürub edən, qərib kimi bitən ömür. Vətən adlı, xalq adlı bir sevdaya tutuşan, atəş ilə qovrulan, həsrət ilə yanan ömür.
    Xəyal!… Əvət. Yaşatan yalnız əhli-halı odur,
    Yaşarsa bir könül, az-çox xəyal içində yaşar.
    (H. Cavid)
    Bəli, Cavid ömrü də azad bir ölkənin, əsarətin pəncəsində əzilməyən bir xalqın xəyalı ilə yaşadı. Lakin onu yaşadan bu arzu, bu xəyal onun ölüm fərmanına çevrildi. Bir şair və yazıçı kimi rəğbət qazanan, dövrünün qabaqcıl ziyalılarından olan, əsərlərində gözəlliyi, sevgini, azad ruhu vəsf edən, qaranlığa işıq tutan Hüseyn Cavid nədənsə sovet hökumətinin gözünə batmağa başladı. Hələ sağlığında yaradıcılıq gecələri təşkil olunan, dəyər verilib sağalması üçün Almaniyaya göndərilən şair birdən-birə düşmən qüvvəyə çevrildi. Təqiblərə məruz qaldı. Nəhayət, varlığından xofa düşənlər fətvasını verdi. İmperiyanın quzğun caynaqları Cavidi vətənin bağrından sökərək onun od nəfəsini, azad ruhunu dondurmaq üçün Sibirin şaxtasına təslim etdi.
    1937-ci ildə “gizli millətçi”, “əksinqilabi təşkilatçı” kimi damğalanan Cavid səkkiz illik həbs cəzasına məhkum edildi. Onun azadlıqdan məhrum məhkum ömrü, lakin hər şeyə rəğmən azad ruhu 1941-ci ilə qədər tab gətirə bildi qürbətin niskilinə.
    Cavidin yanan qəlbi: “Mən istəməm yaşamaq, hər ümidim oldu təbah, Ürəkdə qaldı bütün dərdi həsrətim, eyvah!…”, –deyərək söndü.
    Ölümündən on beş il sonra, 1956-cı ildə bəraət alan şairi xalqımız heç vaxt unutmamış, bütün repressiya qurbanları kimi onu da qəlbində, ruhunda yaşatmışdı. Düşmən qüvvələr həmişə bir şeyi unudur. Unudur ki, bizi yalnız cismən öldürmək olar. Ruhumuz əbədiyaşardır. Nə qədər məhv etsələr də, biz yenə eyni ruhla doğulur və var oluruq. Cavid kimi “el üçün yanıb, kor olan gözlərin” amalından, məqsədindən, “Yetər, niskinlik yetər, Qalx! Oyan, oyan, oyan!…”
    Deyən hayqırtısından bəhrələnib güc alırıq.
    Cavidin qəriblikdəki niskilinə nəhayət 1982-ci ildə son qoyuldu. Xalqın qeyrətli oğlu Ulu Öndər Heydər Əliyev onun nəşinin vətənə gətirilməsi qərarının qəbuluna nail oldu. Beləliklə Sibirin uzaq meşələrindəki kimsəsiz məzarlıqdan Cavidin vətənə dönüş yolu başladı. Qırx bir ildən sonra Naxçıvanda vətən torpağına tapşırıldı.
    Bu gün Cavidin ruhu vətən göylərində pərvaz edir. Lakin yenə narahatdır. Çünki Ələsgərlər, Dədə Şəmşirlər öz yurdunda əsirdi. Həsrət ilə yol gözləyir.
    Mən əminəm ki, tezliklə bu nisgillərə də son qoyulacaq.

    Fərqanə KƏRİMOVA,
    şəhər 2 saylı məktəb-liseyin müəllimi

    Müəllif: Redaktor, 11:59

    Teqlər:

İsmarıclar bağlıdır.