Regionların sosial-iqtisadi inkişafına dair III Dövlət Proqramı kəndlərimizdə də uğurla həyata keçirilir. Bunu bizim Ağkənd kəndinin timsalında aydın görmək olar. Bu kəndin təməli ötən əsrin əvvəllərində qoyulub. Atam deyərdi ki, biz Dərələyəz mahalından köçüb buraya gələndə (1905–1907-ci illər) bu kənd cəmi 18 ev idi. Rəhmətlik Tükaz arvad kiçik çillə girəndə aşağıdan başlayıb hər gün bir evi nəzərdə tutardı ki, görək kimdə hava qarlı-boranlı, kimdə yaxşı olur. 2 ev çatmırdı ki, 20 gün düzəlsin. İndi bu kənddə 1100 nəfər əhali yaşayır. Özü də insanların hamısı dövlətə–dövlətçiliyə sadiq adamlardır.
Son zamanlar ölkə Prezidenti möhtərəm İlham Əliyevin insanlara qayğısı sayəsində kəndimiz xeyli dəyişib–gözəlləşmişdir.
Aqillər əbəs deməyib ki, abad kənd yo-lundan bilinər. Ulu Öndərin təbirincə desək, yol iqtisadiyyat, yol mədəniyyət, yol firavan həyat deməkdir.
Ötən il dövlət başçısının sərəncamı ilə 5 yaşayış məntəqəsini birləşdirən “Cəmilli–Dəmirçilər” yolunun asfaltlanması üçün dövlət büdcəsindən 3 milyon 200 min manat pul vəsaitinin ayrılması da prezidentimizin biz kənd sakinlərinə göstərdiyi qayğının bir təzahürüdür.
Həmin 5 kəndin üçüncüsü bizim Ağkənd kəndidir. Hamı yaxşı bilir ki, yol düzəlməmişdən əvvəl kənddən Tərtər-Gəncə magistral yoluna çıxana kimi 40-50 dəqiqə vaxt itirirdik. İndi həmin məsafəni 6-8 dəqiqəyə qət edirik. Hələ bu harasıdır. Ötən ilin son günlərindən kəndimizdə elektron ATS quruldu. Bütün evlərə telefon xətti çəkildi. Daha bir yenilik ondan ibarətdir ki, ömrü boyu su xətti görməyən kənddə hər həyətə su xətti çəkilib. Kəndlərimizə qaz xətti də çəkilməyə başlanıb. Bütün bunlar ölkə başçısının insanlara qayğısıdır.
Kəndimizdə xəstəxana, körpələr evi-uşaq bağçası, klub, kitabxana da fəaliyyət göstərir.
Təkcə bir arzum var: işğal altında olan torpaqlarımız sülh yolu ilə azad olunsun, qaçqın və köçkün soydaşlarımız öz yurd-yuvalarına qayıtsınlar. Onda ömrüm bir az da uzanar.
Əyyub Bəxtiyarov,
Ağkənd kəndinin sakini