2017-ci il başa çatıb. Nazirlər Kabinetinin ötən ilin sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncağında Prezident İlham Əliyevin dediyi kimi, 2017-ci ildə ölkəmiz sürətlə və uğurla inkişaf etmişdir. İqtisadi sahədə çox böyük uğurlar əldə edilibdir. Ölkədə dərin iqtisadi islahatlar həyata keçirilib. Ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz artıb və burada artım 2,5 faiz təşkil edir. Kənd təsərrüfatı 4,1 faiz artıbdır.
Dövlətimizin başçısı bildirib ki, ötən il ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub. Bu onu göstərir ki, həm yerli və həm də xarici investorlar ölkəmizə vəsait qoymaqda maraqlıdırlar.
Azərbaycanın ixrac potensialı artıb. 2017-ci ildə ixrac 19 faiz artıb.
Prezident İlham Əliyev iqtisadi sahədə qazanılan uğurlardan danışarkən deyib: “Bir sözlə, iqtisadi sahənin əsas göstəriciləri çox müsbətdir. Hesab edirəm ki, hər bir ölkə belə nəticələrlə fəxr edə bilər. Biz də fəxr edirik ki, 2017-ci ili belə gözəl nəticələrlə başa vurmuşuq.
Yığıncaqda regionların inkişafı geniş təhlil olunmuşdur. Bu barədə danışan cənab Prezident göstərib ki, keçən il o, demək olar ki, rayonların yarısında olub. Ölkə başçısı deyib: “Bu, əlbəttə ki, həm mənim üçün çox əhəmiyyətlidir, çünki mən yerlərdə vəziyyətlə tanış oluram və müvafiq göstərişlər verirəm. Bilirəm ki, bu, bölgələrdə yaşayan vətəndaşlar üçün də çox önəmlidir. Əlbəttlə ki, bu, nizam-intizamın möhkəmləndirilməsi üçün də çox önəmlidir. Çünki mən Azərbaycanın hər bir rayonunda dəfələrlə olmuşam və verilən tapşırıqların yerinə yetirilməsini də özüm şəxsən nəzarətdə saxlayıram”.
Yığıncaqda məcburi köçkünlərin problemlərinin həlli istiqamətində ötən il görülən işlərdən ətraflı söhbət gedib. Bildirilib ki, bu məsələ daim diqqət mərkəzində saxlanılır. Belə ki, 2017-ci ildə 2300 ailə-12 mindən çox köçkün yeni evlərlə, mənzillərlə təmin edilibdir. Cocuq Mərcanlı kəndinin bərpası tarixi nailiyyətdir.
Eyni zamanda, ötən il Şıxarx qəsəbəsində 1170 ailə üçün yeni şəhərcik salınıb. Şıxarx qəsəbəsi vaxtilə işğal altında olan ərazidir. Bu ərazi erməni işğalçılarından təmizlənmişdir. O yerdə yeni böyük şəhərciyin salınması bir daha onu göstərir ki, Dağlıq Qarabağ bizim əzəli torpağımızdır.
Yığıncaqdakı yekun nitqində cənab Prezident qarşıda duran vəzifələrdən danışıb və qeyd edib ki, 2018-ci il də Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün uğurlu olacaqdır. Həm ərzaq təhlükəsizliyi məsələləri həll ediləcək, həm də kənd təsərrüfatının ənənəvi olan texniki sahələri inkişaf etdiriləcək. Dövlət başçısı deyib: “Keçən il bölgələrdə pambıqçılıq, baramaçılıq, fındıqçılıq, tütünçülük, çayçılıq, çəltikçilik, sitrusçuluq üzrə müşavirələr keçirilmişdir, bir neçə dövlət proqramı qəbul edilmişdir. Biz görürük ki, bu sahələrdə çox böyük inkişaf var. Bu sahələrə göstərilən diq-qət həm iş yerlərinin yaradılmasına gətirib çıxarır, həm də ixrac potensialımızı artırır”.
Cənab Prezident öz çıxışında bölgələrdə suvarma ilə bağlı problemlərə də toxunub. Bildirib ki, bu sahədə vətəndaşlar tərəfindən qaldırılmış bütün təkliflər dövlət investisiya proqramlarında nəzərə alınıb. Ona görə də bu il bugünə qədər suvarılmayan ən azı yüz min hektar torpaqlara su gətiriləcəkdir. Bu il ən azı 300 subartezian quyusu qazılacaq.
Çıxışının sonunda Prezident İlham Əliyev bildirib ki, 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edir.
“Yeni Tərtər”