Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19Yan

    BÜTÜN CANLILARIN GÜLLƏYƏ TUTULDUĞU GÜN

    imageAzərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş qanlı 20 Yanvar hadisələrinin növbəti-28-ci ildönümünü anırıq. Sovet hərb maşınının 1990-cı il yanvarın 20-də Bakıda həyata keçirdiyi bu terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə düşüb. Hadisə 70 il ərzində sülhpərvər missiyanın daşıyıcısı kimi təbliğ olunan Qızıl Ordu barədə düşüncələrdəki mifi alt-üst etdi.
    Ölkəmizə qarsı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmis SSRİ rəhbərliyinin onlara havadarlıgından hiddətlənərək Bakı küçələrinə çıxıb buna qəti etirazını bildirən Azərbaycan xalqı azadlıq uğrunda mücadiləsini bütün dünyaya nümayiş etdirdi. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya göstərdi. Bakıya yeridilən Sovet Ordusunun 35 minlik xüsusi təyinatlı bölmələrinə, daxili qoşunlarına, Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitlərinə ancaq əzmək, məhv etmək təlqin olunmuşdu.
    “Udar” (“zərbə”) şərti adı altında keçirilən həmin dəhşətli əməliyyat SSRİ-nin Müdafiə, Daxili İşlər nazirlikləri və Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən hazırlanmışdı. Əməliyyatda əsas yer xüsusi təyinatlı “ALFA” qrupuna və DTK-nın təxribat qruplarına ayrılmışdı.
    Qanlı 20 yanvar hadisələri zamanı 137 soydaşımız öldürüldü, 700 nəfər yaralandı, 800-dən çox adam həbsə atıldı. Gunahsız insanların qətli ilə nəticələnən olay Qorbacov basda olmaqla Sovet imperiyası rəhbərliyinin Azərbaycana qarsı bağışlanılmaz cinayətidir. Təəssüf ki, cinayət hələ də cəzasız qalır…
    “…O gecə tanklar, zirehli transportyorlar Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər gördükləri bütün canlılırı güllə yağışına tuturdular. Qəfil ölüm insanları nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində belə yaxalayırdı…”.
    Qanlı yanvar gecəsinin canlı şahidləri müdhiş hadisəni belə xatırlayırlar.
    1990-cı ilin 20 yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan oğul və qızlarımız xalqımızın azadlıq, müstəqillik qazanmasına yol açdılar.
    Artıq 28 ildir yanvarın 20-ni Ümumxalq hüzn günü kimi qeyd edirik. Bakının ən yüksək nöqtəsində azadlıq uğrunda şəhid olan qəhrəman soydaşlarımızın uyuduğu Şəhidlər Xiyabanına ümumxalq ziyarəti var.
    Yanvarın 20-də Bakı vaxtı ilə saat 12.00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilir, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verir. Həmin gün ölkə ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endirilir.

    Müəllif: Redaktor, 13:48

    Teqlər:

İsmarıclar bağlıdır.