Soyuq qış günləri idi. Dağlıq Qarabağ hadisələrinin qaynar çağıydı. Bütün ölkə ayaq üstəydi. Hər evdə, hər kənddə, hər şəhərdə mövzu bir idi. Azərbaycanda intişar tapmış qüdrətli milli azadlıq hərəkatı İttifaqı qorxuya salmışdı. Ermənistan parlamenti Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi haqqında qərar qəbul etmişdi. Düşmənlərimiz, ermənilərin aşkar və gizli tərəfdarları DQMV-ni Azərbaycanın köksündə sağalmaz bir yaraya çevirməkdəydilər. Bünövrəsi 1923-cü ildə qoyulmuş bu “gec açılan bomba” işə düşməkdəydi.
Yanvarın 20-si idi. Soyuq, bomboz bir səhər açılmışdı. Blokadada yaşayan kəndimizdə bu gün toy olmalıydı. Birdən xəbər çıxdı ki, gecə Bakıda rus qoşunları qırğın törədib (neçə gün idi ki, kənddə işıq yox idi). Toy təxirə salındı. Vahid bir ürəyə dönmüş xalqın 40 günlük ələmi başlanırdı.
Bakıda sovet qoşunları Yanvarın 19-dan 20-nə keçən gecə dəhşətli bir qırğın törətmiş, azadlığa can atan, demokratiyaya, humanizmə inanan günahsız dinc sakinləri gülləbaran edərək, tankların altında qoymuş, qan dənizində boğmuşdu. Bakının küçələri qan içindəydi.
Günorta Bakının sinəsində insan ümmanı dalğalanırdı. Küçələrə, milyonların çiynində əbədiyyətə gedən şəhid cənazələrinə qırmızı qərənfillərdən örtük çəkilmişdi.
Şəhidlərini Ana Torpağa tapşıran Azərbaycan xalqı başını dik tutdu, bu dəfn mərasimini ölməzlik, məğlubedilməzlik rəmzinə çevirərək bütün dünyaya car etdi.
Mənim də örnəyim olmuş xalq müəllimi Sabir Paşayev böyük vətənpərvər idi. Yanvarın 20-də səhər-səhər Bakı qır-ğınını eşidəndə halı pisləşib. Qızı Məhəbbət həkim ona tibbi yardım göstərib, evdə dincəlməsini tapşırıb. Məhəbbət gedən kimi o şəhərə çıxıb və Bakıya yola düşüb. Kürdəmirdə maşını saxlayıb, Bakıya buraxmayıblar. Yoluna piyada xeyli davam edib və bir təsadüfi maşınla özünü Bakıya çatdırıb. Şəhidlərin dəfn mərasimində iştirak edib. (O günlər qan ürəyə can atan kimi adamlar ölkəmizin ürəyi olan Bakımıza can atırdılar. Sonra mən Sabir müəllimin Bakıya getməsini eşidəndə onun təngənəfəs vəziyyətdə yerişini təsəvvürümə gətirdim və bu mənzərə gözümün önünə gəldi).
Sabir müəllim sonra 20 Yanvar faciəsinin ildönümündə televiziyada 20 Yanvara həsr edilmiş verilişə baxarkən dözmədi, ürəyi dayandı. O da bizim 20 Yanvar şəhidimizdir.
Allah bütün şəhidlərə rəhmət eləsin, onları bütün əzəli yurdlarımızın azadlığı ilə müjdələsin, ruhlarına əbədi bir rahatlıq əta etsin!
Zabil SÜLEYMANOĞLU