Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19Yan

    150077171a2da5287f29b77474d8c4ac---htmlGecə saat 12-nin yarısı olardı. Eyvana çıxıb yuduğum paltarları sərmək istədim. Yol ayrıcında gur işıqlı boş bir avtobusun bizim evlərə tərəf gəldiyini gördüm. Avtobusda sürücüdən başqa bir kişi səsgücləndirici ilə binalarda yaşayan başıpapaqlıları yaxınlıqdakı hərbi məktəbin qarşısına köməyə çağırırdı. Əliyalın kişilər hərbi məktəbə tərəf yüyürdülər. Onlar şəhərə girən tankların qarşısını almaq istəyirdilər.
    Bakıda baş verən qandonduran faciəni səhər eşitdik. Dəhşətə gəldik. 100-dən artıq dinc sakin qanına qəltan olmuşdu.
    Səhər tezdən pay-piyada Azadlıq meydanına yola düşdük. Nəqliyyat iflic olmuşdu. Hamı şəhərə axışırdı.
    Bir təhər şəhərə çatdıq. Azadlıq meydanı insan selindən dəniz kimi dalğalanırdı. Şəhər əhli şəhidlərlə vidalaşıb, son mənzilə yola salmağa gəlmişdi. İnsanlar kimi hava da hüznlü və tutqun idi. Yol-iriz qırmızı qərənfillərlə örtülmüşdü. Meydandakı küknar ağaclarında qırmızı qərənfillər açmışdı.
    Şəhidlərin qırmızı qərənfillərə bələnmiş cənazələri çiyinlərdə meydana gətirildi. Qadınların fəryadı ərşə dayandı. İnsan seli dalğalanırdı. Hamı qırğını törədənləri lənətləyirdi. Kişilər cənazələri hökymət evinin qabağından qaldırıb, üzü yuxarı o zaman “Dağüstü parka” tərəf irəliləyirdilər…
    Az.TV-nin efiri açılanda xəbərləri izlədim. Hadisələrlə dolu kadrlara baxanda insanın qanı donurdu. Və kadrların birində xalam qızını gördüm. Onun yoldaşı “Salyan kazarma”sının yaxınlığında yaralanmışdı. Ertəsi gün Semaşko xəstəxanasına getdik. Xəstəxana yaralılarla dolu idi. Tanıyanlar da, tanımayanlar da yaralılara baş çəkirdilər. Dərdlərinə şərik olurdular, yardım edirdilər. Xalam qızının yoldaşı müalicə olunsa da, ömürluk şikəst qaldı.
    İş yoldaşım Əli Xudaverdi oğlu Həsənov “Gənclik” ərazisində bir yaralıya kömək edərkən, başından güllə yarası almış, şəhid olmuşdu. 26-27 yaşı olardı. İki uşaq atası idi.

    Həqiqət Qarabağlı,
    Bakı şəhəri

    Müəllif: Redaktor, 13:25

    Teqlər:

İsmarıclar bağlıdır.