“Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 dekabr 2017-ci il tarixli sərəncamının icrası ilə bağlı Müdafiə nazirinin əmrinə əsasən birlik, birləşmə və hərbi hissələrdə tədbirlər həyata keçirilir. Tərtər şəhərində keçirilən təntənəli yolasalma mərasiminin iştirakçıları əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Müdafiə Nazirliyinin əməkdaşı, Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani tədbir iştirakçılarına Müdafiə Nazirliyi rəhbərliyinin təbrikini çatdırıb. Qeyd olunub ki, hazırda respublikanın bütün şəhər və rayonlarının çağırış məntəqələrində Vətən oğullarımız böyük həvəslə hərbi xidmətə yollanırlar. Xidmətini müvəffəqiyyətlə başa vuran gənclərimiz isə mənəvi və fi-ziki cəhətdən daha da möhkəmlənərək ordu sıralarından ehtiyata buraxılırlar. Tərtər rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Ramiz Şabanov ehtiyata buraxılan gənclərə tərtərlilər adından uğurlar arzulayıb. Aprel döyüşlərinin şəhidi Nicat İsgəndərovun atası Bəhruz İsgəndərov hər bir əsgərin timsalında oğlunu gördüyünü və onların tezliklə şəhidlərimizin intiqamını alacağına əminliyini bildirib. Tərtər şəhər Cümə Məscidi Dini İcmasının sədri Sadiq Cəfərov, birlik komandirinin müavini polkovnik-leytenant Babək Səmidli və vaxtilə hərbi hissədə tabor komandiri kimi xidmət etmiş, müharibə veteranı Pənah Məmmədov vətən sevgisindən danışıblar.
Ehtiyata buraxılan hərbi qulluqçular adından əsgər Vaqif Qarayev silah, dəmir dəbilqə və zirehli gödəkçəsini estafet rəmzi olaraq gənc əsgər Xəyyam Quluzadəyə təqdim edib.
Əsgərlərə hədiyyələr və fəxri fərmanlar təqdim edilib. Mərasim konsert proqramı ilə sona çatıb.
“Yeni Tərtər”