LAQEYDLİK TƏNQİD OLUNDU
Cari ilin yanvar ayının əvvəlindən başlayaraq Tərtər RİHB-nin şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərində 2017-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncaqları keçirilir. Yığıncaqlarda görülmüş işlər tənqid və özünütənqid şəraitində təhlil olunur, qarşıda duran vəzifələr müəyyənləşdirilir. Tədbirlərdə kənd sakinləri ilə yanaşı şura üzvləri, rayon icra hakimiyyəti aparatının nümayəndələri iştirak edirlər. Söylənilən hər bir fikir, təklif və tövsiyə diqqətlə dinlənilir və nəzarətə götürülür.
Qaradağlı kənd İƏD üzrə icra nümayəndəliyində ötən ilin yekunlarına dair hesabat yığıncağı keçirildi.
Tədbiri giriş sözü ilə açan kənd icra nümayəndəsi Razil Məmmədov hesabat məruzəsi ilə çıxış etdi. Qeyd olundu ki, nümayəndəlik iki kəndi–Qaradağlı və Təzəkənd kəndlərini əhatə edir. Ərazisi 1484 hektardır. Burada həmçinin 33 məcburi köçkün və qaçqın ailəsi məskunlaşmışdır ki, onlar da 127 nəfər soydaşımızı özündə birləşdirir. Ərazidə tam orta məktəb, ümumi orta məktəb, 90 yerlik körpələr evi-uşaq bağçası, həkim ambulatoriyası, mədəniyyət evi, 2 kitabxana, poçt-rabitə şöbəsi fəaliyyət göstərir.
Əhalinin əsas məşğuliyyətini əkinçilik və heyvandarlıq təşkil edir. 2017-ci ilin iyun ayında hər hektara 50 manat olmaqla 514 istehsalçıya cəmi 48139 manat kompensasiya verilmişdir.
Ötən il nümayəndəliyin ərazisində 400 nömrəlik Elektron Avtomat Telefon Stansiyası quraşdırılmışdır. Ancaq kənd sakinlərinin istəyi budur ki, kənddəki hər bir evə telefon xətti çəkilsin. Həmçinin camaatın çoxdan arzusunda olduğu işlərdən biri də kəndin qazlaşdırılması idi. Onların bu arzusu da çin oldu, evlərə mavi yanacaq verildi. Kənddən keçən magistral asfalt yol təzələnmiş və xeyli genişləndirilmişdir.
Məruzəçi yaxşı işlərlə yanaşı nöqsanlardan da danışdı. Göstərdi ki, kənd mədəniyyət evinin, klubun əsaslı təmirə ciddi ehtiyacı var.
Hesabat yığıncağında çıxışlar oldu. Qaradağlı Bələdiyyəsinin sədri Novruz İbrahimov, Qaradağlı kənd tam orta məktəbinin direktoru Eldəniz Ələsgərov, Təzəkənd kənd ümumi orta məktəbinin direktoru Azər Həsənov, kənd ağ-saqqalı Bayram Orucov, həkim məntəqəsinin işçisi İradə Əliyeva, kənd sakini Pərviz Nəcəfov çıxışlarında işıqların tez-tez sönməsindən, kənddəki Şəhidlər Xiyabanına baxımsız münasibətdən, kənddə bankomatın, Təzəkənd kənd ümumi orta məktəbində telefon xəttinin olmamasından, kənd camaatının bələdiyyə vergilərini vaxtlı-vaxtında verməməsindən və digər məsələlərdən danışdılar.
Tədbirdə iştirak edən rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov çıxış edərək son bir ildə rayonun sosial-iqtisadi inkişafında əldə olunan nailiyyətlərdən və həyata keçirilən məqsədyönlü tədbirlərdən, Qaradağlı kənd İnzibati Ərazi Dairəsinin fəaliyyətindən, işdə yol verilən laqeydlik hallarından danışdı və qarşıda duran məsul vəzifələri şərh etdi.
“Yeni Tərtər”