Təsərrüfatın yaxşı gəlir gətirən sahələrindən biri də tingçilikdir. Bizim Ələsgərli, Bayandur və Yenikənd kəndlərində əksər insanlar əsasən ting əkib becərir, onları calayır, sonra ilin payız, qış fəsillərində tingləri bazara çıxarıb satırlar. Tingçilikdən, calaqçılıqdan yaxşı qazanc götürür, ailə büdcələrini bu hesaba möhkəmləndirirlər.
Ələsgərli kəndində Əbil Əliyevi hamı yaxşı təsərrüfatçı, işgüzar bir əmək adamı kimi tanıyır. İxtisasca aqronomdur. Hər il 3 hektar sahədə ting əkir, calayır və becərir. Bu ailə ata-babadan tingçiliklə məşğul olub. İndi də bu peşəni ailənin böyük oğlu Əbil davam etdirir. İşlərin görülməsində ona bütün ailə üzvləri kömək edirlər.
Əbil hər il həyətyanı torpaq sahəsində 80-100 min müxtəlif növ ağac tingi becərir. Bu tinglər içə-risində müxtəlif növ meyvə, yaşıl dekorativ bəzək ağacları, Eldar şamı, zeytun, badam çoxluq təşkil edir.
İxtisasca aqronom olan Məhəmməd Şirinovu, peşəkar calaqçı Süleyman Əhmədovu təkcə bizim ərazidə deyil, rayonumuzda bacarıqlı, işini yaxşı bilən tingçi kimi tanıyırlar.
Haqqında söhbət açdığım bu zəhmətkeş əmək adamlarının hər biri ildə 40-50 min ting calayıb onlara həvəslə qulluq edir.
Bildirim ki, birinci il hər hansı ağacın tumu torpağa basdırılır. İkinci il calanır, üçüncü il isə həmin tinglər satışa çıxarılır.
İlin payız fəsli başlayandan ta indiyədək əvvəlki illərdən hasilə gətiririlən tinglərin satışı davam edir.
Kamran ƏHMƏDOV,
Ələsgərli kənd İƏD üzrə icra nümayəndəsi