Yeni il ərəfəsində rayonumuzun Tarix-Diyarşünaslıq Muzeyində “İtkinlər anılır” adlı tədbir keçirilib. Mərasimdə Tərtərdən və qonşu rayonlardan itkin düşmüş şəxslərin ailə üzvləri, Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid ailələri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda mübarizədə şəhid olanların və itkin düşənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra muzeyin direktoru Aybəniz Məmmədova ölkəmizdə itkinlərin anılması, axtarışı ilə bağlı həyata keçirilən tədbirlərdən danışıb.
Bu mövzu ilə əlaqədar Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşı Vaqif İsmayılov ətraflı məlumat verib. O bildirib ki, 2009-2011-ci illərdə Beynəlxalq Qızıl Xaç Komitəsi itkinlərlə bağlı geniş proqram həyata keçirib. Bu işə yüzlərlə könüllü cəlb olunub. Onlar itkin düşmüş şəxslərin ailələrinə baş çəkərək, hər biri haqqında ətraflı məlumat toplayıblar. Hazırda işin növbəti mərhələsi davam edir. Məqsəd bu insanların taleyinə aydınlıq gətirməkdir.
Beynəlxalq Qızıl Xaç Komitəsinin Ailələrin Şəbəkəsi Proqramının region üzrə koordinatoru Ətrabə Məmmədova tədbir iştirakçılarını Yeni il və Dünya Azərbaycanlılarının Həmrəlik Günü münasibətilə təbrik edib. Qeyd edib ki, ailə üzvünün itkin düşməsi müharibənin insanlara gətirdiyi böyük bəlalardan biridir. Bu cür ailələrə dəstək olmaq, itkinləri anmaq məqsədilə BQXK tərəfindən müxtəlif tədbirlər həyata keçirilir.
Mərasimdə Qızıl Aypara Cəmiyyəti Tərtər rayon şöbəsinin sədri Etibar Heydərov, Ağdam rayonundan itkin ailələrinin üzvləri Məlahət Quliyeva, Amalya Əliyeva, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova, Tarix-Diyarşünaslıq Muzeyinin elmi işçisi Xuraman Məmmədova itkin ailələrinə mənəvi dayaq olmağın böyük əhəmiyyətindən danışıblar.
Rəsmi hissədən sonra Aybəniz Məmmədova qonaqları Tərtərin tarixini əks etdirən zəngin eksponatlarla tanış edib. İtkin ailələrinə Yeni il hədiyyələri verilib. Sonda xatirə şəkli çəkdirilib.
“Yeni Tərtər”